Nazir: 341 polis cəzalandırılıb, 20 nəfər işdən çıxarılıb

“Polisdən insan hüquqlarının pozuntuları ilə bağlı edilən müraciətlər operativ araşdırılır”

Source:


“Polisdən insan hüquqlarının pozuntuları ilə bağlı edilən müraciətlər operativ araşdırılır”

“2017-ci ilin ötən dövründə insan və vətəndaş hüquqlarının pozulmasına görə 341 polis cəzalandırılıb, 20 nəfər xidmətdən xaric edilib”.

Daxili işlər naziri Ramil Usubov belə deyib. Məlumatı “Report” yayıb.

Ramil Usubov oktyabrın 30-u Avropa Şurasının İşgəncələrin, qeyri-insani, ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin üzvü Giorgi Tuqushinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir qonağa bildirib ki, ilin geridə qalan hissəsində 38 polis tutduğu vəzifədən azad olunub, 283 əməkdaşa digər intizam tənbehi verilib.

Polisdən insan hüquqlarının pozuntuları ilə bağlı edilən müraciətləri operativ və obyektiv araşdırdıqlarını deyən nazir müvəqqəti saxlama yerlərinin durumu haqda da danışıb. “2001-ci ildən polisin müvəqqəti saxlama yerlərinin 50-si yeni inşa edilib. Daha 22-si əsaslı təmir olunub”, – deyib.

Görüş zamanı polisin nüfuzuna xələl gətirməkdə maraqlı olan bəzi şəxslərin cəmiyyətə yanlış bilgilər ötürdüyü də ifadə edilib. Nazir beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına belə qərəzli müraciətlərin ünvanlanmasından təəssüfləndiyini bildirib.

Daxili İşlər Nazirliyinin məlumatında vurğulanır ki, Giorgi Tuqushi müxtəlif vaxtlarda aşkarlanan çatışmazlıqların bir hissəsinin aradan qaldırıldığını qeyd edib. O, həmçinin, ərazi polis orqanlarına gətirilən şəxslərin saxlanması ilə bağlı bəzi nöqsanların, hələ də mövcudluğunu xatırladıb.

Bəzi beynəlxalq hesabatlarda Azərbaycanda polis zorakılığından bəhs edilir. Avropa İnsan Hüquqları Məhkəməsi də Azərbaycanla bağlı bir neçə işdə vətəndaşların polisin zorakılığına məruz qaldığı qənaətinə gəlib.

Gənc fəallar bildirirlər ki, Milli Şuranın keçirdiyi son icazəli mitinqlərdən öncə onları polisə çağırıb aksiyalara getməməkdən ötrü hədələyirlər. Ancaq Daxili İşlər Nazirliyi belə açıqlamalara münasibət bildirməyib.

Bundan əlavə, martın 27-si şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev polis şöbəsinə dəvət edilib. İzahat verərkən onun səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq vəfat edib.

Daha öncə Mingəçevir və Bakının polis bölmələrində də ölüm hadisəsi olub.

2 il öncə Mingəçevir şəhərində 27 yaşlı Bəhruz Hacıyevin polis bölməsində döyülərək qətlə yetirildiyini iddia edilirdi. Polis isə onun ifadə prosesində özünü pəncərədən atdığını söyləyirdi.

Elə prokurorluqdakı araşdırmanın sonunda da gəncin qohumlarının iddialarının təsdiqlənmədiyi açıqlandı. Bəhruz Hacıyevin atası oğlunun ölümünün gerçək səbəblərinin ört-basdır edildiyini deyirdi.

Bir müddət öncə isə Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qaldığını söyləmişdi. O, bölmədə etmədiyi cinayəti boynuna qoymaq üçün döyüldüyünü deyirdi. Yaqut Əliyeva daha sonra polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü 3 mərtəbədən atmışdı.

Ana səhifəXəbərlərNazir: 341 polis cəzalandırılıb, 20 nəfər işdən çıxarılıb