Nazirin adı ”Siyəzən Broyler”lə bağlı qalmaqalda hallanır

Aslan İsmayılov: “İş adamını qorxudub ölkədən qaçırtdılar”

Source: arxiv


Aslan İsmayılov: “İş adamını qorxudub ölkədən qaçırtdılar”

“Siyəzən Broyler” ASC-nin səhmlərinin 50 faizinin sahibi ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovdur”.

Vəkil Aslan İsmayılov belə deyir. Meydan TV bu iddianı araşdırmağa çalışıb.

Vəkilin müdafiə etdiyi türkiyəli iş adamı Ömür Oral ilə “Siyəzən Broyler” arasındakı qalmaqal ötən ildən yaranıb…

1,7 milyonluq borc

Bu il martın 10-da türkiyəli iş adamı Ömür Oral mətbuat konfransı keçirərək, Azərbaycanın “Xəmsə-M” cəmiyyətinin rəhbəri Mürvət Həsənlinin rəhbəri olduğu “Emre Piliç” şirkətinə borcunu ödəməkdən imtina etdiyini deyib.

Onun sözlərinə görə, “Xəmsə-M” MMC-nin rəhbəri Türkiyənin toyuq məhsulları müəssisəsi “Emre Piliç” şirkətinin 1,7 milyon dollar məbləğində vəsaitini qanunsuz ələ keçirib.

“Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma zamanı Həsənli borcu tam şəkildə etiraf edib. Baş İdarənin tövsiyəsi ilə tərəflər 2016-cı il noyabrın 12-də “Borcun etirafı haqqında Müqavilə” bağlayıb. Razılaşmaya əsasən, borcun məbləği 1 milyon 300 min dollara endirilib. Buna baxmayaraq Həsənli borcu qaytarmaqdan imtina edir”, – deyə Ömür Oral müqavilənin surətini jurnalistlərə təqdim edib.

O deyib ki, şirkəti 2008-ci ildən Azərbaycanda fəaliyyət göstərir və ölkənin broyler sənayesinin inkişafında mühüm rol oynayıb.

“Şirkətimiz Azərbaycanda sağlam ana toyuq və damazlıq yumurta istehsalını təşkil edib. 2013-cü ildə “Siyəzən Boyler”dən götürdüyümüz qan nümunələrində Türkiyədə laborator analizi zamanı quş qripi və digər xəstəliklər aşkar olundu. Biz “Siyəzən Broyler”i yenidən qurduq. Türkiyədən və Fransadan ana toyuqlar gətirdik. Müəssisə gəlirlə işləməyə başladı”, – o qeyd edib.

Ümumilikdə 3,8 milyon dollar borc yaranıb

Ömür Oral bildirib ki, “Emre Piliç” şirkətinin “Siyəzən Broyler” ASC-yə damazlıq yumurta satması nəticəsində ümumilikdə 3,8 milyon dollar borc yaranıb.

“Siyəzən Broyler” pulu Mürvət Həsənliyə ödəyib. Həsənli 2,1 milyon dolları İstanbulda nağd şəkildə mənə verib. Qalan 1,7 milyon dolları isə qaytarmır”.

Ömür Oral problemin həlli üçün Azərbaycan prezidentinə, Birinci vitse-prezidentə, Baş prokurora və digər rəsmi qurumlara dəfələrlə müraciət edib.

“Müraciətlərimin hər hansı nəticəsi yoxdur. Deyirlər, bu şirkətlər çox yüksək vəzifəli şəxslərin himayəsindədir. Müraciətlərimdən sonra prezidentin köməkçisi Əli Həsənovun nəzarətində olan media orqanlarında əleyhimə yazılar dərc olunmağa başlayıb. Mən buradan bəyan edirəm ki, türkəm, babam Şəkinin Göynük kəndindən köçüb. Ermənistan vətəndaşı olan şəxslərlə hər hansı ticarət əlaqəm yoxdur”, – Oral əleyhinə yazılan məqalələrə belə cavab verib.

