Nazirlik: Satışda xeyli at əti tapılaraq məhv edilib

Natiq Cəfərli: “Şübhəlidir, ət baha, kolbasa ucuzdur”

Source:
Kürdəmir rayonunda satış məqsədi üçün at əti kəsən şəxs
Kürdəmir rayonunda satış məqsədi üçün at əti kəsən şəxs


Natiq Cəfərli: “Şübhəlidir, ət baha, kolbasa ucuzdur”

“Satışda eşşək əti aşkarlanmayıb. Ancaq xeyli at əti tapılaraq məhv edilib”, – Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözləridir.

Məlumatı “Report” yayıb.

Yolçu Xanvəlinin deməsinə görə, 2015-ci ildə ümumillikdə 60 tona yaxın mənşəyi bəlli olmayan ət və süd məhsulları aşkarlanıb. Onun 3 tondan artığı at əti olub: “2016-cı ildə bu rəqəm 70 ton olub. 2017-ci ilin ötən müddəti ərzində isə 5-6 ton. Onun da 2 tondan artığı at ətidir”.

Y.Xanvəli at ətinin şəhərə daha çox rayonlardan gətirildiyini deyir. Ağcabədi, Bərdə, İmişli, Kürdəmir, Salyan və s. rayonlardan gətirirlər:

“At əti insan sağlamlığı üçün ciddi təhlükə törətmir. Ancaq bu heyvanlarda olan manqo xəstəliyi onun ətindən istifadə edən insanlara yoluxa bilər”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Azərbaycanda sümüksüz ətin qiymətinin 14-15 manata olduğu bir zamanda, 1 manata satılan dönərin tərkibinin şübhə doğurduğunu deyir:

“Dönərə azı 100 qrama yaxın ət qoyulur. Bişdikdən sonra 1 kilo ətin 20 faizinin itkiyə getdiyini nəzərə alsaq, deməli, təxminən 18 manata başa gəlir. Bunun da 100 qramı 2 manata yaxın (1 manat 80 qəpik) edir. Çörəyini, içindəki tərəvəzlərini də nəzərə alın. Bu da şübhəlidir. Yararsız ətlərin həmin istehsalda istifadə olunması fikrini doğurur”.

Natiq Cəfərli həm iqtisadçı, həm də Respublikaçı Alternativ” (REAL) Hərəkatının icra katibidir.

O, kolbasa qiymətlərinin də eyni cür olduğunu deyir:

“Ət baha, kolbasa ucuzdur. Bu da şübhəlidir. Buna da nəzarət etməli olan kifayət qədər dövlət orqanı var. Deməli, nəzarət düzgün aparılmır”.

Martın 30-da Dövlət Statistika Komitəsi Azərbaycanda eşşəklərin sayının 5 min azalması ilə bağlı məlumat yaymışdı. Bu, sosial şəbəkələrdə müzakirəyə səbəb olmuşdu. Eşşəklərin dönərxanalara satıldığını deyənlər də olmuşdu.

Ana səhifəXəbərlərNazirlik: Satışda xeyli at əti tapılaraq məhv edilib