“Neft Daşlarında qalan işçilər evlərinə buraxılmır”

“Söhbət 1887 saylı özüldən gedir”.

Source: Foto: sosial şəbəkə


Mirvari Qəhrəmanlı: “İşçilərə ancaq ölüm və ya ciddi xəstəlik olarsa, buraxılacaqlarını söyləyiblər”

Martın 4-dən işçilər Neft Daşlarının 1887 saylı platformasında qalıb. Onların evlərinə getmələrinə izin verilmir.

Bu barədə məlumatı Neftçilərin Hüquqlarını MüdafiəTəşkilatının sədri Mirvari Qəhrəmanlı yayıb. Hüquq müdafiəçisi bildirir ki, işçilərə yalnız ölüm və xəstəlik halında evə buraxılacaqları söylənib.

“Mənə oradakı işçilər yazıblar. Deyirlər ki, hal-hazırda özüllərdə vəziyyət çox acınacaqlıdır. Estakadalar da o gündədir. Düzdür, onlara quru ərzaq verilib. Düyü, qarabaşaq, yağ, un və konserva. Həmin ərzaqları 3 qat baha qiymətə fəhlələrin adına yazıblar. Neft Daşlarında isə vəziyyətdən istifadə edib mağazada gündəlik tələbat olan ərzaq mallarını çox baha qiymətə satırlar. İşçilər deyirlər ki, 1 manatlıq şeyi 3 manata alırlar. Əgər üzərində pulun yoxdursa, nisyə alırsansa, onda qiymət 5 manata qalxır”.

Mirvari Qəhrəmanlı deyir ki, dünən KQİT-nin baş mühəndisi qərar verib ki, platformada qalanlardan kim istəyir, məzuniyyət ərizəsi yazıb, çıxa bilər:

“Söhbət 1887 saylı özüldən gedir. Hətta baş mühəndis bu məlumatı telefon vasitəsilə işçilərə deyib. Mənə yazırlar ki, bunu eşidəndə çox seviniblər. Sonra da gedib ərizələrini yazıblar. Amma Neft Daşları bölümünün rəis müavinləri işçiləri qorxudub. Onlara “baş mühəndis kimdir, əsas bizik. Heç kimi buraxmırıq”, – deyib. İşçilərə ancaq ölüm və ya ciddi xəstəlik olarsa, buraxılacaqlarını söyləyiblər. Ən pisi də odur ki, platformada həkim yoxdur”.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov Meydan TV-yə deyib ki, Neft Daşlarında qalan işçilər qazmaçılardır: "Bir qrup qazmaçı işlərini bitirib. Dünən onlara rəhbərlik tərəfindən xəbər verilib ki, artıq qayıda bilərlər. Onlar da hazırlaşıblar. Ancaq dünən hava şəraiti ilə bağlı gəmi onların olduğu yerə yan ala bilməyib. Bu gün gedəcək və onları gətirəcək. Başqa bir problem yoxdur".

Ana səhifəİqtisadiyyat“Neft Daşlarında qalan işçilər evlərinə buraxılmır”