Neftçi oğlunun xatirələri

Hər dənizə gedəndə qucaqlayıb, iyləyirdi məni…

Source:
İnsan və neft
İnsan və neft



Xəzər dənizində “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş hadisə (faciyə) nəticəsində itkin düşmüş neftçilərə… bu günə kimi Xəzərdə həlak olmuş neftçilərə… babama… ithaf edirəm. Allah rəhmət eləsin!

Digər yazılarımdan fərqli olaraq, bu məcmuənin üzərində işləyərkən çətini ilk cümləni yazmaq oldu. Bir də içimdə aşıb-daşan emosiyalarımı cilovlayıb, titrəyən əllərimi tarazlamaq. Yazının ardı isə özü-özlüyündən gəldi. Orijinal epitetlər, pafoslu cümlələr axtarmağa, başımı tutub otaq boyunca var-gəl eləməyə ehtiyac olmadı. Sanıram, bu, haqqında yazacağım mövzunu dərindən bilməyimdəndi. Çünki bu məqalə dünən, bu gün yazılmayıb, bu yazı mənim qanımdadır, bu yazı 50-60 il bundan qabaq artıq yazılmışdı.

Hələ rəhmətlik babam dənizdə, neft buruğunda “pombur” işləyən vaxtlarda. Onun da ölümü bir növ dənizlə, neftlə bağlıdır. Böyük olmayan gəmi ilə növbədən evə qayıdarkən bərk qasırğaya düşüb, 5-6 saat gəmi göyərtəsində, qışda, küləkdə batmaq təhlükəsi olan gəmidə iş yoldaşlarını və özünü xilas edərkən, bərk soyuqlayıb sonradan ağ ciyər sətəlcəmindən dünyasın dəyişib.


Rəhmətliyin həmişə dənizdən zəhləsi gedərdi. Üzməyi də bacarmırdı. İndi onun hər dəfə işə gedib-gələrkən nələr çəkdiyini anlayıram. Uşaqlarına, ailəsinə görə gedirdi. Otuz il nifrət elədiyin işi görmək dəhşətdir. Axırıncı dəfə onun Bibiheybət qəbiristanlıqında qəbrini ziyarət edənkən, fikir verdim ki, başdaşı düz dənizə baxır. Düşündüm ki, kişi burada da sevmədiyi Xəzərlə üz-üzədir.

Babamın Xəzərdə digər neftçilərlə birgə dolaşan ruhundan halallıq alıb yazıram bu yazını.

Bütün səylərimə baxmayaraq, tale elə gətirdi ki, mən də babam, atam və əmim kimi neftçi oldum. Üçüncü nəsil də neftçi. Azərbaycanda bizim ailəmiz kimi on minlərlə neftçi dinastiyaları var. Onlarda atadan-oğula neçə illər bu peşə sayəsində öz ailələrini dolandırıblar. Bəzilərinin Salahovun rəsmlərindən, Abdulla Şaiqin hekayəsindən, AzTv-nin qızıl fondundakı kinolardan tanıdığı neftçi həyatı, neftçi obrazı gözümü açandan bizim evimizdə, mənim yanımda olub.

Neftçiləri birləşdirən bir oxşarlıq var. Bu xüsusiyyətə görə onları min nəfərin içindən seçmək olur. Birincisi, peşələrinin çətinliyi onları xasiyyətcə sərt edir. Birdə ki, onların arxasıyca həmişə gözlər dikilir. Əmim ömrünün 40 ilini dənizdə neftçi işləyib. Həmişə də soruşanda, deyir mən işləməmişəm, mən can qoymuşam. Sağlamlığımı, cavanlığımı itirmişəm. Aldığım da qanpulu olub. Atam təqaüdə çıxana qədər son iki ili həmin “Günəşli”-də, 10-cu platformada işləyib. Elə hadisə olan günü mən birinci ona zəng vurdum. Kişi“külək olmasa idi, təlafat yəqin ki, heç olmazdı” dedi. Amma, dənizdə bərk Şimal küləyi var…-deyib, telefonda susdu.

1956-cı ildə Neft Daşlarında güclü qasırğa nəticəsində 20 nəfər dənizə düşərək həlak olmuşdu. Neft Daşlarında onların şərəfinə monument var. Müstəqillik dönəmində üç dəfə helikopter düşüb. Hər il demək olar ki, bir-iki nəfər dünyasını dəyişib. Amma sözsüz ki, “Günəşli” faciəsi bunların arasında daha çox kütləvi itkiyə səbəb olan bir hadisədir.