Aslan İsmayılov

Vəkil Aslan İsmayılov deyir ki, bu problem ortaya çıxanda ilk danışıqları Milli Məclisin deputatı, Onkologiya Mərkəzinin maliyyə direktoru Kəmaləddin Qafarov aparırmış. O, “Siyəzən Broylerin” bütövlükdə borcunu Mürvət Həsənliyə ödədiyini deyib.

Məqsəd iş adamını qorxutmaqdır

Mətbuat konfransının keçirilməsindən ötən 6 ay ərzində Ö.Oralın müraciətinə cavab verilməyib, onun pulu geri qaytarılmayıb. Aslan İsmayılov isə “Facebook” səhifəsində məsələnin arxasında ədliyyə naziri Fikrət Məmmədovun dayandığını, bu səbəbdən də problemin həll olunmadığını yazıb. O, fikirlərini belə əsaslandırıb:

“Baş Prokurorluğun Korrupsiyaya qarşı Baş İdarəsi araşdırma aparıb, həqiqətən, həmin pulların M.Həsənliyə verildiyini sübuta yetirdi. İşi aparan müstəntiq, Baş İdarənin rəhbərliyinin göstərişi ilə hərəkət edən Tural Aslanovun təkidi ilə məhkəmədə olan iddia ərizəsini geri götürdüm və Ömür Oralla M.Həsənli arasında güzəşt edilib, 1 milyon 300 min dollarlıq borcun etirafı müqaviləsi bağlandı. Həmin İdarənin rəhbərliyi bütün məbləğin 4 həftə ərzində ödəniləcəyini bildirdi. Üç gün sonra müstəntiq Baş İdarənin rəis müavini, həmin qanunsuzluğu uğurla başa vuran kimi Bakı şəhər Prokuroru təyin olunan İlqar Abbasovun adı ilə məni dəvət edib, M.Həsənlinin təklif etdiyi 700 min dollara razılaşmamızı təklif etdi. Rədd cavabı verdim. Bundan sonra araşdırma ilə bağlı Prokurorluğa müraciətimə: “Bu, mülki işdir, məhkəmələrə müraciət edin”, – cavabı verildi”.

Əli Həsənov
Əli Həsənov

Əli Həsənovun nəzarətində olan jurnalistlər hər gün bizi təhqir etməyə başladı

Aslan İsmayılov yazır ki, bundan sonra təzyiqlərə məruz qalan türkiyəli iş adamı Azərbaycanı tərk edib:

“M.Həsənli addımbaşı yaxın münasibətlərini vurğuladığı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun nəzarətində olan jurnalistər vasitəsilə hər gün bizi təhqir etməyə başladı. Martın 28-də Ö.Oral mənə telefon açıb öz vəkili ilə Bakıya gələcəyini bildirdi və biz görüşməyə qərarlaşdıq. Təxminən gecə saat 12 radələrində Ö.Oral mənə telefon açıb M. Həsənlini tanımadığı digər şəxslərlə Bakı Hava Limanında gördüyünü və onun çıxmasını gözlədiyini bildirdi. Dərhal öz maşınımla hava limanına yollandım. Ö.Oralı qarşıladım və birlikdə “Boulevard Hotel Baku”ya tərəf hərəkətə başladıq. Yolboyu M.Həsənli və dəstəsi “S Class Mercedes” markalı “10 GC 010”, “Mercedes” markalı “90 FX 507”, “Mercedes” markalı “90 VD 098” dövlət qeydiyyat nişanlı maşınları ilə Bakı Hava Limanından mehmanxanaya qədər bizi təqib etdilər. Yolboyu həmin maşınların bizi təqib etmə üsulları və manevrləri mənə tam Siciliya mafiyasını xatırlatdı.

M.Həsənlinin qurduğu mafiya şousu bir məqsəd güdürdü – Ö.Oralın qorxması, Azərbaycanın bir mafiya ölkəsi olduğundan borc tələbindən vaz keçməsi. Ö.Oralla son söhbətlərimdə artıq onda Azərbaycanın mafiya qaydasında idarə edilməsinə əminlik gördüm. 3 günlüyə gəlmiş insanlar Azərbaycanı həqiqətən mafiya ölkəsi sayıb, elə səhər tezdən Bakını tərk etdilər”.

