”Necə ola bilər ki, sənin ölkəndə dəhşətlər baş versin, sənsə sadəcə sənətlə məşğul olasan?”

Valeriya Latıpova: “ Bir çox rejissor sənəti, istədikləri filmi çəkməyi atıb, mövcud sistemin həyatda qalmasına xidmət edən belə filmləri çəkməyə başlayır”

Source:
Valeriya Latıpova
Valeriya Latıpova
Valeriya Latıpova
Valeriya Latıpova


Valeriya Latıpova: “ Bir çox rejissor sənəti, istədikləri filmi çəkməyi atıb, mövcud sistemin həyatda qalmasına xidmət edən belə filmləri çəkməyə başlayır”



Valeriya Latıpova rus jurnalist və rejissorudur. O, həyat yoldaşının ölümündən sonra ölümün nə olduğunu öyrənmək üçün krematoriyada işə düzələn qadının hekayətini nəql edən “Krematoriya” filminin rejissorudur. Həmçinin, yeniyetmələr üçün maarifləndirici sosial oyunun  ideya müəllifidir. Valeriya yaradıcı insan olmaqla yanaşı fəal vətədaş mövqeyinə sahib biridir. Bu söhbətimizdə biz Valeriya ilə onun həyatından, filmindən və ölkəsindən danışdıq.



Valeriya, siz harda doğulub, böyümüsünüz?

–  Mən Novosibirskdənəm. Bir müddət Moskvada, sonra da Parisdə yaşamışam. İndi yenə Novosibirskdə yaşayıram. Çünki ailəmin, oğlumun yanında olmaq istəyirəm. Amma oğlumu Parisə apara bilmirəm. Çünki, o, xərçəng xəstəsidir. Alışdığımız, inandığımız bütün həkimlər isə Novosibirskdədir. Buna görə də, indi orda yaşamalıyam ki, oğlumun yanında olum.



Valeriya, Rusiya haqqında təsəvvürlərimiz çox ümumidir. Biz onu böyük və bütün ölkə kimi görürük. Amma yəqin ki, Rusiyada da paytaxt, böyük şəhərlər, əyalət bölgüləri var və bu bölgülər bu məkanları bir-birindən xeyli fərqləndirir. Deyə bilərsinizmi, bu fərqlər nədədir?

–  Novosibirsk Rusiyanın ən böyük şərəhlərindən biridir. Bu, ticarət, hərəkət, mütəxəsisslər şəhəridir. Xüsusilə müasir texnologiyalar sahəsində. Məsələn, İT sahəsindən xeyli insanlar var ki, Amerika, Avropa ilə əməkdaşlıq edirlər. Maddi durumları yaxşıdır, ona görə də, paytaxta köçmək istəmirlər. Köçəndə də birdəfəlik Avropaya köçürlər. Novosibirsk böyük şəhərdir, amma Moskva, Sankt-Peterburq kimi gözəl arxitektura nümunələri, zəngin mədəni həyatı yoxdur. Buna görə də, çox insan bu zəngin mədəni həyatı yaşamaq, darıxmamaq, teatr, azad həyat, çox maaş üçün paytaxta can atır. Amma paytaxtın bu tərəfi də var ki, orda yaşamaq çoxlu pul tələb edir. Ancaq pul, pul, pul barədə düşünürsən…Buna görə də, mən özümü Novosibirskdə rahat hiss edirəm. İnternet darıxmaq, ünsiyyət problemini həll edir.



Sizin uşaqlıqda Moskvaya can atmaq, orda yaşamaq arzunuz var idi?

–  Əlbəttə. Demirəm ki, paytaxtı fəth etmək istəyirdim, amma başqa həyat, başqa səviyyəyə nail olmaq istəyirdim. Mən axı jurnalistəm, İT mütəxəssisi deyiləm. O vaxt Novosibirskdə oturub, internetlə böyük layihələr həyata keçirmək, internetlə özünü realizə etmək mümkün deyildi. Bütün bunlar böyük, nəhəng, bərkgedən, imkanlar bolluğunda qaynayan Moskvada mümkün idi və mən ora can atırdım. Amma bir müddət orada yaşayandan sonra gördüm ki, mənim istədiyim bu deyil. Mən insanlara başqa, normal münasibət olan,  başqa dəyərlərin hökm sürdüyü yerdə yaşamaq istədim. Yaşım artmışdı və hiss edirdim ki, elə yerə getmək istəyirəm ki, orda insanlar nəzakətlidilər, sırtıq deyillər, ətraflarında nələrin baş verdiyni başa düşürlər.



Bəs Moskva belə deyil?

–  Moskva elə şəhərdir ki, orda hər gün nələrsə uğrunda şəxsi mübarizə edir. Hər kəs özünə nəsə qopartmaq istəyir. Didişmə gedir. Bu didişmə, bu qoparma ehtirası məni yormuşdu. Ona görə də Avropaya getmək istəyirdim. Sakit həyat istəyirdim.



Yəni siz Avropaya maddi rifaha görə deyil, dəyərlərə görə getmişdiniz?

–  Əlbəttə ki, maddi rifah da istəyirdim. Novosibirskdə olanda mənim imkanlarım çox məhdud idi. Elə indi də elədir. İşlədiyim layihələrdə həmişə az pul olur, layihələrin də ömrü qısa olur. Amma bu da var  ki, bunlar o layihələrdi ki, sən özünü azad, sərbəst hiss edirsən.



