Neftçilərin dincəldiyi köşk dənizə düşüb (Yenilənir)

İki nəfərin öldüyü bildirilir

Source:
Neft estakadası
Neft estakadası


***


12.41. Dövlət Dəniz Administrasiyası: Qəza yerinə altı gəmi yönəldilib

Dövlət Dəniz Administrasiyası Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov APA-ya bildirib ki, bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən Səngəçal Estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.

“Baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər – “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” öncə hadisə yerinə yönəldilib.

İkinci mərhələdə isə “Caspian Provider”, “ Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb ediliib.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır”, – deyə T. Müseyibov qeyd edib.


***


FHN: Dənizdə estakadanın uçması nəticəsində itkin düşənlərin axtarışlarına başlanıb

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “Vixr-5” və “Vixr-8” gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.

Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.


***


İki nəfərin öldüyü bildirilir

“Gecə saatlarında “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadada neftçilərin dincəldiyi köşk dənizə düşüb. İçəridə 14 nəfər işçi olub. Aldığım ilkin məlumata görə, 2 nəfərin cəsədi tapılıb. Qalan 12 nəfər itkin düşüb”, – Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı öz “Facebook” səhifəsində belə yazıb.

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Azneft” İB ilə əlaqə saxlayıb. Qurumdan buna cavab verə bilməyəcəklərini deyiblər:

“SOCAR bununla bağlı açıqlama yayacaq. Biz nəsə deyə bilmirik”.

SOCAR baş vermiş hadisə ilə əlaqədar ilkin məlumat yayıb. Məlumatda deyilir ki, dekabrın 15-i səhər saat 5 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub:

“Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış köşkünü də uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb”.

SOCAR itkin düşənlərin adlarını da açıqlayıb:

1. Güloglan Zülfüqarov – maşinist

2. Azay Zülfüqarov – operator

3. Vidadi Qurbanov – operator

4. Elçin Həsənov – mexanik

5. Həsənağa Hacıəliyev – operator

6. İlham Qafarov – operator

7. Samir Əsədov – operator

8. Cavid Bəhrəmov – operator

9. Ramiz Abbasov – maşinist

10. Qorxmaz Rüstəmov – operator

“Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və ”Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”, – SOCAR-ın yaydığı məlumatda deyilir.

Ana səhifəXəbərlərNeftçilərin dincəldiyi köşk dənizə düşüb (Yenilənir)