Mürvət Həsənli 3 günlük həbs edildi

Vəkil bundan sonra daxil işlər naziri Ramil Usubovun qəbulunda olduğunu deyir:

“Ədalət naminə deyim ki, elə həmin gün M.Həsənli DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən həbs edildi. Onun həbsinin 3-cü günü müstəntiq Hacı Əfəndiyev Ö.Oralı dəvət edib iştirakımla akt tərtib etdi, dəymiş ziyanın 50 min ABŞ dollarını yerində ona verdi. Elə həmin gün əlavə olaraq 300 min dollar ödəniləcəyini və bir həftə ərzində borcun qalan hissəsinin tam bağlanacağını bildirdi. Üç gün həbsdə yatan, oğurladığı pulun 50 minini rəsmən ödəmiş M.Həsənli azad olan kimi yenə həmin mətbuat vasitələrində heç vaxt həbs olunmadığını, mənim isə yalan danışdığımı tirajladı. Müraciətlərimə baxmayaraq, heç bir rəsmi orqan buna münasibət bildirmədi. Həqiqətən, buna qədər M.Həsənlinin həmin pulları təkbaşına mənimsədiyini düşünürdüm. Baş verənlərdən sonra anladım ki, adı milyonluq dələduzluqda hallanan, Türkiyə səfirinin, Türkiyə ticarət nümayəndəsinin qanunsuzluqlarla bağlı Baş Prokurorluğa şikayət edildiyi şəxs, ən yüksək səviyyədə himayə olunmasa, bu cür qanunsuzluqlar baş verməzdi. Araşdırmalar göstərdi ki, bu qanunsuzluqların başında “Siyəzən Broyler”in səhmlərinin 50 faizinin sahibi Fikrət Məmmədov və onun yaxın qohumu – digər 50 faizin sahibi dayanır”.

Fikrət Məmmədov səhmdar deyil

Meydan TV iddialara cavab almaq üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb. İki gün mütəmadi zəng olunsa da, nazirlikdən Meydan TV-nin suallarına cavab verilməyib.

Respublika Prokurorluğundan da məsələyə münasibət bildirilməyib. Adı qalmaqalda hallanan Mürvət Həsənli isə “Facebook” hesabı vasitəsilə A.İsmayılova cavab yazıb.

Vəkilin ona ləkə yaxdığını deyən iş adamı deyilənləri təkzib edib.

M.Həsənli deyir ki, Fikrət Məmmədovun adının “yumurta mafiyası” məsələsində hallandırılması məkrli və düşünülmüş yeni taktikalardandır:

“Məqsəd dövlət adamlarını santaj edərək, onları mənə qarşı ədalətsiz qərarlar verməyə sürükləməkdir.

Aslan İsmayılovun həmin statusunda bildirdiyinə görə, guya erməni ortaqlığı olan “Emre Piliç” şirkətinin damazlıq yumurta satdığı müəssisələrdən biri “Siyəzən Broyler” şirkəti Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədova aiddir. Guya hörmətli Fikrət müəllim “Siyəzən Broyler”də 50 faiz səhmə sahibdir. Halbuki həmin şirkətlə uzunmüddətli əməkdaşlığımızdan əminəm ki, irəli sürülən bu ittihamın zərrə qədər də əsası yoxdur. Aslan müəllim “Siyəzən Broyler”in sahibkarlarının siyahısıyla azacıq tanış olsa bilərdi ki, bu şirkətin 72 səhmdarı var və onların arasında Fikrət Məmmədovun adı yoxdur. Bir iş adamı kimi deyirəm: bu cür çoxsəhmdarlı anonim şirkətlər təkbaşına sahibkar olmaq istəyən investorlar üçün də səmərəli təsir bağışlamır.

