Nazir müavini: “İşğaldan azad olunan ərazilərdə teatr tamaşaları nümayiş etdiriləcək”

Foto: Meydan TV

“Biz teatr sahəsində yeniliklər tətbiq edərək onun populyarlaşdırılmasına zəmin yaratmalıyıq”

“Yaxın zamanlarda işğaldan azad olunan ərazilərdə teatr tamaşaları nümayiş etdiriləcək”.

Bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Planet parni iz Baku” KVN teatrının kollektivi ilə görüşü zamanı deyib.

O həmçinin bildirib ki, hərbi hissələrdə teatr tamaşalarının nümayişi nəzərdə tutulub.

“Teatr cəmiyyətin aynasıdır. Elə bir cəmiyyət yoxdur ki, orada teatra maraq olmasın. Biz teatr sahəsində yeniliklər tətbiq edərək onun populyarlaşdırılmasına zəmin yaratmalıyıq”, – Elnur Əliyev qeyd edib.

Azərbaycan Milli Teatrının əsası 1873-cü il martın 10-da Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə qoyulub. Həmin vaxtdan etibarən Azərbaycanda hər il martın 10-u Milli Teatr Günü kimi qeyd olunur.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəMədəniyyətNazir müavini: “İşğaldan azad olunan ərazilərdə teatr tamaşaları nümayiş etdiriləcək”