“Neft gəlirlərinin azaldığı mərhələdə manatın dəyərində xeyli zəifləmələr baş verəcək” (VİDEO)

Azərbaycan prezidenti İlham Əliyevin “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinin birinci ilinin yekunları” müşavirəsi mühüm açıqlamalrı ilə yadda qaldı. Xüsusən postneft dövrünün arxada qalması barədə anonslar iqtisadçılara münasibət bildirmək, mətbuata isə təhlillər aparmaq imkanı yaratdı. İqtisadçı Məhəmməd Talıblı ilə söhbətimizdə müşavirədə səslənən fikirlərin bir qismini müzakirə etməyə cəhd göstərdik.



Məhəmməd bəy, prezident müşavirədə çox mühüm mesajlar verdi. Məsələn, dövlət başçısının “neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir” bəyanatından başlayaq. Deyilən reallıq 3-5 il əvvəlki reallıqlardan çoxmu fərqlənir?

– Neftin qiymətinin xeyli aşağı düşməsi ümumilikdə hər bir resurslardan asılı olan ölkələri əhəmiyyətli dərəcədə sarsıdıb. Neftdən asılı ölkələr həssas mərhələyə daxil olub. Ona görə müşavirədə bir sıra tezislər səsləndi. Mənim yaddaşımda qalanlar bunlar idi: biz israfçılıq etməməliyik, ayağımızı yorğanımıza görə uzatmalıyıq və s.i. Amma sizin dediyiniz bəyanat o deməkdir ki, artıq böyük gəlirlər mərhələsi arxada qalıb, biz böyük gəlirlər gözləməməliyik, buna hamı əmin olsun. Bu, o demək idi ki, Azərbaycan üçün bahalı neft mərhələsi artıq geridə qalıb. Ona görə də müşavirədə ötən illərdə əldə etdiyimiz gəlirlərin daha çox vətəndaşların sosial rifahına təsiri qiymətləndirilməli idi. Müşavirədə qeyd olunmalı idi ki, neftdən əldə olunmuş 107 milyard dolların əhəmiyyətli hissəsi xərclənib, söhbət 68 milyarddan gedir, yerdə qalan 37 milyarddır. Beləliklə, neftin qiyməti düşdükcə, ona adekvat olaraq gəlirlərimiz də aşağı düşəcək. Bu baxımdan iki problemi həll etməliydik, birinci, əldə olunan gəlirlərin daha effektli, rentabelli idarə olunması, yəni investisiya strategiyaları yüksək mənfəətlə idarə olunmalıdır. Eyni zamanda, əldə olunmuş vəsaitin xərclənməsi üzərində şəffaf və səmərəli imkan tapılmalı idi. Amma bunlar artıq keçmiş mərhələdir. Artıq Azərbaycan hökuməti postneft dövrünə hazırlaşmalıdır.



Hazırlıqlar görülürmü?

– Postneft dövrünün hazırlıqları deyəndə, bu, elan olunmuş neft hasilatından sonrakı pik həddin hazırlığı ilə bağlı ciddi addım atılmayıb. Sadəcə, elan olunub ki, hansısa hazırlıqlar görülsün.



Amma prezident bildirdi: “Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq”. Bu, fakt deyilmi?

