“Nazirliyin əməkdaşı kommersiya obyektinin nə olduğunu bilmir”


Anar Məmmədlinin məhkəməsində Vergilər Nazirliyinin əməkdaşı ittihamı əsaslandıra bilmədi.

“Mən sual edirəm, mənim avtomobilim qeydiyyata alınmayıb, indi bu avtomobildi, ya başqa bir şeydi?”.

Həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin vəkili İradə Cavadova bu sualı mayın 12-də keçirilən növbəti məhkəmə prosesində ifadə verən Vergilər Nazirliyinin əməkdaşına ünvanlayır. Prosesdə üç şahiddən əlavə təşkilatda aparılan yoxlamanın aktını imzalayan Vergilər Nazirliyinin nümaqyəndəsi də ifadə verib. O bildirib ki, təşkilatın ABŞ-ın Milli Demokratiya İnstitutundan aldığı qrant layihəsi Ədliyyə Nazirliyi qeydiyyatdan keçmədiyi uçün qrant hesab olunmur. Nazirliyin rəsmisinin sözlərinə görə, alınan vəsaitlər gəlir kimi ümumi qaydada vergiyə cəlb edilməli idi. Bu baş vermədiyi üçün təşkilat qanunsuz sahibkarlıqla məşğul olub.

 “Mən çox təəssüf edirəm ki, Vergilər Nazirliyinin əməkdaşı kommersiya, qeyri-kommerisya təşkilatının nə olub-olmaması barədə bir məlumat verə bilmədi. Qrant haqqında, qrant nə sayılır, qanunsuz sahibkarlıq? Yəni bizi çox qane etməyən cavablar idi” – deyə, vəkil İradə Cavadova bildirdi.

Vergilər Nazirliyinin aktı əsasında iddia olunan qanunsuz sahibkarlıq fəaliyyəti təşkilata qarşı irəli sürülən ən ağır ittihamlardan biridir. Vəkil İradə Cavadova sözügedən qrant layihəsinin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunduğunu bildirir. Onun sözlərinə görə, qeydiyyat baş verməyibsə, məsuliyyət istər-istəməz Nazirliyin üzərində qalır. Qanunvericiliyə görə, xaricdən alınan əvəzsiz maliyyə yardımları əlavə dəyər vergisinə cəlb oluna bilməz. Məhkəmədə iştirak edən AXCP sədrinin müavini Gözəl Bayramlı hesab edir ki, bu ittiham əsassızdır:

“Anar Məmmədli və digər iki nəfər təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunub. Hesab edirəm ki, heç bir əsası yoxdur, sifarişlə həyata keçirilir. Məhkəmənin gedişindən belə görünür, hakimin yönləndirici suallarından bəzən, ittiham tərəfini müdafiə xarakterli davranışlarından hiss olunur ki, sifariş olunub. Digər məhkəmələrdə olduğu kimi bu da sifarişlə sonuclanacaq”.

SMDT-nin üç əməkdaşına qarşı başlanan məhkəmə prosesi mayın 13-də, saat 14-də müdafiə tərəfinin şahidlərinin dindirilməsi ilə davam etdiriləcək.

Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cü, Elnur Məmmədovun isə eyni maddələr və əlavə olaraq da 179-cu maddənin 3 bəndi üzrə, ümumilikdə 8 maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı A.Məmmədlini “vicdan məhbusu” elan edib. A.Məmmədlinin həbsinin əsl səbəbi 2013-cü il 9 oktyabrda keçirilmiş prezident seçkiləri zamanı seçkinin saxtakarlığı ilə bağlı hesabat yaymasıdır.

Ana səhifəVideo“Nazirliyin əməkdaşı kommersiya obyektinin nə olduğunu bilmir”