Neft Azərbaycana xoşbəxtlik gətirib, yoxsa bədbəxtlik?

İlham Əliyevin fikirləri müzakirə olunur

Source:


İlham Əliyevin fikirləri müzakirə olunur

Yanvarın 30-da prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi fikirlər hələ də müzakirə predmetidir. Dövlət başçısının neftlə bağlı dedikləri isə diqqət çəkib.

İlham Əliyev bildirib ki, Azərbaycan neftdən çox ağıllı və səmərəli istifadə edən ölkədir:

“Bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik deyil, bədbəxtlik gətirəcək. Ancaq biz möhkəm dövlət qurmuşuq, 25 ildir ki, müstəqil yaşayırıq. Gələcəkdə daha böyük işlər görüləcək”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı neftin Azərbaycana bədbəxlik, yoxsa xoşbəxtlik gətirməsi sualına cavab verməyə hələ hazır olmadığını deyib:

Sabir Rüstəmxanlı foto sosial şəbəkə

“Bu məsələ təhlil olunmalıdır, mürəkkəb məsələdir. Bütün hallarda düşünürəm ki, neft Azərbaycana bədbəxtlik gətirməyib”.

“Turan” İA-nin analitiki Toğrul Cuvarlı hesab edir ki, neftin xoşbəxtlik, yaxud bədbəxtlik gətirdiyini birbaşa demək olmaz:

“Məsələ ondadır ki, neft özü-özlüyündə nə bədbəxtlik, nə də xoşbəxtlik gətirir. Söhbət neftin varlığından səmərəli istifadəsindən gedir. Məsələn, Norveç. Neft bu ölkəyə niyə ziyan gətirmədi? Çünki iqtisadi sistem bu imkandan normal istifadə etdi”.

Toğrul Cuvarlı foto sosial şəbəkə

Toğrul Cuvarlı bildirib ki, Azərbaycan neft imkanından səmərəli itifadə edə bilmədi:

“Bizdə neft gəlirləri israfçılıqla xərcləndi və islahatlar aparılmadı. Ona görə müəyyən dərəcədə bədbəxtlik oldu, amma bu, neftin özünün ziyanı deyildi. Neft sərvətdir, qalır o sərvətdən necə istifadə edəsən”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər təəssüflənir ki, Azərbaycanın müstəqilliyinin böyük bir hissəsi Əliyevlər rejimi şəraitində keçib:

“Bu dönəmdə Azərbaycan nefti xalqın maraqlarına uyğun şəkildə istifadə edilmədi, yalnız hakim ailənin mənafelərinə uyğun istifadə olundu. Neftdən 150 milyard dollara qədər vəsait gəldiyi bildirilir, bunun böyük əksəriyyəti hakimiyyət tərəfindən mənimsənildi, perspektivsiz layihələrə, dəbdəbəli binalara, Qərbdə heç kimə lazım olmayan Avropa Oyunlarına xərcləndi. Ancaq nə ölkə iqtisadiyyatının inkişafı, nə xalqın həyat səviyyəsinin yüksəldilməsi, nə də millətin gələcəyi üçün ehtiyat hazırlanması baxımından istifadə edilmədi. Bu baxımdan Azərbaycan hakimiyyətinin neft siyasəti rejimin öz maraqlarına xidmət edib”.

Isa Qəmbər

İsa Qəmbər də Toğrul Cuvarlının fikirlərini bölüşür:

“Neftin bir günahı yoxdur, nefti ya bədbəxtlik, ya xoşbəxtlik adlandırmaq mənasızdır. Norveç nümunəsi var, neft sahəsində öz ölkəsinin iqtisadi inkişafını, xalqının gələcəyini təminat altına alan dövlətlər var. Ona görə nefti xoşbəxtlik, yaxud bədbəxtlik amili kimi qiymətləndirmək düzgün yanaşma deyil”.

Neft sahəsi üzrə mütəxəssis İlham Şaban bildirib ki, neft gəlirlərindən Dövlət Neft Fonduna 125 milyard dollar daxil olub, hazırda fondda 34 milyard qalıb:

“İlk neft gəlirləri 2006-cı ildə gəldi, 1 milyard dollar”.

İlham Şaban foto sosial şəbəkə

İlham Şaban Dövlət Neft Fondundakı vəziyyəti təhlil etdikdə, 90 milyard dollar vəsaitin xərcləndiyini deyir.

O, vəsaitlərin səmərəli xərclənib-xərclənməməsi sualına belə cavab verib:

“Deputatlar və hökumət təmsilçiləri vəsaitlərin səmərəli xərclənmədiyi qənaətindədirlər və bunu heç gizlətmirlər də. Əgər neft gəlirləri səmərəli xərclənsəydi, manat indiki vəziyyətinə düşməzdi, ikinci, Beynəlxalq Bankın rəhbərliyi, Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitləri iqtisadi cinayətkarlığa görə həbs olunmazdılar. Bunlar onun göstəricisidir ki, neft gəlirlərinin səmərəlilik istifadəsi istənilən səviyyədə olmayıb”.

Ana səhifəAnalitikaNeft Azərbaycana xoşbəxtlik gətirib, yoxsa bədbəxtlik?