Azərbaycanda neftçilər xasiyyətcə oxşar olsa da, onları fərqləndirən əsas cəhət var. Bu, onların iki müxtəlif qütbdə işləməsidir. Birincilər yerli SOCAR-şirkətində işləyirsə, ikincilər BP şirkəti üçün çalışan xarici şirkətlərdə. Beləliklə, bir ailənin üzvləri işdən ayrı-ayrı əhval ruhiyyədə qayıdır. Babam, atam, əmim və mən birlikdə yüz ildən çoxdur neft sənayesindəyik.Təkcə mənim Allah üzümə baxıb ki, elə ilk gündən bu günəcən xaricilərdə işləmişəm.

BP və SOCAR iki ayrı sistemdir. Onların arasında fərq Yerlə Mars arasındakı məsafə kimidir. Birincisi Qərb sivilizasiyasının məhsuludur, kapitalist-avropalı düşüncəlidir, işində tələbkar, kökündə sistemləşmiş, insan həyatının təhlükəsizliyini prioritet eliyən nəhəng şirkətdir. Üstəgəl, ingilis pedantlığı. Əsrin kontraktından sonra, bu illər ərzində BP-nin platfromalarında ölümlə sonlanan cəmi iki insident olub. Birinci də iki nəfər, ikincidə bir nəfər suya düşərək, həlak olub. Bir dənə də olsun, helikopter dənizə düşməyib.

İkincisi, böyük imperiyanın süqutundan sonra yaranan yerli foedal şirkət. O şirkət ki, rəhbərlərinin beynindən köhnə Sovet stili tam sovulmayıb. Hələ də “sex-naçalnik” səviyyəsində ilişib qalıblar. Şirkətin emblemi altında isə nə işlər görülür, onu bir Allah bilir. Ofşorda çirkli puların yuyulmasından tutmuş, tonlarnan “solyarka”nın satışına qədər. Yəni tipik Sovet siyasəti ilə dolanan müəssisə. Əsas devizləridə ki, “başqalarının oğurlayıb, sata bilmədiyini sən sat”, “tutulmamısan oğru deyilsən”, “altda qalanın canı çıxsın”.

SOCAR –ın əməkdaşlarının BP- nin işçilərindən ən başlıca, gözə girən fərqi, onların barmaqlarıdır. Bəli, bəli, mən zarafat eləmirəm, SOCAR-da demək olar ki, hər ikinci işçinin bir və yaxud iki barmağı yoxdur. Elə mənim öz atamın bir barmağı işdə kəsilib. Atamın, əmimin bütün danışdıqların yadıma salsam, vallah, vərəq çatmaz. Bu bir məqalə yox, roman olar. Deməynən, danışmaqnan,sadalamaqnan qurtarmaz.

Düzdür, hadisələrin əksəriyyəti Sovet vaxtına təsadüf edir. Yadda qalan ən təsirlisi, 90-cı illərin sonu, bərk külək olduğundan platformada yemək qıtlığı yaranmışdı. Gəmi buruğa yan alıb insanları götürə bilmirdi. Buruğun briqadası suiti, yəni dəniz pişiyi vurub, üç gün dolanıblar. İçkili vertolyot sürücüləri, platformada xüsusi geyimsiz işləmək, futbol oynamaq kimi hadisələr Sovetlər dönəmində çox olub.

Xatirələrim tükənməzdir. Kasıb və boz uşaqlıq illəri gəlir gözümün qarşısına. Min cür qoxu düşür yadıma. Atamın cod tüklü sifəti, qabar, kəsik-kəsik olan barmaqları, yorğun, bikef halı. Mazut, balıq qoxuyan paltarları. “Bizim Cəbiş müəllim“ filmində Muxtar Manıyev çox dəqiq yaradıb bu obrazı.

Deyirdi, bütün həftəni tor dartmışıq, balıq tutmuşuq. Bu ölkədə neftçilərin maaşı, həyat yaşayışı heç vaxt yaxşı olmayıb. İki həftəlik növbədən evə qayıdan atam üç günlərnən özünə gələ bilmirdi. Deyirdi, meyid çıxartmışam, başına boru düşmüşdü, ya buruğun qülləsindən yıxılıb, ya tok vurub, bir dəfə bir rus qazmaçı özünü otaqdan asmışdı. İnsanlar buruğlarda özlərini asırdılar. Köhnə, paslanmış platformalar yeyirdi beyinləri. Amerikanın bəzi ştatlarında beş il dənizdə iş təcrübəsi olan şəxs, məhkəmədə ifadə verə bilməz. O artıq psixoloji durumu sağlam olmayan sayılır.


