Nə etməli?!

1918-ci ildə biz Şərqdə ilk dəfə demokratik dövlət yaratdıq. İndi də, təxminən 100 il sonra biz o qədər tənəzzül etmişik ki, xalqımızın ən böyük tarixi nailiyyətinə əl qaldırırıq

Source:
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov


1918-ci ildə biz Şərqdə ilk dəfə demokratik dövlət yaratdıq. İndi də, təxminən 100 il sonra biz o qədər tənəzzül etmişik ki, xalqımızın ən böyük tarixi nailiyyətinə əl qaldırırıq

Neçə gündür “Nardaran işi” ilə bağlı məhkəmədə Tale Bağırzadənin verdiyi bəyanatın ağır təsiri altındayam. İnanclı adam müstəntiqlərin ona verdiyi ağır işgəncələrdən danışıb. Ondan Milli Şura liderləri Cəmil Həsənli və Əli Kərimlini şərləmək tələb edilib. Bağırzadə sərt işgəncələrə tab gətirib, cinayət əməlinin qarşısını alıb və nüfuzlu müxalifətçiləri insanların ölümünə səbəb olan hadisələrin ilhamvericiləri və təşkilatçıları elan etməyə mane olub. Ancaq məhkəmə müstəntiqlərin ağır cinayəti barədə məlumatı diqqətdən kənar qoyur. Bu görünməmiş hadisə ağlımda MTN rəhbərliyinin ifşaları ilə birləşərək, məni ölkənin hüquq-mühafizə sisteminin cinayətkar birliyə döndüyünə, on minlərlə insanın onun qurbanı olduğuna tamamilə inandırdı.

Yaranan situasiyanın paradoksallığı ondadır ki, hakimiyyətin özü də cəza aparatının hərəkətlərindən ehtiyat edir.

Ancaq bununla yanaşı anlamaq istəmirlər ki, ölkədə bütün problemlərin səbəbi dövlət idarəçiliyi üzərində ictimai nəzarətin tamamilə olmamasıdır.

Azərbaycanda çoxdandır bərqərar olan nəzarətsiz-fərdi idarəçilik sistemi vaxtilə monqol tatarları imperiyasının olduğu bütün əraziyə xasdır. Yüz illiklər ərzində burda dövlət quruluşlarının konfiqurasiyası dəyişib, ölkələr müxtəlif ideoloji görkəm alıb, ancaq bu günə qədər orda hakimiyyətlərin mahiyyəti dəyişilməz qalır.

Çingizxanın dövründən hər növbəti hökmdarın hakimiyyəti iki dayaq üzərində dayanıb: korrupsiya və cəza.

Korrupsiya hökmdarın əlində hədsiz maliyyə imkanları cəmləşdirir, cəza yolu ilə isə düşmənləri cəzalandırılır, hətta onlar olmasa belə.

Bu gün keçmiş monqol tatarları imperiyası ərazisində mövcud olan ölkələr ilk baxışda bir-birindən fərqlənir. Amma doğuşda genetik keyfiyyətlərinin 50 faizini atadan alan fərqli yumurta əkizləri kimi, dərinlikdə onlar bir-birinin eynidir.

Ancaq yenə də əkiz ölkələrdə bəzi şeylər hökmdarların keyfiyyətlərindən də asılıdır. Məsələn, onların arasında elələri var ki, orda insan haqları ilə bağlı vəziyyət Azərbaycandan pisdir.

Ancaq bu günlərdə vəziyyətin dəyişəcəyi ilə bağlı real təhlükə yaranıb.

Qəflətən Azərbaycan Konstitusiyasına sayca üçüncü dəyişikliklərin təklifi xalqın hüquqsuzluğunun və hökmdarın məhdudiyyətsiz hakimiyyətinin möhkəmlənəcəyinin real təhlükəsini yaradır.

Vətəndaşların hüquqlarının müdafiəsi üçün yaradılan Konstitusiya hakimiyyətin bütün hərəkətlərinə bəraət qazandıran qanunlar külliyyatına çevrilib.

1918-ci ildə biz Şərqdə ilk dəfə demokratik dövlət yaratdıq. İndi də, təxminən 100 il sonra biz o qədər tənəzzül etmişik ki, xalqımızın ən böyük tarixi nailiyyətinə əl qaldırırıq.

Azərbaycanın hakimiyyətin sülalə yolu ilə ötürüldüyü monarxiyaya dönüb-dönməyəcəyini müəyyən edəcək ümumxalq referendumu sentyabrın 26-na təyin edilib. Seçki orqanlarımızın istənilən səsvermənin nəticələrini manipulyasiya etmək bacarığı hamıya məlumdur. Hamıya məlumdur ki, bu hiyləyə mane olmaq üçün istənilən cəhdlər hakimiyyət tərəfindən dövlət əleyhinə fəaliyyətin təzahürü kimi qəbul edilir. Bu cür əməllərə cəsarət edən hər kəs üçün Taleh Bağırzadənin keçdiyi sınaq təhlükəsi yaranır. Belə bir faciəvi sual yaranır: yaranmış vəziyyətdə ölkəmizin vətəndaşları nə etməlidirlər?!”

Ana səhifəAnalitikaNə etməli?!