Nazir: Bütün ölkələrdə pensiya yaşı artırılır

Natiq Cəfərli: ”Dövlət bu sahədəki inhisarçılığa son verməlidir”

Source:
Sahil Babayev
Sahil Babayev


Natiq Cəfərli: ”Dövlət bu sahədəki inhisarçılığa son verməlidir”

“Bütün ölkələrdə pensiya yaşı artırılır, azaldılmır. Avropa ölkələrində artıq 67-69-a qaldırılıb”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

modern.az

-a açıqlamasında deyib.

O bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır. Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. Onlar 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər:

“Bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur. Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.

İqtisadçı Natiq Cəfərli deyir ki, Sahil Babayev pensiyaların artmasının və ödəniş səviyyəsinin əsnək təyin edilməsini istəyirsə, dövlət olaraq bu sahədəki inhisarçılığa son verməlidir.

Onun sözlərinə görə, ölkədə özəl Təqaüd Fondları fəaliyyət göstərməli, vətəndaşın seçim imkanı olmalıdır, təqaüd sisteminə olan inamı bərpa edilməlidir:

“Vətəndaş bilsə ki, seçim imkanı var, rəqabətli mühit var, Fondlar növbəyə durub ona xidmət etmək istəyir və bunun üçün də fərqli seçənəklər təklif edir – o zaman Sosial Müdafiə sisteminə olan inamı artacaq. Məmurlar (deputatlar da məmurdu, çünki təyin edilmişlər məmur sayılırlar) son 12 ildə 3 dəfə, özü də heç bir müzakirə təşkil etmədən təqaüd sistemini istədikləri kimi dəyişiblər. Bundan sonra hələ də istəyirlər ki, biznes və vətəndaş onların sisteminə inansın?!”

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı bildirir ki, bu gün ölkədə ata-ana övladını yanından ayırmaq istəmir, çünki hökumətin təqaüd sisteminə inanmır. Aldığı təqaüd isə heç dərmanına da çatmır:

“Adını da qoymuşuq biz ailəcanlıyıq, bu ailə dəyərləridir. Halbuki belə vəziyyət sırf valideynlərin gələcəyə inamsızlığı ilə bağlıdır. Oğul-qız ata-ananın yanından maddi çətinliklərə görə ayrıla, özünə ev-maşın ala, təkbaşına ailə dolandıra bilmir. Bunun da adını qoymuşuq ailə dəyərləri, halbuki bu da iqtisadi durumla bağlı məsələdir. Dövlət adil olmalı, təqaüd sistemində rəqabətli mühitin yaranmasına nail olub da, kənardan ədalətli hakim rolunu oynamağı bacarmalıdır. Sivil dünyanın keçdiyi yol məhz budur”.

Noyabrın 14-də Milli Məclisdəki büdcə müzakirləri zamanı pensiya yaşı müzakirə edildi. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırdı.

Ana səhifəXəbərlərNazir: Bütün ölkələrdə pensiya yaşı artırılır