Qonşumuz deyirdi ki, mənim dənizdə iş yerim türmənin filialıdır. Türmədən heç nə ilə fərqlənmir. Bir yerdə ki, adi ayaq yolu, taxta yeşiklərdən düzəldilib, orada nə olmalıdır. İnsanlar əldə düzəlmə tualetdə olarkən, neçə kərə güclü küləkdən tualet uçub, biabırçılıq yaşanıb. Uşaq vaxtı kefli atamın dəniz hekayələrinə gülərdim, elə o özü də zarafatla danışardı ki, ürəyimizdə narahatçılıq yer almasın. Amma indi onun hansı təhlükə ilə qarşılaşdığını dərk edirəm. Və hər dəfədənizə, növbəyə getməmişdən qabaq, dəhlizdə bizi nə üçün bərk-bərk qucaqladığını, niyə məni bağrına basıb, təpədən dırnağadək iylədiyini anlayıram.

Həmin gün o faciyəni yaşayan neftçilərdə,özləri ilə dənizə çəkib apardığı bala qoxusun yada salırdılar. Remark yazırdı ki, ən gec unudulan qoxulardır.

Güman edirəm “Günəşli” faciyəsinə görə yenə əsas fiqurlar cəza çəkməyəcək. Necə ki, may ayında hündürmərtəbəli evin yanğını zamanı. Odlar diyarında alov bizə düşmən kəsilib, ay millət. Əvvəl qarabağ qazimiz, sonra bina, indidə platforma.

SOCAR-ın kadr, şirkətdə yerlibazlıq mafiyası, özbaşnalıq, səriştəsizlik, rüşvətlə işə düzəltmək, rəhbər şəxslərin işçilərlə davranış etikası, işçi hüquqlarının pozulması, lazımi təlimlərin keçirilməməsi, köhnə yataqların işlənməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması, isitsmar vaxtı keçmiş platformaların rekonstruksiya olunmaması, iş yerinin şəraitsizliyi, işçilərin işdən-evə, evdən-iş yerinə çatdırılması üçün tələb olunan nəqliyyatın yoxluğu, əmək məvaciblərinin aşağı olması, düzgün avadanlıqla təmin olunmamaqları, xüsusi stimullaşdırıcı məvaciblərdən məhrum olunmaqları, yarımçıq tibbi sığorta, həmkarlar ittifaqının yararsız, formal olması haqqda uzun-uzadı yazmaq olar.

Hamımız balaca bir şəhərdə yaşayırıq və bu işin içində olanlar mənim sözlərimi təsdiqləyə bilər. Bu üzdən mən ölkədə fəaliyyət göstərən xarici şirkətlərlə SOCAR arasında paralellər aparmağı mənasız görürəm.

Dərd odur ki, bütün yerli şirkətlərdə oxşar problemdir. “Allah kərimdir” deyib, işləyirlər. Harda qırıldı-qırıldı taktikası düzgün deyil. Sizi inandırıram ki, təhlükəsizlik qayda-qanunlarına vaxtında, yerində əməl olunsaydı, lazımı vəsait sərf edilsəydi, “Günəşli”-də bəlkədə tələfat bu dərəcədə olmazdı. Başdansovdu iş görmək, hər işi yolaverdi deyib, etmək axırımıza çıxacaq.

Elə dediyimiz, yazdığımız, boğazcıranlığımız özümüzə qalır. Ölkədə yerli şirkətlərdə işləyənlər Soljenisının “İvan Denisoviçin həyatından bir gün” hekayəsinin qəhrəmanı Şuxov kimidirlər. Səhər açılandan gün batana öz canını fikirləşır ki, necə edim ki, həm sağ qalım, salamat evimə dönüm, həm işim getsin, həm də müdriyyətin gözünə görünməyim.

Hadisə günü yerli telekanalizasiyaların susmağı isə…söz tapmaq olmur. Bilmirsən, buna nə ad qoyasan. Vallah, yorulmuşam bu ölkədən…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəNeftçi oğlunun xatirələri