Neft və milyonlar səltənəti

MTN və ətrafında baş verən hadisələrin istintaqı ilə əlaqədar olaraq ictimaiyyətə hər gün yeni faktlar məlum olur

Source:
Yadigar Sadıqov
Yadigar Sadıqov
Yadigar Sadıqov
Yadigar Sadıqov

MTN və ətrafında baş verən hadisələrin istintaqı ilə əlaqədar olaraq ictimaiyyətə hər gün yeni faktlar məlum olur. Bir neçə gün əvvəl açıqlandı ki, MTN-in sabiq idarə rəisi Akif Çovdarovun üzərinə həbs qoyulmuş əmlakının dəyəri 32 milyon 256 min manat təşkil edir.

Daha sonra sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun istintaqa verdiyi ifadəsindən parçalar üzə çıxdı. Keçmiş nazir ailəsinin aylıq xərclərinin 300 min manata qədər olduğunu söyləyib. Bundan əlavə, Əli Abbasovun vəkillərindən biri bildirmişdi ki, müvəkkili 7 milyon manata yaxın məbləği “istintaqa ödəniş edib”. Lakin bu məbləğin nəyə görə ödənildiyi bilinmədi.

Maraqlısı odir ki, keçmiş nazir bu ifadəni verəndən sonra həbs olunmayıb, əl-qolunu sallayaraq evinə gedib. Halbuki, həbsxanalar 700 manatdan artıq məbləğdə oğurluq etdiklərinə görə 3 ildən 7 ilə qədər həbs cəzası almış insanlarla doludur.

RYTN-nin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovun ifadəsi daha maraqlıdır. Burada ölkədəki rüşvət piramidası və ictimaiyyətə çoxdan məlum olan “paket sistemi” daha aydın izah olunur. İfadədən müəyyən parçaları sitat gətirmək mövzunu anlamaq üçün çox mühümdür:

“Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəisi Beytulla Hüseynov 2009-cu ildə mənə ayda 200.000 manat, sonradan birliyin gəlirləri artdığından 2012-ci ildə aylıq olaraq 300.000 manat, bəzi hallarda, yəni həmin ilin yanvar-fevral aylarında 500.000-600.000 manat məbləğində pul verib… “Azərpoçt” MMC-dən hər ay təqribən 50 min manat, Məlumat Hesablama Mərkəzindən hər ay 50 min manat, Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzindən isə 220.000-240.000  manat məbləğində pul verilib…  Qoyulmuş qaydaya görə həmin idarələr tərəfindən verilən pulların 25-30 faizi onların özlərinə verilib. BTRİB və “Aztelekom” MMC üzrə verilən aylıq puldan onlara verilməyib. Belə ki, onların fəaliyyət sahələri nisbətən geniş olub. Müəyyən olunmuş aylıq pul vəsaitlərini verdikdən sonra qalan vəsaitlər onlara qalıb. Bu qayda ilə həmin idarələrə ayda təxminən 50.000-100.000 manat pul qalıb.

Qeyd olunan ödənişlərlə bağlı hər birliyin və idarənin rəhbəri nazirə əvvəlcədən məlumat verib və verəcəkləri pulun miqdarını onunla razılaşdırıblar. Onda toplanan pullar isə nazirin göstərişi ilə paylanılıb. Nazirin tapşırığı ilə bir il yarım ərzində həmin puldan hər ay 50.000 ABŞ dolları MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevə onun sürücüsü, 2011-ci ildən başlayaraq isə hər ay 100.000 ABŞ dollarını MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanova sürücüsü vasitəsi ilə göndərib. Bundan əlavə, hər ay toplanan puldan 200.000-300.000 manat nazirin şəxsi işlərinə sərf olunması üçün onun özünə verib. 520.000 manat isə nazirliyin şöbə rəisləri vasitəsi ilə nazirliyin əməkdaşlarına paylanılıb.

Bundan, əlavə həmin puldan hər ay əvvəllər 30.000 manat, son iki ildə isə 50.000 manat onun özünə ayrılıb və ona verilib. Nazir müavinlərinə ayda əvvəllər 15.000-20.000 manat, son iki ildə isə hər birinə 30.000 manat verib”.

İfadədə bəhs edilən aşağı strukturlara geri qaytarılan 25-30%, özlərində qalanlar, əməkdaşlara paylanılanlar söügedən “paket sistemi”nin detallarıdır.

Bu iş ətrafında daha əvvəllər də bəzi məlumatlar sızırdı. Xüsusən də Akif Çovdarovun pul qopardığı adamlar və epizodlar haqqında. Bələdiyyə sədrindən, sahibkardan tutmuş daha yuxarı eşalonlara qədər çoxunun adı keçirdi. Hamısını yadda saxlamaq qeyri-mümkündür (maraq üçün google-da “Akif Çovdarov alıb” yazaraq axtarış verdim, 277 min nəticə çıxdı). Lakin bir epizod qurbanın populyarlığı üzündən daha böyük rezonans doğurdu.

Söhbət Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan alınan 3 milyondan gedir.

İndi isə adıkeçən insanların statuslarına nəzər salaq. Akif Çovdarov yazdığımız kimi, MTN-də Baş idarə rəisi olub. Yəni hakimiyyətin ierarxiyasını tərtib etməyə çalışsaq, ilk yüzlükdən çox uzaqda olan bir vəzifə sahibi olub. Amma 32 milyon manatdan artıq dəyərdə sərvət sahibidir. Qeyd edək ki, bu yalnız istintaqa məlum olandır və generalın şahanə həyatının qaytarılmaz xərclərini əhatə etmir.