– Təbii ki, bu, fakt deyil. O baxımdan ki, əhəmiyətli gəlirlər mərhələsi artıq geridə qalıb, indiyə qədər görülmüş işlərin isə realistik hədəfi olmalı, həm iqtisadi, həm də sosial rifahı şərtləndirməli idi. Bu gün neft gəlirlərinin Azərbaycan vətəndaşlarının həyatına hansı təsirləri çərçivəsində müzakirə aparsaq, ümumi mənzərə aydın olardı. Əgər neft gəlirlərinin əhəmiyyətli hissəsi geridə qalıbsa, bu müddətdə hökumət 1 milyon 200 min pensiyaçının pensiyasının baza hissəsini 1,4 faiz həcmində artırıb. Bu, təxminən 1 manat 50 qəpik artım deməkdir. Deməli, neftin əhəmiyyətli hissəsinin geridə qaldığına baxmayaraq, orta aylıq əməkhaqqı, yaşayış minimumunun və digər makroiqtisadi göstəricilərin insanların həyatına birbaşa əlaqələri hiss olunmur. Bundan sonra isə həm hasilat düşür, həm neftin konyuktur qiymət səviyyəsi düşür, bu mərhələdə hökumətlərin cəmiyyətlərə mesajları ciddi olmalıdır. Çünki ən əhəmiyyətli hissələr geridə qalıb, investisiya layihələri həyata keçirilib, böyük investisiya layihələrində korrupsiya riskləri olub, bu mərhələ artıq geridə qalıb. Ona görə bundan sonrakı sosial təsirin pozitiv olacağı bir o qədər də inamlı görünmür.



Mən prezidentin çıxışlarındakı önəmli məqamlara toxunmanızı istərdim. Ötən ilin dekabrın 16-da prezident Sabirabadda gənclərlə görüşü zamanı “Neftin qiymətinin düşməsini heç kim hiss etməyəcək” – mesajını verdi. Yanvarın 27-də məlum müşavirədə “neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir”,-deyə bildirdi. İki gün əvvəl prezident Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet Shahdag” otelinin açılışında deyib ki, heç bir böhran bizə təsir edə bilməz. Zaman arasında fərqlər çox azdır, birinci açıqlama ilə ikinci açıqlama arasında 42 gün, sonuncu açıqlama isə ikincidən 2 gün sonra səslənib. Bütün bunlar hakimiyyətin proqramının olmamasıdır, yoxsa arxayınçılıq var?

– Bu fikir yadıma dünyanın ən məşhur investorlarlndan Uoeffe Baffetin gözəl fikrini saldı, o, deyir: “Suyun dərinliyini yoxlamamız üçün iki ayağımızı eyni vaxtda suya salmağa ehtiyac yoxdur, bir ayağımızı suya salanda suyun dərinliyini bilirik”. Bu baxımdan neft hasilatı geridə qalanda, neft gəlirlərimizin əhəmiyyətli hissəsini xərcləyəndən sonra qənaət etmək haqqında düşünməli deyilik. Biz xərclədikdən sonra qənaət etməli deyilik. Əksinə, qənaət edəndən sonra xərcləməliyik. Amma Azərbaycanda əks proses baş verdi. Hazırda vəziyyət belədir ki, bu gün sosial narazılıqları necə yatırtmaq, əhalini neft gəlirləri gözləntiləri qarşısında necə hesabatlı olmaq barədə çətin suallara cavab vermək məcburiyyətindəyik. Söhbət əlbəttə ki, hökumətdən gedir. Ona görə də son bir ayda eyni şəxslərin fərqli mövqedən çıxış etməsi neft bazarının qeyri-sabit, həssas bazar olduğunu göstərir. Belə həssas bazarın da hökumətə təsiri də həssasdır. Bu baxımdan resurs asılılığı olan ölkələrdə daha çox “Ağ fil” – böyük investisiya layihələri həyata keçirilir. Böyük pullar ölkəyə daxil olduqca, həmin hökumətlər daha çox populist layihələri maliyyələşdirməkdə maraqlı olur. Maraq ondan irəli  gəlir ki, neft gəlirlərinin vətəndaşların gözündə gözləntilərini böyütsün. Nəticədə insanlar süfrələrinə daxil olan aylıq gəlirlərə baxanda, əldə olunmuş gəlir vətəndaşın rifah səviyyəsini dəyişdirməyib. Düzdür, ölkədə infrastruktur sistemi yenilənib, biznes üçün əlverişli şərait yaranıb.



Doğrudanmı, infrastruktur sistemi yenilənib?

