Rəqəmlər bölgələrdə xəstəliklərin səviyyəsini göstərir
Mədən sənayesi hasilatı Azərbaycana milyardlar qazandırsa da, on minlərlə insanın həyatı və sağlamlığı üçün təhlükə mənbəyinə çevrilib. İxracatının 90 faizini neft və qaz gəlirləri hesabına formalaşdıran Azərbaycan COP29 konfransında 2030-cu ilə qədər yaşıl layihələrə 1,2 milyard ABŞ dolları məbləğində vəsait ayırmasına dair öhdəlik götürüb. Bu, hələ ölkənin özəl sektorunun – bank sektorunun ayıracağı maliyyədir. Bundan əlavə, dövlət büdcəsi, beynəlxalq maliyyə təşkilatları tərəfindən də yaşıl layihələrə böyük vəsaitlərin yönəlməsi gözlənilir. Təkcə Gəncənin “Yaşıl Şəhər” layihəsi üçün 2 milyard manatlıq fəaliyyət planı təsdiqlənib və bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən müəyyən kreditlərin ayrılmasına başlanılıb.
Yaşıl layihələrə dair investisiyaların detallarını təhlil etdikdə, burada günəş, su və hidrogen kimi bərpa olunan enerji sahələrinə yatırımlardan söhbət getdiyini görmək olur. Bəs bu layihələr çərçivəsində mədən sənayesi hasilatının atmosferə, torpağa və suya vurduğu zərərlərin aradan qaldırılması ilə bağlı hansı işlərin görülməsi gözlənilir? Bu haqda sual, hələ ki, açıq qalır.
Ətraf mühitin zəhərli tullantılardan təmizlənməsinə ayrılan xərclər kəskin azalıb
2023-cü ildə sənaye tullantılarının zərərsizləşdirilməsi üçün 841,6 min manat investisiya ayrılıb ki, bu da 2022-ci illə müqayisədə 2,4 dəfə azdır. Bu xərclərin 465,6 min manatı çirkab sularının təmizlənməsi və su ehtiyatlarının səmərəli istifadəsi, 356,2 min manatı atmosferi çirkləndirən maddələrin tutulması və zərərsizləşdirilməsi üçün infrastrukturun qurulmasına yönəldilib.
DSK-nın statistikasına görə, 2023-cü ildə stasionar mənbələrdən atılan çirkləndirici maddələrin ümumi həcmi 442 min ton olub və onun 67 faizinin zərərsizləşdirildiyi göstərilir. Təmizlənmiş zərərli maddələrin 99 faizi paytaxt Bakının payına düşür.
Ölkə üzrə çirkab sularının həcmi isə 5 milyard m3-a yaxındır.
Azərbaycanda çirkab sularının əsas mənbələrindən birini sənaye tullantıları təşkil edir. Bu istiqamətdə də zərərsizləşdirilən tullantıların ən böyük payı paytaxt Bakıya düşür.
Lakin bu gün paytaxt Bakıdan əlavə, daha 4 rayon və şəhərdə “qara qızıl” hasil olunur. Bu regionlarda mədən sənayesində yaranan zəhərli tullantıların idarəedilməsi, onların zərərsizləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər isə yetərli səviyyədə deyil. Bu haqda bir qədər sonra qeyd edəcəyik.
İldə 7 milyon insan hava çirkliliyi səbəbindən həyatını itirir
Öncə mədən sənayesinin hasilatının insan sağlamlığına təsirləri haqqında məlumat verək. Neft və qaz əməliyyatları karbon, azot oksidləri, kükürd 1-oksid kimi çirkləndirici maddələrin atmosferə atılmasına səbəb olur. Bu maddələr tənəffüs yolları, ağciyər xəstəliklərini artırır. Eyni zamanda ürək-damar, nevroloji, qan xəstəlikləri, xərcəng, dəri xəstəliklərinin yaranmasına gətirib çıxarır.
Qrunt, lay sularının və neft sızmalarının olduğu torpaqlarda yaşayan insanlar mədə-bağırsaq problemləri, endokrinik, yoluxucu xəstəliklərdən əziyyət çəkirlər.
Bu gün Azərbaycanda nə qədər torpağın neftlə çirklənməsinə dair səhih məlumata rast gəlmək olmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meydan TV-nin bu istiqamətdə ünvanladığı sualları cavabsız qoyub.
“Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyin rəhbəri, ekoloq Sadiq Həsənovun sözlərinə görə, 2000-ci illərin qiymətləndirilməsində respublika üzrə 30 min ha qismən, 13 min ha tam çirklənmiş ərazilər müəyyən olunmuşdu.
“Lakin o vaxtdan bəri xeyli azalıb. Yenə də neftlə çirklənmiş torpaqların dəqiq statistikasını tapmaq mümkün deyil”,- deyə ekoloq Meydan TV-yə bildirib.
