İqtisadçı Rövşən Ağayevin fikrincə, xarici borclar gələcək nəsil üçün riskli əhəmiyyət daşıyır
2014-cü ilin 3-cü rübündə Azərbaycanın xarici dövlət borcu 17,2 mln manat və ya 0,34 faiz artaraq, 1 oktyabr üçün 5 mlrd 5,1 mln manat ($6 mlrd 380,7 mln) olub.
Maliyyə Nazirliyinin məlumatına görə, bu, ÜDM-in 8,5 faizdir.
Adambaşına xarici dövlət borcu 529 dollardır. Son 4 ildə adambaşına xarici dövlət borcu 27 faiz artıb. 2010-cu ilin oktyabrında bu göstərici 415,3 dollar idi.
İqtisadçı Rövşən Ağayev Maliyyə Nazirliyinin məlumatını Meydan TV-yə şərh edərkən bildirib ki, nazirliyin xarici borclarla bağlı açıqladığı statistika detallı olsa, daha yaxşı proqnoz vermək olardı: “Məsələn, borcun ümumi məbləğini göstərirlər. Yaxşı olar ki, yaxın 5 il üçün hər il qaytarılan borcların həcmini desinlər. İndi biz bilmirik ki, 6 milyard borc hansı illərdə qaytarılacaq”.
Rövşən Ağayevun sözlərinə görə, Azərbaycanın xarici borcunun təhlükəli olub-olmamağını ölçərkən xarici borcun ümumi daxili məhsula nisbəti götürülür. Yəni xarici borcun ümumi daxili məhsulda payı çoxdursa, bu, ölkə üçün risk sayılır: “Necə ki, Rusiya 1998-ci ildə defolt oldu, borcunu ödəyə bilməyib iflas vəziyyətə çatdı. Ona görə də xarici borc yuxarı olanda təhlükəli hədd sayıb dövlətin bunu hansısa mərhələdə ödəyə bilməsə, ölkə üçün problemə çevrilər. Aşağı həddə olanda isə risk vəziyyət hesab etmirlər.
Azərbaycanda o nöqteyi-nəzərdən yanaşılır ki, xarici borcun ÜDM-da payı azdır. Hökumətin məlumatında deyilir ki, xarici borcun ÜDM-da payı 8,4 faiz payı var. Əgər bu meyarlarla yanaşsaq, bizim borcumuz inkişaf etmiş və keçid dövrünü yaşayan ölkələrlə müqayisədə az olduğundan təhlükəli görünmür. Amma bir neçə nüans var ki, bizi xeyli risk altına atır. 2015-ci il də daxil olmaqla son illər hökumət hər il büdcədən 1 milyard manat borc qaytarır, bu, çox böyük göstəricidir. Sabah neft bazarında başlayan enişlər davam edərsə, neft gəlirlərimiz azalarsa, bu, çox böyük göstəricidir. Bir daha deyirəm, bu gün 20 milyard büdcə üçün 1 milyard manat böyük deyil. Amma dediklərim davam edərsə, 1 milyard böyük yükə çevriləcək. İkincisi, hökumətin məlumatlarından da göründü ki, borcların cəmi 7,3 faizi 10 ildən aşağı olan borclardır, konkret olaraq, 90 faizdən çox borcun müddəti 10 ildən çoxdur”.
Rövşən Ağayev düşünür ki, borcları təxminən 2020-ci ildə, Azərbaycanda neftin tam azalma dövründə qaytarmaq olar: “Bu gün ehtiyatlarımız var deyə, o borclar bizim yük kimi görünmür. Gələcəkdə gəlirlərimiz azaldığı üçün bu borc yükü böyük olacaq və gələcək nəsillərin üzərinə düşəcək. Bu baxımdan indi təhlükəli olmasa da, gələcək üçün riskli əhəmiyyət daşıyır. Mümkündür ki, hökumət bundan sonra xarici borc siyasətinə baxsın. Bəli, xarici borcsuz dövlət olmur, həm də xarici borcun bir xarakteri var ki, bəzi borclar ölkə üçün texnologiya gətirir. Təbii ki, həcmi tənzimlənməlidir”.