Akif Əlinin Lütfi Zadəni təhqir etdiyi bildirilir
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Amerikada yaşamış azərbaycanlı alım Lütfi Zadəni təhqir edib. Bu barədə məlumatı “Qafqazinfo” yayıb.
Xəbərdə bildirilir ki, 10 gün müddətində nəşi ölkəyə gətiriləcək alimin harada dəfn olunacağını öyrənmək məqsədilə Akif Əli ilə əlaqə saxlayan jurnalistə məmurun cavabı belə olub:
“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.
Akif Əli “Yenicag.az” saytına açıqlamasında dediklərini təsdiqləyib:
“O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. İş başlamamış mənə zəng vurub, sual veriblər. Onun alimliyinin mənə dəxli var? İndi baxacam, görüm nə yazılıb? Kim nə istəyir desin. Oğurluq etməmişəm, pul oğurlamamışam, cinayət törətməmişəm, dövləti satmamışam. Bu, mənim şəxsi fikrimdir”.
Məsələyə reaksiya verən millət vəkili Fazil Mustafa isə “Bakipost.az”-a Akif Əliyə prezidentin nekroloqunu xatırladıb:
“Lütfi Zadəyə verilən dəyəri bilmək üçün prezidentin və birinci vitse-prezidentin imzaladığı nekroloqa baxmaq lazımdır. Belə çıxır ki, onlar “fındıqbaş” üçün nekroloq imzalayıblar? Azərbaycanın ən böyük, dəyərli alimlərindən biri olan şəxs haqqında prezident, birinci vitse-prezident, dövlət xadimləri bu qədər yüksək fikirlər səsləndirdiyi halda, kimsə onun haqqında belə ifadələr işlədirsə, bu, anormallıqdan başqa bir şey deyil. Bunun izahını tapa bilmirəm. Bu, nə ifadədir? Açığı, mən inanmıram ki, o, bu ifadəni işlədib. Əgər işlədibsə, o zaman o, həqiqətən də harada olduğunu, nə işlə məşğul olduğunu anlamır. Bunun başqa adı yoxdur. Dövlət səviyyəsində bu adama qiymət verilib, prezident nekroloq imzalayıb. Bunları da qırağa qoyuram. Bir alimə, dünyanı heyrətləndirmiş bir dahiyə “fındıqbaş” demək küçə adamı məntiqindən başqa bir şey deyil. Şeir yazan, ədəbiyyatdan başı çıxan bir adamın bunu dediyinə şübhə ilə yanaşıram. Amma çox üzüldüm. Çox böyük qəbahət və biabırçılıqdır. Bu biabırçılığa görə də bu adamların məsuliyyət daşıması vacibdir. Pis örnəkdir. Sən kimisə sevməyə, qəbul etməyə bilərsən. Amma heç azərbaycanlı olmasa belə, bir alimə qarşı belə ifadə işlətmək həqiqətən də heç bir tərbiyə çərçivəsinə sığmayan məsələdir”.
Yazıçı Anar da Lütfi Zadənin təhqir olunmasını pisləyib. O, “Axar.az”-a açıqlamasında deyib:
“O adamın (Akif Əli – red.) kim olduğunu, hansı vəzifədə çalışdığını, Lütfi Zadə haqqında nə dediyini bilmirəm, bilmək də istəmirəm. O dediyiniz adam haqda danışmaq belə istəmirəm. Amma görkəmli alimimiz Lütfi Zadənin ölümünə çox təəssüflənirəm. Böyük itkidir. Allah rəhmət eləsin”.
Akif Əli “Facebook” səhifəsi vasitəsilə dediklərinə görə üzr istəyib:
“ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa, üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”.
Lütfi Zadənin vəfatı ilə bağlı ötən gün ölkə prezidenti və dövlət rəhbərliyi onun yaxınlarına rəsmi başsağlığı verib.