SOCAR ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün alınan beynəlxalq kreditlər hesabına Bakı və Abşeron yarmadasının torpaqlarında iş aparıb. Dünya Bankı Abşeron yarımadasında “Böyük miqyaslı neftlə çirklənmiş torpaqların təmizlənməsi” layihəsinin həyata keçirilməsinə 184 milyon dollar, yod istehsalı sahələrinin zərərsizləşdirilməsinə və remediasiya/təmizləməsinə 99 milyon dollar kredit ayırıb.
SOCAR-ın “Davamlı İnkişaf 2023” hesabatında neft məsulları ilə çirklənmiş və lay suları altında qalmış torpaqarın həcmini 841,4 ha göstərir ki, bu göstərici əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Lakin bölgələrdə quru yataqları işlədən özəl neft şirkətləri tərəfindən nə çirkləndirilən torpaqlar, nə də həyata keçirilən tədbirlər haqqında məlumat verilir.
Abşeron rayonunda çirklənmiş torpaqların həcmi azalsa da, belə ərazilərdə tikilən on minlərlə sənədli və sənədsiz evlər hələ də mövcuddur. Orada yaşayan insanların sağlamlığı daim təhdid altındadır.
Ekoloq Sadiq Həsənov da qeyd edir ki, Azərbaycanda neft torpaqlarında məskunlaşmanın tarixi yeni deyil. 100 ildən çoxdur ki, Balaxanı, Suraxanı, Bibiheybətdə neft hasil edilir və bu illər ərzində bu torpaqlara milyonlarla ton neft axıdılıb:
“Ötən əsrin 90-cı illərindən başlayaraq, bu ərazilərdə torpaqların ucuz olması, qanunvericiliyin müəyyən qədər işləməməsi insanların həmin torpaqlarda məskunlaşmasını sürətləndirdi. Son 3-4 il ərzində neft buruqları, nasosları ətrafında məskunlaşmanın artmasının qarşısı alınıb. Burada torpaq satışı, əlavə evlərin tikintisi artıq həyata keçirilmir. Lakin indiyədək baş verən məskunlaşma, orada hələ də yaşayan insanların həyatını təhlükəyə atıb. Bununla bağlı yalnız qeyri-hökumət təşkilatı tərəfindən maarifləndirmə işləri aparılıb ki, bu işlər də kifayət deyil”.
S.Həsənova görə, insanların neft yataqlarına yaxın ərazilərdə yaşaması qəti şəkildə yolverilməzdir:
“Çünki insanların sağlamlıqlarına ciddi təsir göstərə, zərərli maddələrlə zəhərlənə bilərlər. Atmosferə atılan zərərli qazlar, torpaqda bitən bitkilər vasitəsilə insanların həyatı təhlükəyə düşür. Günəş şüalarının təsiri ilə kimyəvi reaksiyalar getdiyi üçün bu torpaqlarda yaşayan uşaqlar, qadınlar və sağlamlığında problemi olan insanlar risk altındadır”.
Ekoloq deyir ki, neft-qaz hasilatının insanların sağlamlığa təsirləri barədə monitorinqlər vətəndaş cəmiyyəti tərəfindən məhdud səviyyədə olub:
“Bununla bağlı köklü monitorinqlər aparılmayıb. Ona görə də, həmin ərazilərdə yaranan xəstəliklərin statistikası yoxdur. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, ildə 7 milyon insan hava çirkliliyi səbəbindən ölür. İndi bu statistikanın hansı hissəsi Azərbaycanı əhatə edir, deyə bilmərik. Çünki bu istiqamətdə rəsmi hesabatlar yox dərəcəsindədir”.
Neft torpaqları hansı xəstəliklərin mənbəyinə çevrilib?
Mədən sənayesinin Azərbaycandakı insanların sağlamlığına təsiri haqqında aydın mənzərə yaratmaq üçün quru yataqlarda neft hasilatı olan Şirvan şəhəri, Salyan, Siyəzən və Neftçala rayonları üzərindən təhlil apardıq. Təhlil mədən hasilatı olmayan digər rayonlarla müqayisəli şəkildə həyata keçirilib. Bunun üçün həm də əhali sayı eyni olan bölgələrə üstünlük verilib. Belə ki, DSK-nın məlumatına əsasən, Şirvan şəhərinin 85,5 min, Neftçalanın 87,3 min, Siyəzənin 41,8 min əhalisi var. Bu baxımdan Bu bölgənin ekoloji və sağlamlıq vəziyyətini 85 min əhalisi olan Ucarla müqayisəsinə diqqət yetirilib.
Quruda daha böyük neft-qaz yataqlarına sahib olan Salyanın isə 139,6 nəfər əhalisi olduğu üçün, bu rayon 136,1 min nəfər əhalisi olan Ağcabədi ilə müqayisə edilib.
Dövlət Neft Fondunun “Hasilat Sənayesində Şəffaflıq üzrə hesabatı”nda (2018) adıçəkilən ərazilərdə SOCAR-la yanaşı, “Salyanoyl” ƏŞ, “Karasu” Operating” Company, “Ali Bayramli Neft t” MMC, “Şirvan Investment Limited”, “Neftçala Investments” Limited kimi özəl yerli və xarici şirkətlərin fəaliyyət göstərdiyi məlum olur. Bu yataqlardan ikisi rus milyarderi, Birtaniyanın «GCM Global Energy” şirkətinin sahibi Mixail Qutseriyevə məxsusdur.