Aslan İsmayılovun mənimlə “Emre Piliç” arasında yaranmış qalmaqalı Azərbaycan hüquq sisteminin başında dayanan nazirin üstünə atmasının isə bir məqsədi var: məhkəmələrə təsir etmək və onların ədalətsiz qərar verməsinə nail olmaq. Halbuki bu məsələ ilə bağlı keçirilən bütün məhkəmələr artıq öz sözünü deyib, birmənalı olaraq erməni şirkətinin iddialarının əsaslı olmadığını sübuta yetirib. Görünür, hüquqi müstəvidə uduzduğunu görən vəkil bu məğlubiyyətlə razılaşmır, qeyri-hüquqi yollarla nəticə əldə etməyə can atır”.

37068,72 ABŞ dolları məbləğində yaranmış daha bir borc

“Azərbaycan Dəmir Yolları” QSC də “Siyəzən Broyler” ASC-dən şikayətçi olub. Bu barədə məhkəməyə də müraciət edib. İddia ərizəsində bildirilir ki, şirkət 2014-2015-ci illərdə yükdaşıma xidmətini dəmir yolları vasitəsilə həyata keçirib. Bu müddət ərzində xidmətdən istifadə etsə də, pulunu ödəməyib. Nəticədə “Azərbaycan Dəmir Yolları” QSC-yə 37068,72 ABŞ dolları məbləğində borcu yaranıb. “Azərbaycan Dəmir Yolları” QSC də məhkəməyə müraciət etməli olub.

Fabriklə nazir arasında bağ varmı?

Azadlıq Radiosu yazır ki, “Siyəzən Broyler” fabrikinin səhmlərinin 99,17 faizinin sahibi “Monolit-D ltd” firmasıdır.

1999-cu ildə yaradılan (dövlət reyesrt məlumatlarına görə, təsisçisi Sədəddin Mürsəl oğlu Məmmədovdur) “Monolit-D Ltd” firması neft məhsullarının ticarəti, dənizdə servis işləri, dəniz suyunun təmizlənməsi və s. ilə məşğuldur. O, “Siyəzən Broyler” fabrikini 2010-cu ildə investisiya müsabiqəsində satın alıb.

Bunadək isə fabrik eyni yolla 3 dəfə əldən-ələ keçib. Fabrikin 99,84 faiz səhminə sahib olmuş Livanın “Ruby Rose Grouр S.A.R.L” (2000-2006) şirkətinin mülkiyyətində 0,67 faiz səhm qalır. İndi bu səhmlərin də livanlı investorlardan məhkəmə yolu ilə geri alınması uğrunda mübarizə gedir.

Qalan az sayda səhm fabrikin 70-dən çox əmək kollektivinin üzvlərinə məxsusdur.

Bu ilin əvvəlində “Monolit- D ltd” firması yenidən təşkil olunduğunu və iki şirkətə bölündüyünü elan edib. Şirkətin açıqlamasında “Monolit-D” MMC-nin və “Monolit-Eco” MMC-nin yaradıldığı göstərilir. Bölünmənin motivləri haqda bilgi verilmir.

“Monolit-D ltd” MMC-nin təsisçisi və direktoru Sədəddin Məmmədovla nazir Fikrət Məmmədov arasında hər hansı bağın olması haqda da məlumat yoxdur.

“Monolit-D ltd”-dən bu barədə danışmaq istəməyiblər. Fabrikin adının açıqlanmasını istəməyən səhmdarlarından biri Meydan TV-yə deyib ki, Fikrət Məmmədov birbaşa sahibkar deyil və rəhbərliklə hər hansı əlaqəsinin olması barədə də dəqiq faktları yoxdur.

Meydan TV nazirlə fabrik arasında bağın olmasına dair faktın təqdim edilməsi üçün Aslan İsmayılova müraciət edib. Vəkil hələlik belə bir faktı redaksiyaya təqdim etməyib.

Ana səhifəAraşdırmaNazirin adı ”Siyəzən Broyler”lə bağlı qalmaqalda hallanır