Tağı Əhmədovun vəzifəsinin isə hakimiyyət ierarxiyasında ilk minliyə düşəcəyi şübhə doğurur. Lakin bu, ona milyonçu olmaqda mane olmayıb. Hakim Yeni Azərbaycan Partiyasının Yasamal təşkilatının sədri olan Tağı Əhmədov bu işdə zərərçəkən sayılır və onun əmlakı siyahıya alınmayıb. Buna görə də bütün sərvətinin həcmini söyləmək mümkün deyil. Hərçənd, bir ara mətbuatda müflisləşən “Texnikabank”da 8 milyon manatının batdığı yazılırdı.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə bir çox digər qurumlardan fərqli olaraq korrupsiyalaşmış imicə malik deyildi. Bəlkə də bu, onunla bağlıdır ki, nazirliyin vətəndaşlardan rüşvət almaq imkanları məhduddur. Nə hüquq-mühafizə, nə də vergi və gömrük qurumudur. Hətta metropoliten kimi ticarət obyektlərindən də pul yığmır və ya ünvanlı sosial yardım ayırmır. Bununla belə, görünür ki, nazirlik rəhbərliyi heç də kasıb yaşamırmış. O da var ki, bir çox informasiyalı şəxslər nazirin ayda 300 min, müavinin isə 30-50 min manat almasını gerçəklidən çox aşağı rəqəm olduğunu söyləyirlər. Nazirin qaytardığı 7 milyon manat da bu iddianı təsdiq edir.

Amma 300 mini gerçəklik kimi qəbul etsək belə, aydın olar ki, nazir günə 10 min, saata 416, dəqiqəyə 7 manat pul qazanırmış.

İndi isə bu rəqəmlərin fonunda sadə ölümlülərin yaşayışına nəzər yetirək.

Son məlumatlara görə, Azərbaycanda orta aylıq əmək haqqı 490 manat olub. Yəni vergiləri və sosial ödənişləri çıxsaq, nazirin 1 saata qazandığından az. Ölkədə isə minimum əmək haqqı 105, əhalinin orta yaşayış minimumu 136 manatdır. I qrup əllillər 165 manat, II qrup 143 manat, III qrup isə 110 manat müavinət alır. Qarabağ veteranlarının müavinəti 55 manat təşkil edir, yəni nazirin 8 dəqiqəlik qazancı.

1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına, İkinci Dünya Müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 110 manat təşkil edir.

Mütəmadi olaraq mətbuatda şəhid ailələrinin və hərbi xidmət əlillərinin sığorta pulu almaqda çətinlik çəkmələri haqqında məlumatlar gedir. Xatırladım ki, şəhidin ailəsinə sığorta pulu 11 min manat, birinci qrup əlil olanlara həmin məbləğin 80 faizi – 8800 manat, ikinci qrup əlil olanlara 60 faizi – 6600 manat, üçüncü qrup Qarabağ əlillərinə 40 faizi – 4400 manat ödənilməlidir. Ödənilən bədəl müqabilində çox kiçik məbləğdir. Şəhidlik müqabilində ailənə nazirin 1 günlük qazancından bir qədər artıq verilir. Amma onu almaq üçün də mücadilə etməlisən. Bu zaman da tam alacaqsan, ya bir qismini bölməli olacaqsan – mübahisəlidir.

Cari ilin əvvəlində dövlət başçısının verdiyi sərəncamla “bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən” edilib. Yeni doğulan uşağa görə birdəfəlik 90 manat subsidiya verilir. Aylıq uşaq pulu, yanılmıramsa, 2006-cı ildə ləğv edilib. O vaxta qədər isə düz 1 manat 80 qəpik olub.

Müəllim və həkimlərin orta aylıq əmək haqqı 220 və 170 ABŞ dolları həcmindədir. Mədəniyyət, rabitə, ekologiya və digər sahələrdə çalışanların əmək haqları ya eynidir, ya da daha aşağıdır. Ölkədə bütün pensiyaların orta aylıq məbləği 190 manatdır.

Ölkədə minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyindən təhsildən imtina edib, ya da yarıda dayandırıb. Hər il sentyabrda məktəbə getmək üçün yeni paltarı olmayan uşaqların intihar xəbərləri gəlir. Eyni səbəblərdən məktəbdən faktiki imtina edənlərin sayını isə heç kəs bilmir. Lakin minlərlə olduğunu təxmin etmək olar. Banklara kredit borcu və digər sosial problemlər üzündən intihar edənlərin statistikasını kimsə aparmır.

Yüzminlərlə gənc işsiz, evsiz, ümidsiz.

Bütün bunlar Konstitusiyasına “sosial siyasət yürüdülür” yazılmış dövlətdə baş verir. O dövlətdə ki, deputatı, özü də parlamentin Sosial siyasət komissiyasının sədri “Qarabağ veteranı niyə avtobusa 20 qəpik verməməlidir?” deyə soruşur. Naziri günə 10 min manat qazanan, ierarxiyada minliyə daxil olmayan məmurun milyonçu olduğu və belələrinin heç də istisna olmadığı dövlətdə. Neft və milyonlar səltənətində…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəNeft və milyonlar səltənəti