”Nazirliyin işçiləri məni yerdə sürüdülər”

“Azərbaycanlı kişiləri azərbaycanlı xanımına qarşı belə rəftar elədilər. Bu, dəhşətdir. Bundan o tərəfi ola bilməz”- Nailə Qasımova ( ad şərtidir) qollarını çirmələyib qançır yerlərini göstərərək deyir.


2013-cü ildə Bakıda zorlama hadisəsi baş verib.  Yetkinlik yaşına çatmayan oğlan 14 yaşlı qıza təcavüz edib. Bu hadisəni onunla birgə gələn dostlarından biri telefona çəkib. Daha sonra qızı bu görüntülərlə hədələyərək, daha iki oğlanla cinsi münasibətə məcbur ediblər. Bu barədə qızın anası, şərti olaraq adlandırdığımız Nailə Qasımova danışır. Hadisəni törədənlərdən iki nəfər yetkinlik yaşına çatmayan şəxs barəsində zorakılıq hərəkəti törətməkdə günahlandırılaraq, 7 il həbs ediliblər. Bir nəfərin işi isə ayrılıb. Onun maddəsi yüngülləşdirilərək seksual xarakterli hərəkətlərə məcbur etmə maddəsi ilə əvəzlənib.  Valideyn bundan narazıdır.


“Məndə bəzi məlumatlar var ki, məhkəmə ilə razılaşmaq istəyirlər. Mən də bununla bağlı 2 iyunda ədliyyə nazirinin qəbuluna gəldim”.


Şikayətçi qadın 8 iyunda ədliyyə nazirinin qəbuluna gəlib. O, qızına təcavüz edən şəxsin cəzalandırılması ilə bağlı nazirə müraciət etmək istəyib. Amma nazirlik işçilərinin ona qarşı güc tətbiq etdiyini deyir: “Səhər tezdən gəldim ki, ədliyyə nazirinin qəbuluna düşüm. Mənə imkan vermədilər. Seymur Aslanov adında şəxs göstəriş verdi ki, xanımı buradan sürüyün çıxardın. Neçə nəfər kişi məni camaatın gözü qarşısında sürüdü. Məndən başqa da iki xanımı eyni vəziyyətdə sürüdülər. Ürəri “xarab” olan kim, özündən gedən kim… Təcili yardım maşınları, polisdən tökülüb gəldilər. Hadisə ilə bağlı 102-yə zəng etdim. Yasamal rayon 27-ci polis bölməsindən çağırıb izahat aldılar”.


Ədliyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səyyad Məcidov vətəndaşa qarşı pis rəftar edilmədiyini deyir.

“Bizdə qəbulla bağlı məsələlərə həssaslıqla yanaşılır. Heç vaxt elə bir hadisə baş vermir. Ola bilər kimsə itaətsizlik göstərə bilər, bu formada hərəkətlər edər, nazirliyin həmin otağında başqa qəbula gələnlərə mane olmamaqdan ötrü həmin şəxs kənarlaşdıra və ya küçəyə çıxara bilərlər. Belə hadisələr baş verə bilər. Bura nə qışqırmaq üçün, nə başqa söz demək üçün yer deyil, çünki burada başqa vətəndaşlar da var. Başqa heç bir zorakılıqdan orada söhbət gedə bilməz”.


Valideyn isə dövlət orqanlarından əlini üzdüyünü bildirir: “Onlar heç prezidenti saymırlar. Prezident dəfələrlə göstəriş verir ki, məmurlar, xalqa xidmət eləyin, məmurlar da deyir, biz cibimizə xidmət eləyirik. Onların hərəkətlərindən belə çıxır. Başlarının üstünə prezidentin, ulu öndərin şəklini asırlar, ciblərinə rüşvət qoyurlar”.

Ana səhifəVideo”Nazirliyin işçiləri məni yerdə sürüdülər”