Dövlət neft şirkəti istisna olmaqla, adları göstərilən şirkətlərin heç birinin ekoloji öhdəliyinə dair şəffaflığı yoxdur. Hətta 2018-ci ildən sonra şirkətlərin neft-qaz hasilatı və ödədiyi vergilərə dair məlumatların da ictimaiyyətə təqdim edilməsi dayandırılıb.
İnfoqrafika 1-də görünür ki, karbohidrogen yataqları olan Şirvan, Salyan, Neftçala və Siyəzəndə stasionar mənbələrdən atmosferə atılan çirkləndirici maddələrin və çirkab sularının həcmi Ağcabədi və Ucara nisbətən dəfələrlə çoxdur.
Məsələn, 2023-cü ildə 230,6 min ton neft, 51,7 milyon m3 qaz hasil edilən Şirvanda atmosferə atılan zəhərli maddələrin həcmi 3 min ton, çirkab suları 1,7 milyard m3 təşkil edib. Neftçalada isə 30,9 min ton neft, 0,6 milyon m3 qaz hasil olunursa, havaya atılan zəhərli maddələrin həcmi 0,2 min ton, çirkab sularının həcmi isə 247,9 milyon m3-dur.
Lakin əhalisinin sayına və coğrafi yerləşməsinə yaxın olan Ucarda həm atmosferə, həm də torpağa atılan zərərli tullantıların həcmi dəfələrlə azdır-0,1 min ton stasionar mənbələrdən atılan zərərli maddələr, 0,1 milyon m3 isə çirkab suları.
Bundan əlavə, ən böyük quru yataqlarının yerləşdiyi Salyanda 2023-cü ildə 131,5 ton neft və 16,7 milyon m3 qaz hasil edilibsə, atmosferə atılan çirkləndirici maddələrin həcmi 2,3 min ton, çirkab sularının həcmi isə 1,6 milyard m3 təşkil edib. Amma əhali sayına görə yaxın olan Ağcabədidə cəmi 0,4 milyon m3 çirkab sulları əmələ gəlib.
Beləliklə, neft-qaz hasil edilən ərazilərdə çirkab sularının həcminin daha çox təşkil etməsi, bunun əsasən lay, qrunt suları və neft sızıntıları olduğunu deməyə əsas verir.
Ölkənin gəlirlərinin 90 faizini karbohidrogen ehtiyatlar hesabına formalaşsa da, onun hasilatının yerli əhalinin sağlamlığında yaratdığı təhdidlər də bir o qədər çoxdur. İnfoqrafika 2-də əhalinin xəstələnməsinin rayonlar üzrə bölgüsünü təqdim etmişik.
Belə ki, əhalinin hər 10 min nəfərinə düşən xəstəliklərlə bağlı statistikanı təhlil etdikdə, tənəffüs orqanları, ürək-damar (qan dövranı) xəstəlikləri, endokrin sistemi və dəri xəstəliklərinin neft-qaz torpaqlarında yayılması təhlükəli həddə çatıb. Eyni zamanda qan xəstəliklərinin də bu torpaqlarda yayılma arealı digər bölgələrlə müqayisədə daha genişdir.
2023-cü ilin statistikasında tənəffüs orqanları xəstəliklərinin Ucarla müqayisədə Şirvanda 2,1 dəfə, Neftçalada 4,6 dəfə çox yayıldığı müşahidə edilib. Ağcabədi ilə müqayisədə isə Salyanda sözügedən xəstəlik 6,1 dəfə, Siyəzəndə 6 dəfə çox yayılıb.
Ürək-damar xəstəlikləri (qan dövranı) Ucarla müqayisədə Neftçalada 1,6 dəfə, Salyanda Ağcabədi ilə müqayisədə 93 dəfə, Siyəzəndə 43 dəfə çox qeydə alınıb.
Endokrin sistemi xəstəliklərinə gəlincə, Ağcabədiyə nisbətən Siyəzəndə 3,2 dəfə, Salyanda 4,3 dəfə çox olduğu görünür.
Dəri xəstəlikləri neft-qaz torpaqlarında 2-3 dəfəyədək daha çox yayılıb.
Beləliklə, zəhərli tullantılar və xəstəliklərin sayı üzrə aparılan statistik təhlil göstərir ki, neft və qaz hasilati regionlarında yayılan xəstəliklər digər rayonlarla müqayisədə yüksəkdir.
İnsanların həyat keyfiyyətinin yüksəlməsi üçün insanların sağlam və təhlükəsiz ətraf mühitdə yaşaması vacib faktordur.
Səhiyyə Nazirliyi bununla bağlı hansı monitorinqlərin aparılması, hansı tədbirlərin həyata keçirilməsilə bağlı Meydan TV-nin ünvanladığı sorğuya isə cavab vermədi.