Nazirlik: Məhkumlar işlə təmin olunur

Əbdül Əbilov: Siyasi məhkum olduğum üçün iş axtarışında çətinliklərlə üzləşirəm

Source:


Əbdül Əbilov: Siyasi məhkum olduğum üçün iş axtarışında çətinliklərlə üzləşirəm

2017-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 5214 nəfərə birdəfəlik müavinət ödənilib.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilir ki, müvafiq qanunvericiliyə uyğun olaraq, bu təbəqədən olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət verilir:

“Azərbaycan Respublikası prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də 12,06 faiz artırılaraq 520 manata çatdırılıb”.

Məlumatda o da vurğulanır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə peşə hazırlığının təşkili işləri 2017-ci ildə də davam etdirilib. Ötən il ölkədə 10-dan çox penitensiar müəssisənin peşə tədrisi bazalarında əmək bazarının tələblərinə uyğun peşələr üzrə ümumilikdə 14 peşə hazırlığı kursu təşkil olunub:

“Həmin kurslara müəssisələrdə cəza çəkmə müddəti başa çatmaqda olan 200 nəfər şəxs cəlb olunub. Peşə hazırlığı kurslarında müvafiq şəxslərə öz seçimlərinə uyğun olaraq avtomobillərin təmiri üzrə çilingər, elektrik-qaz qaynaqçısı, kompüter texnikasının təmiri, inşaat rəngsazı, dülgər-xarat və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilib. Kursları bitirdikdən sonra həmin şəxslərə peşə şəhadətnamələri verilib.

Qeyd olunan Tədbirlər Planının icrası işlərinin davamı olaraq, təkcə son beş ildə, yəni 2013-2017-ci illər ərzində penitensiar müəssisələrdə məhkumluq müddəti bitməkdə olanlardan 780 nəfər şəxs peşə hazırlığına cəlb olunub.

Bu kursların təşkilində məqsəd penitensiar müəssisələrdən buraxıldıqdan sonra həmin şəxslərin yeni yiyələndikləri peşələr hesabına əmək bazarına çıxış və məşğulluq imkanlarına imkanlarına şərait yardılmasıdır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin də kvota üzrə ayrılmış iş yerlərində məşğulluğu təmin olunur”.

2017-ci ilin birinci rübündə isə nazirlik 1143 nəfərə 464 manat birdəfəlik müavinət

verib

.

Keçmiş məhkum Əbdül Əbilov deyir ki, onun cəza çəkdiyi 13 saylı cəzacəkmə müəsissəsində də peşə hazırlığı keçmək istəyənlər üçün şərait yaradılmışdı:

“Bir-iki məhkum tanıyırdım ki, çilingər, dülgər kimi peşələrə sahib olmuşdular”.

Birdəfəlik müavinətə gəlincə, Ə.Əbilov da aldığını söyləyir. İş məsələsindən isə xəbərsizdir:

“Kimlərin işlə təmin edilməsindən məlumatsızam, amma özüm işsizəm. Siyasi məhkum olduğum üçün iş axtarışında çətinliklərlə üzləşirəm”.

Əbdül Əbilov

Əbdül Əbilov 2013-cü ilin noyabrında həbs olunmuşdu. O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunurdu. O, bu ittihamı qəbul etmirdi.

2014-cü il mayın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə gənc bloger Ə.Əbilova 5 il yarım iş verilmişdi.

Ə.Əbilov “Facebook”-da “Yaltaqlara dur deyək!” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.

2017-ci il martın 16-da prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa buraxılıb.

“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası — onların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədi ilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemini nəzərdə tutur. Bu tədbirlər həmin şəxslərin qeydiyyata alınması, onlar üçün sosial adaptasiya mərkəzlərinin yaradılmasını, onlardan daimi yaşayış sahəsi olmayanların Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin edilməsini, həmçinin bu insanların peşə hazırlığı işinin təşkilini, onların işlə, tibbi və sosial yardımla təmin olunmasını əhatə edir.

Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə nazirlik tərəfindən 26 oktyabr 2011-ci il tarixli 11/7-197 nömrəli Əmrlə Tədbirlər Planı təsdiq olunub. Ancaq hələlik, ölkədə məhkumların sosial adaptasiyası prosesi işə düşməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən ilin martında 50 nəfər kişi məhkum üçün adaptasiya mərkəzi-sığınacaq tikildiyini qeyd

etsə də,

həmin mərkəz hələ istifadəyə verilməyib.

Sahib Məmmədov

Ötən ilin yayında “Qaynar.info”-ya

açıqlama

verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə cəzaçəkmə müddətini başa vuran şəxslərin iş yerləri ilə təmin edilməsinin zəif təşkil olunduğunu vurğulayıb.

“Cəzaçəkmə müəssisəsində cəzasını başa vurmuş şəxslərin sosial reabilitasiyası ilə bağlı qanun var. O qanuna görə məhkumlara hökumət tərəfindən birdəfəlik yardım verilməlidir. Əgər məhkumun yaşamağa yeri yoxdursa, ona yataqxanada yer verilməlidir ki, bunun üçün yataqxana da tikilməyib. Yer ayrılıb, amma iş hələ ki, qalır. Bir də həmin şəxslərin işlə təmin edilməsi məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətinə həvalə edilib. Burada da vəziyyət ürəkaçan deyil, çünki işlə təmin etmək üçün tələb olunan göstəricilər həddindən artıq çoxdur. Yəni, iş yeri tapılmaması ilə yanaşı, sahibkarlar da cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərə iş vermək istəmirlər. Bu problem bütün cəmiyyətlərdə var, amma cəmiyyət də bu məsələlərdə anlayışlı davranmalıdır. Bu, məsələnin görünən tərəfidir. Görünməyən tərəfi isə odur ki, məhkumlar cəzaçəkmə müəssisələrində peşə vərdişlərini itirirlər. Penitensiar Xidmət bununla bağlı müvafiq tədbirlər həyata keçirməyə çalışır, lakin hazırda əksər cəzaçəkmə müəssisələrində bu sahədə işlər zəif təşkil edilir”.

Ana səhifəXəbərlərNazirlik: Məhkumlar işlə təmin olunur