Natiq Cəfərli məhkəmədə qalib gəlib
Noyabrın 13-də Bakı Apelyasiya Məhkəməsi Respublikaçı Alternativ Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərlinin işinə baxıb.
Şikayəti keçmiş Vergilər Nazirliyi verib. Qurum Natiq Cəfərlinin vergi borcunun olduğunu iddia edib. Natiq Cəfərli isə deyir ki, o, VÖEN-ni bağlatdırıb və ora vergi borcu yazıla bilməz:
“Bir sözlə, Bakı Apelyasiya Məhkəməsi olmayan VÖEN-nimə göydən yazılmış borcla bağlı işə baxdı. İddiaçı artıq mövcud olmayan Vergilər Nazirliyi idi. Mövcud olmayan iddiaçı və olmayan borcla bağlı məhkəmə oldu. Vergilər Nazirliyinin nümayəndəsi qapalı olan VÖEN-ə borcun necə yazıldığını izah edə bilmədi, hakimdən 1 gün möhlət istədi. Hakimlər heyəti nümayəndəni suallarla yaxşıca sıxdılar”.
Natiq Cəfərli deyir ki, sonda məhkəmə onun lehinə qərar verib. Keçmiş Vergilər Nazirliyinin nümayəndəsi bağlı VÖEN-ə yazılan borcun mənbəyini izah edə bilməyib.
Natiq Cəfərli 2016-cı ilin avqustun 13-də Nəsimi Rayon Məhkəməsində axşam keçirilən iclasda qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunaraq 4 ay müddətinə həbs edilmişdi.
ReAL ittihamları rədd edərək həbsin siyasi motivli olduğunu açıqlamışdı.
Həmin ilin sentyabrın 9-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv olunub və o, azadlığa buraxılıb. Daha sonra barəsində başlanan cinayət işinə xitam verildiyi açıqlanıb. Bu il Natiq Cəfərli sərhəddi keçərkən saxlanılıb, ona vergi borcu olduğu söylənmişdi. Daha sonra keçmiş Vergilər Nazirliyi bu iddia ilə məhkəməyə müraciət etmişdi.