– Gözə görünən müəyyən dəyişikliklər var. Bu dəyişiklərin mənim üçün üçün müsbət təsiri ola bilər ki, həmin infrastruktur biznes üçün əlverişli, investor üçün cəlbedici olsun. Xarici investisiyanın ölkəyə axınını həmin infrastruktur stimullaşdırsın. Əgər xarici və daxili investorlar ölkə iqtisadiyyatına yatırımı sürətlə axmırsa, bu, o deməkdir ki, yaradılmış infrastruktur biznes üçün əlverişli deyil. Sadəcə, tənzimlənmə baxımından müəyyən borcları yerinı yetirib. Ona görə də əhəmiyyət neft gəlirlərinin gəlişi dövrü arxada qaldı və başqa problemlər də yarandı. Məsələn, 1994-cü ildə adambaşına xarici borc 9 dollar idi, bu gün isə 600 dolların üzərindədir. Bir tərəfdən neft, büdcə gəlirlərimizin artmasıyla fəxr edirik, eyni zamanda, ona paralel olaraq xarici borclar da artır.



Deməli, 20 ildə xarici borc dəfələrlə artıb…

– 6 milyard borcumuzu nəzərə alanda, bu, təxminən ÜDM-in 8,5 faizi edir. Bizimlə eyni müstəqillik yaşında olan Ermənistanıın da 6 milyard dollar xarici  borcu var. Halbuki, heç bir resurs üstünlüyü yoxdur, amma Ermənistanın xarici borca girməsinin hansısa obyektiv səbəbləri var. Ölkə təcrid olunub, müəyyən bazarlar itirilib, iqtisadi imkanlar tükənib və s.i. Amma Azərbaycanda bu qədər imkanlar fonunda xarici borcun da olması və bunun 60-70 faizinin 10-20 ilini əhatə etməsi, daha çox gələcək nəsillərin üzərində qalması çox ciddi problemlərdən biri kimi qeyd olunmalıdır.



O zaman Azərbaycan 2004-cü ildən başlayan “neft bumu” dövrünü itirdiyini düşünmək olarmı?

– Bu məsələ haqqında konkret demək olmaz ki, biz neft pullarını görmədik, belə düşünmək, bir az qərəzli mövqedir. Yaxud bu fürsətdən səmərəli istifadə etməyimizi söyləmək də, yalançı tərifə oxşayar. Sadəcə, mövcud imkanlardan qənaətbəxş istifadə olunmadı. Çünki neft gəlirlərinin idarə olunması ilə bağlı çox ciddi problemlər oldu. Həm hesabatlılıq yüksək səviyyədə olmadı, həm də neft gəlirlərindən səmərəli istifadə edilmədi. Bu, özünü onda büruzə verdi ki, iri investisiya layihələri həyata keçirildi, 100 milyonlarla gəlirin qarşılığında 10 milyonlar həcmində layihələr, 10 milyardlarla gəlir olanda milyardlıq layihələr gerçəkləşdirdik. Ölkə böyük tikinti meydançasını xatırlatdı. Amma vətəndaşların həmin layihələrə əlçatanlılığın qiymətləndirəndə, keyfiyyət dəyişikliyin müşahidə edəndə, təhsil və səhiyyə xərclərinin adambaşına bölgüsünü aparanda, orta ömür müddətinə diqqət yetirəndə, böyük fürsətlərin itirildiyini görürük. Digər tərəfdən, institusional problemlərimiz də oldu, biz yaxşı idarəetməni mənimsəyə bilmədik, Azərbaycanda avtoritarizm möhkəmləndi, demokratik platformadan imtina etdik, normal seçki ənənəsi qoyulmadı, demokratik institutlar isə məhv oldu. Haqqında danışdığımız müşavirədə bir məqam məni cəlb etdi, biz maliyyə nəzarətini gücləndirməliydik, söhbət maliyyə axın kanalları üzərində sərtləşmədən gedir. Ölkəyə böyük neft pulları, böyük kreditlər daxil olur, dövlət qurumları bunların xərc trayektoriyasını təqib etməliydi. Amma əksinə oldu, vətəndaş cəmiyyətinin 50-60 min dollar qrantını təqib etdilər. Bunlar vətəndaş cəmiyyətinin və dövlətin dövlət qurumları üzərində nəzarətinin zəifləməsi ilə nəticələnir. Vətəndaş cəmiyyəti güclü deyilsə, bu, o deməkdir ki, hökumət də hesabatlı olmayacaq.



