Nazir müavini sahibkarları təhqir etdi

”Kiməsə təklifinə görə ”dünənki cücə” demək bilavasitə təhqirdir”

Source:
Sahib Ələkbərov
Sahib Ələkbərov


”Kiməsə təklifinə görə ”dünənki cücə” demək bilavasitə təhqirdir”

“Bu il supermarketlərdə 760-dan çox GPS aparatları quraşdırmışıq”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov supermarketlərin Vergilər Nazirliyinə vergi məsələləri ilə bağlı dərs keçməsindən də narazılıq edib: “Hələ bizə deyirlər ki, gəlin oturaq, sizə başa salaq. Dimdiyinin sarısı getməyən dünənki cücə bizə ƏDV-ni öyrətmək istəyir”.

Nazir müavininin sonuncu cümləsini Meydan TV-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli ölkə başçısının “məmurlar xalqın xidmətçisidir” fikrini xatırladaraq bilirib ki, xidmət göstərən tərəf heç bir təklifi həqarətlə, yaxud təhqirlə qarşılaya bilməz: “Kiməsə təklifinə görə “dünənki cücə” demək bilavasitə təhqirdir. Bu, bir məmurun öz imtiyazından o qədər böyük sui-istifadə etməsidir ki, onun yenidən həmin vəzifədə qalması belə ciddi müzakirə mövzusu ola bilər. Çünki siyasi post daşıyan insanlar bilavasitə xalq qarşısında hesabat verirlər. Onları həmin vəzifədə xalqın münasibəti saxlayır. Ona görə də xalqın içindən gələn təklifə belə münasibət heç bir halda etik çərçivəyə sığmır”.

Ələsgər Məmmədli

Hüquqşünas hesab edir ki, nazir müavinin açıqlamasında məhkəmə predmeti var: “Təklif verən şəxs, yaxud şəxslər bununla bağlı nazir müavinindən kompensasiya tələb edə bilər. Nazirin açıqlamasının təhqir elementi də xüsusi ekspertizaya göndərilməlidir”.

İqtisadçı Natiq Cəfərli də nazir müavini səviyyəsində olan bir məmurun belə açıqlamasından təəssüfləndiyini deyir: “Dünyanın hər yerində iri vergi ödəyicilərilə vergi yığan dövlət idarələri dialoqda olur. Biznesmenlərin institutlaşmış şəbəkələri olur, məsələn, Türkiyədə TUSİAB vergilərlə bağlı bütün danışıqlarda iştirak edib, təkliflərini irəli sürür. Azərbaycanda isə nazirlik işçilərinin əksəriyyəti özlərini hamıdan ağıllı və hər şeyi bilən kimi təqdim edirlər. Əslində, belə deyil. Onların əsas işi yerlərdən gələn təklifləri dəyərləndirib işin optimallaşması üçün hansı addımların atılması istiqamətindəki müzakirələrdə iştirak etməkdir”.

Natiq Cəfərli

İqtisadçı düşünür ki, iş adamlarının təklifi müzakirə ortamı yaratmalı idi və nazirliklə, ekspertlərlə birgə normal müzakirələr aparmalıydı: “Ancaq nazir müavininin qeyri-etik ritorikadan istifadə edərək, məsələyə münasibət bildirməsi o anlama gəlir ki, düşüncələrdə və idarəetmədə dəyişiklik yoxdur. Hələ də sovetdənqalma yanaşma ilə, “hökumət hamıdan ağıllıdır” prinsipilə təkliflərə münasibət bildirirlər. Əslində, bizim vergilərimiz hesabına hörmət etməli olan hökumət iş adamlarının və vətəndaşların təkliflərini nəzərə alıb müzakirələr aparmalıdır”.

Hüquqşünas Xalid Ağaliyev də təhqirə qarşıdır: “Ola bilsin ki, hansısa iqtisadçı və ya vergi ödəyicisi təcrübəsiz olsun. Eyni zamanda, hansısa iqtisadçı və ya vergi toplayan daha artıq təcrübəli ola bilər. Ancaq təcrübəlilər özlərinin dimdiyi möhkəm, bərkimiş toyuqla müqayisə edilməsini nə qədər arzu etməzlərsə, təcrübəsizlər də eynilə aşağılayıcı müqayisələri istəməz”.

Hüquqşünas vurğulayıb ki, belə ifadələrdən istifadə, ilk növbədə, məmurun kobud etik pozuntuya yol verməsidir: “Qanunvericiliyə görə, belə pozuntulara nəzarət etməli qurum Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın səlahiyyətlərini icra edən qurumdur. Hesab edirəm ki, komissiya belə ifadələrə, açıqlamalara mütləq müdaxilə edərək rəy bildirməlidir ki, digər məmurlar açıqlamalarında daha ölçü-biçili olsunlar”.

Xalid Ağaliyev

X.Ağaliyev vurğulayıb ki, hər bir vətəndaşın, vətəndaş qruplarının təklif irəli sürmək haqqı var, dövlət qurumları isə bu təkliflərə həssas yanaşmaq vəzifəsi daşıyırlar: ”Konkret olaraq, ƏDV məsələsinə gəldikdə, bu təklif sahiblərini dinləmək hökumətin, daha dəqiqi Vergilər Nazirliyinin vəzifəsidir. Təklif sahiblərini dinləmək lazımdır, aşağılamaq yox. Belə davranışlar həm məmuru, həm də ümumilikdə hökuməti gözdən salır, onlara inamı azaldır”.

Ana səhifəXəbərlərNazir müavini sahibkarları təhqir etdi