Neft Fondunun gəlirləri gözləniləndən çox olub

”İl ərzində neftin bir barrelinin orta qiyməti 42 dollardan yüksək olub”

Source:


”İl ərzində neftin bir barrelinin orta qiyməti 42 dollardan yüksək olub”

“Dövlət Neft Fondunun (DNF) 2016-cı il üzrə gəlirləri proqnozlardan xeyli çox olacaq”, – bunu fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş.Mövsümov “Trend”ə açıqlamasında gəlirlərin proqnozlaşdırıldığından çox olmasını neftin qiymətinin artmasına bağlayıb.

“Cari ilin əvvəlində Dövlət Neft Fondunun büdcəsinə dəyişiklik edildi və büdcə neftin bir barrelinin qiyməti 25 dollardan nəzərə alınmaqla hesablandı. Ancaq il ərzində neftin bir barrelinin orta qiyməti 42 dollardan yüksək olub. Ona görə də, bizim gəlirlərimiz proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə çox olacaq”, – o qeyd edib.

Ş.Mövsümov DNF-də manat kütləsinin durumu haqda da danışıb. “Fond qrafikə uyğun olaraq dövlət büdcəsinə köçürmənin tam təmin edilməsi məqsədilə valyuta hərraclarında valyuta satışını davam etdirir. Lakin həmin hədlərdə manat ehtiyacı olmadığından bizdə müəyyən qalıqlar yaranıb. Amma ümid edirəm ki, ilin sonuna qədər büdcəyə vəsait tam köçürüləcək”, – Ş.Mövsümov bildirib.

2016-cı ilin yanvar-sentyabr ayları ərzində DNF-nin büdcə gəlirləri 6 milyard 618.6 milyon manat, büdcə xərcləri isə 3 milyard 823.1 milyon manat təşkil edib. Halbuki, bütün il üzrə cəmi 4 milyard 578 milyon 474.6 min manat gəlir proqnozlaşdırılırdı.

Gələn ilin dövlət büdcəsində neftin bir barreli 40 dollar götürülüb.

Hazırda Neft Fondunun 35.8 milyard dollardan çox ehtiyatının olduğu bildirilir.

Ana səhifəXəbərlərNeft Fondunun gəlirləri gözləniləndən çox olub