Valeriya, necə oldu ki, jurnalistlikdən rejissorluğa keçdiniz?

–  Əslində həmişə rejissor olmaq istəmişəm. Amma həmişə də qorxum vardı ki, bu mənlik deyil, bacarmaram. Moskvada olanda, rejissorluq məktəbinə getdim. Sonra da həyat yoldaşım vəfat elədi, uşağım xəstələndi. Daha sonra Parisdə sənədli film çəkən rejissorlar üçün rezidensiya qazandım. Beləliklə, tədricən rejissorluğa başladım. Təbii ki, uğurlu rejissor olmaq üçün yaxşı ingilis dili lazımdır. Bu dil olmasa, beynəlxalq səviyyəyə çıxmaq mümkün deyil. Ona görə də, indi rejissor kimi, əsas problemimi bunda görürəm.



Zəhmət olmasa, bizə “Krematoriya” filminizdən danışın. Bu film sizin şəxsi hekayəniz üzərində qurulub?

–  Bəli, bu, mənim hekayətimdir. Filmdə qəhrəmanımın – yəni mənim həyat yoldaşım ölür, uşağım xəstələnir. Və qadın ölümün nə olduğundan baş çıxarmaq üçün krematoriyada işə düzəlir.Və möhtəşəm nəticəyə nail olur. Çünki krematoriyada ölüm bir hal, bir mövzu kimi tam desakralizasiya olur. Rituallar, ölümün hökm sürdüyü yerdə canlı insanların işləməsi qəhrəmanıma çox şey izah edir. Nəticədə o qərara gəlir ki, ölümlə oynamaq lazımdır, onu ciddi qəbul etmək olmaz. Bütün film ölümün mənalandırılması, daha doğrusu, mənasının tapılması prosesidir.



Bu gün Rusiyada sənət sahəsində hansı trendlər var? Film, tamaşa, roman üçün hansı mövzular populyardır?

–  Əvvəllər sənətdə daha çox axtarışlara, harasa gedib çıxmaq, nəyisə əldə eləmək istəyi, cəhdi vardı. İndi Rusiyada sənət çox sinikləşib. Rusiya Mədəniyyət Nazirliyi vətənpərvərlik mövzusunda çəkilən filmlərə maliyyə ayırır. Ona görə də, indi ən çox dəbdə olan mövzu patriotluqdur. Bunun da içində siyasətdən, siyasi təbliğatdan, dindən – pravoslavlıqdan ibarət nəhəng bir sous qaynayır. Bir çox rejissor sənəti, istədikləri filmi çəkməyi atıb, mövcud sistemin həyatda qalmasına xidmət edən belə filmləri çəkməyə başlayır. Mənsə belə etmək istəmirəm. Mən yaxşısı budur, gedib hardansa zülmlə az miqdarda pul taparam, amma öz istəyimi çəkərəm, sənətlə məşgul olaram.



Valeriya, hətta “Praqa baharı” ərəfəsində, o gərginliyin, o xofun, o total qorxunun içində etiraz edən insanlar tapılmışdı. Baxmayaraq ki, qapalı ölkə eyni zamanda alternativ informasiya əlçatmazlığı yaradaraq, ölkəni dünyadan təcrid eləmişdi. İndisə o xof, o qorxu əvvəlki kimi dəhşətli deyil. Yəni ən azından internet dünyanı, informasiyanı əçatan edib, ölkə qapalı deyil. Necə düşünürsünüz, etiraz edən sənət adamları, ümumiyyətlə, vətandaşlar nisbətdə azdır, yoxsa çoxdur?

–  Deyərdim ki, azdır. Amma var. Bolotnı hadisələrini, Boris Nemtsov öldürüləndən sonra küçəyə çıxan insanları yada salın. Sənət adamları, jurnalistlər, aktivistlər var. Onlara qarşı nəhəng bir təbliğat maşını var. Bunula belə, anlayır və etiraz edir.



Sənət adamının vətədaş mövqeyini göstərmədən öz işini görməyinə necə baxırsınız?

–  Düşünürəm ki, sənət adamı aktivistə çevrilməməlidir. Bu, təhlükəlidir. Amma vətəndaş mövqeyi olmalı, bəyan edilməli, göstərilməlidir. Heç bir vətəndaş mövqeyi olmayan, xüsusilə, bizimki kimi insan haqlarının pozulduğu ölkələrdə bu mövqeyə sahib olmayan sənət adamı nə deməkdir? Necə ola bilər ki, sənin ölkəndə dəhşətər baş versin, sənsə sadəcə sənətlə məşğul olasan?



Bəs, vaxtında vətəndaş mövqeyi, etirazları ilə seçilən sənət adamlarının yaşlananda rejimə qarşı yumşalmasına, rejimlə dostlaşmasına necə baxırsız? Məsələn, Soljenitsın, Limonov…

–  Prilepini də misal göstərmək olar… Onlara nə oldu? Vəziyyətlər fərqlidir. Onlardan elələri var ki, fanatcasına, axmaqcasına inanırlar. Rusiya imperiyasının əzəmətinə, millətçiliyin dəyərli bir şey olmasına, rus millətinin hamıdan böyüklüyünə…Ancaq təəssüf edirəm. Tolerant yanaşmağa çalışıram. Hamının özünü ifadə etmək haqqı var, nə edə bilərik?!

Ana səhifəXəbərlər”Necə ola bilər ki, sənin ölkəndə dəhşətlər baş versin, sənsə sadəcə sənətlə məşğul olasan?”