Nazir: 2020-ci ilin ortalarında neftin barellinin 100 dollar olduğu dövrə qayıdacağıq

İqtisadçı: Hökumətin ümidini və proqramını neftin qiyməti üzərində qurması problemdir

Source:
Natiq Əliyev foto sosial şəbəkə


İqtisadçı: Hökumətin ümidini və proqramını neftin qiyməti üzərində qurması problemdir

Energetika naziri Natiq Əliyev gələn ildən neftin qiymətinin artacağını proqnozlaşdırır. Nazir “Respublika” qəzetinə yazdığı məqaləsində bildirib ki, proqnozlara əsasən, gələn il dünyada neftə tələbat artacaq. Bununla da neftin qiyməti bahalaşmağa başlayacaq.

Nazirin fikrincə, 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 mln. 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də İnkişaf Etmiş Ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir.

“Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barellinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”, – deyə Natiq Əliyev bildirib.



“Əhali sayının artması neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq”

Nazir fikirlərini əsaslandırmaq üçün deyib ki, enerji istehsalının artımını tələb edən faktorların əhalinin artması və dünyada qlobal iqtisadi aktivliklə şərtləndiyini nəzərə alsaq, növbəti onilliklərdə neftə tələbat artacaq. Nəticədə qiymət yüksələcək: “Əhali sayının artması prosesi 2035-2040-cı illərdə neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq. 2010-cu ildən 2040-cı ilədək dünya əhalisinin sayının təqribən 30 faiz artması isə qlobal ÜDM-in də, təxminən, 140 faiz yüksələcəyini vəd edir. “Brukinqs” institutunun hesablamalarına görə, 2010-2030-cu illərdə 2,8 mlrd. əhali orta təbəqə səviyyəsinə yüksələcək və onların demək olar ki, hamısı inkişaf edən ölkələrdə yaşayacaqlar. Çin, Hindistan və əsas inkişaf edən ölkələr birlikdə nəzərdə tutulmuş orta təbəqə artımının 80 faizini təşkil edir. Eləcə də, təxmin edilir ki, 2040-cı ilə qədər enerji daşıyıcılarına olan qlobal tələbat üzrə artım əsasən inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Çünki bu ölkələrin enerji istehlakı təxminən 70 faizə yüksələcək. Enerji daşıyıcıları üzrə qlobal tələbatın yarısının Çin və Hindistanın payına düşəcəyi gözlənilir”.



“Neftin qiyməti düşsə də, Azərbaycanda hələ də neft hasil edilir”

Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov noyabrın 24-də “yaxın 15-20 il ərzində isə Fonda daha 100 mlrd. dollar daxil olacağını gözləyirik” açıqlamasını verib.

Ş.Mövsümov Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda bildirib ki, neft qiyməti aşağı düşsə də, Azərbaycanda hələ də neft hasil edilir və Azərbaycan yenə də neft gəlirləri əldə edəcək”.

Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurumun neft-qaz satışından gəliri 120 mlrd. dollar olub: “Yaxın 15-20 il ərzində isə Fonda bu sahədən daha 100 mlrd. dollar daxil olacağını gözləyirik”.



“Yaxın 10 ildə 45 milyarda yaxın vəsaitin daxil olma ehtimalı var”

Fondun icraçı direktoru Şahmar Mövsümovun fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli icraçı direktorun hansı meyarlara və ölçülərə görə bu rəqəmi hesabladığını anlaya bilmir:

“Bu günkü qiymətlərə baxaq, hələ neft 50 dollar civarındadır. Bu il Fonda təqribən 5 milyard civarında vəsait daxil olacaq. Əgər neftin qiyməti indiki səviyyədə qalsa, yaxın 10 ildə 45 milyarda yaxın vəsaitin daxil olma ehtimalı var. O şərtlə ki, Azərbaycanda hasilat azalmasın”.



“Qiymətin və hasilatın azalması Azərbaycana ikiqat zərbədir”

Natiq Cəfərli foto Meydan TV

İqtisadçı bildirir ki, lakin OPEC-in son yaydığı məlumatda sutkalıq hasilatın təqribən 30 min barrel azalacağı deyilir. Daxili mənbələr də hasilatın azalacağı xəbərini verir:

“Heç kim neftin tamamilə bitəcəyini iddia etmir. Neft olacaq, sadəcə, qiymətin və hasilatın azalması Azərbaycana ikiqat zərbədir. Gələcəkdə bu proses daha da sürətlənə bilər. Bu baxımdan fondun icraçı direktoru hansı qiymətlərlə həmin rəqəmi ortaya çıxarıb, çox maraqlıdır. İndiki qiymətlər qalsa, hasilat azalacaq. Cənab Mövsümovun dedikləri fantastik görünür”.



“Neftin iqtisadi amil kimi ikinci plana keçməsi daha önəmli olardı”

Natiq Cəfərli düşünür ki, Azərbaycan hökumətinin ümidini və proqramını neftin qiyməti üzərində qurması problemdir. Neftin iqtisadi amil kimi ikinci plana keçməsi daha önəmli olardı və bu, vacibdir. Necə ki, prezident İlham Əliyev vaxtilə “Nefti unudun” deyə söyləmişdi. Onsuz da xalq unudub, indi isə hökumət nefti unudub “qara qızıl”dan asılı olmayan iqtisadi modelə keçid üçün proqram hazırlamalıdır. Təəssüf ki, bu baş vermir və bütün düşüncələr neftin qiymətinin yüksəlməsi yönündədir. Birdən bunun əksi oldu. Onda nə baş verəcək? Bax, nazirlər, bu barədə danışmaq istəmirlər”.



“Azərbaycan hökuməti reallığı görmək istəmir”

İqtisadçı deyir ki, dünyada alternativ energetikanın inkişafı neftin qiymətinin yaxın gələcəkdə kifayət qədər aşağı səviyyədə qalmasına imkan yaradır:

“Hətta Amerikanın yeni prezidenti Trump enerji daşıyıcılarıyla bağlı proqramında nəzərdə tutduğu addımları atsa, neftin qiyməti daha da ucuzlaşar. Çünki onun iqtisadi proqramında neft hasilatının artırılması, bununla məşğul olan şirkətlərə vergi güzəştləri tətbiqi qiymətin uzun zaman aşağı qalmasına şərait yaradır. Təəssüf ki, Azərbaycan hökuməti ən nikbin senariylə düşünməyə çalışır və reallığı görmək istəmir”.

Ana səhifəAnalitikaNazir: 2020-ci ilin ortalarında neftin barellinin 100 dollar olduğu dövrə qayıdacağıq