Mən prezidentin manat-avro nisbəti ilə bağlı dediklərinə şərhinizi bilmək istərdim. Bu barədə nə düşünürsünüz?

– Bu, inflyasiyada monitar bir hadisədir. Dünyada qəbul olunmuş qayda budur ki, hər bir dövlətin milli valyutaları məhz ABŞ dollarına nisbətdə müəyyənləşir. Ölkəyə neft gəlirləri daxil olanda Mərkəzi Bank pul kütləsini elə vəziyyətdə saxlayırdı ki, milli valyutanın dayanaqlılığı təmin olunsun. Bunun üçün Mərkəzi Bank ildə 1,3 milyard manat xərcləyirdi. Bizim kimi ölkələrdə valyutanın arxasında yüksək istehsal prosesi dayanmırsa, çox təhlükələr yaradır. Ona görə də manatın bu formada saxlanması obrazlı desək, manata süni tənəffüs aparatının qoşulmasına bənzəyir. Ölkənin dinamik iqtisadi vəziyyəti elə səviyyədə olmalıdır ki, sadəcə, bir qurumun yüksək imkanla çalışması hesabına manatın tənzimlənməsi bu qədər əziyyətli olmasın. İndiki halda hökumətin həyata keçirdiyi siyasət ondan ibarətdir ki, dünyadakı valyuta siyasətində manatın sabitliyinin qorunmasına çalışılır. Ancaq neft gəlirlərinin azaldığı mərhələdə manatın dəyərində xeyli zəifləmələr baş verəcək. Postneft dövrünə daxil olduğumuzdan Mərkəzi Bankın bu qədər vəsaitlər xərcləməsi çətinləşəcək.



Neftin düşdüyü bugünlərdən çıxış etsək, qədəm basdığımız 2015-ci il üçün hansı təhlükələr gözlənilir?

–  Birinci problem ondan ibarət olacaq ki, Neft Fondundan büdcəyə transferlərin artmasını görəcəyik. Eyni zamanda, qeyri-neft sektorundan büdcəyə daxil olmaların vasitə və metodları artacaq. İndiyə qədər qeyri-neft sektoru büdcəyə daxil olmaları ona görə cəlb olunmurdu ki, Neft Fondunun transferləri bunu tamamilə kölgədə saxlayırdı. İndi Neft Fondundan transferlər azaldıqca, qeyri-neft sektorundan artırmalar haqqında düşünəcəyik. Hökumət həm də investisiya xərclərinin əhəmiyyətli bir hissəsinin təxirə salmaq barədə düşünəcək. Əgər ötən ilə qədər ortalama 7-8 milyard manat dövlət investisiya layihələri həyata keçirirdisə, ola bilsin bu rəqəm yaxın illərdə 4-5 milyarda düşsün. Sosial xərcləri kəsə bilməyəcəklər, çünki bu, müdafiə olunmuş xərclər kateqoriyasına daxil olur. Mümkündür ki, büdcə kəsiri yaransa, hökumət xarici borclanmaya da getsin. Bu da postneft dövrünün bizə yaratdığı təhlükələrdən biridir. Başqa tərəfdən də makro-iqtisadi vəziyyət çətinləşə bilər, mən məşğulluq səviyyəsinin çətinliyini və işsizlik problemlərini nəzərdə tuturam. Xüsusilə demoqrafik proses sürətlənər, Rusiya və regonlarımızdan Bakıya axın əmək bazarında sosial gərginliyi artıra bilər. Həm də böyük layihələrin – parlament seçkiləri, Avropa Oyunlarının keçirilməsi ölkəni daha çox gündəmə gətirir. Hökumət də hesablı olduqca, gündəm üzərində də hesabat verməli olacaq.

Ana səhifəVideo“Neft gəlirlərinin azaldığı mərhələdə manatın dəyərində xeyli zəifləmələr baş verəcək” (VİDEO)