Nazim Məmmədov Rasim Məmmədovu məhkəməyə verir

“Güman etmirəm ki, bu düşüncənin sahibi 100 milyonluq zavodun sahibi olsun”

Source:


“Güman etmirəm ki, bu düşüncənin sahibi 100 milyonluq zavodun sahibi olsun”

“Baku Steel Company” ASC Müşahidə Şurasının sədri Rasim Məmmədov haqqın.az saytına müsahibəsində mühacirətdə yaşayan iş adamı Nurəddin Zülfüqarlı ilə bərabər sabiq deputat Nazim Məmmədovu da ittiham edib. Rasim Məmmədov bildirib ki, Nazim Məmmədovun sexləri kustar məhsullarına “Baku Steel Company” şirkətinin markasını vurmaqla daha bir cinayət törədirlər: “Məsələn, sabiq deputat Nazim Məmmədov, Əli Kərimlinin qohumları. Bazardakı kustar armatur istehsalı onların nəzarətindədir. Hüquq-mühafizə və digər müvafiq orqanlar hara baxır bəs? Axı bu “sahibkarlar” kriminal fəaliyyətlə məşğuldur. Bu qeyri-leqal sexlər bəyəm vergi ödəyir?”

Nurəddin Zülfüqarlı ilə əlaqə saxlamaq cəhdləri alınmasa da, Nazim Məmmədov ona ünvanlanan ittihamlarla bağlı Meydan TV-nin suallarını cavablandırıb. O, Rasim Məmmədovun onun təsisçisi olduğu “Ataxan” Dəmir Sənaye haqqında həqiqəti əks etdirməyən və işgüzar nüfuza xələl gətirən fikirlər səsləndirdiyini deyib: “Artıq hüquqşünas Rasim Məmmədovun məhkəməyə cəlb olunması üçün iddia ərizəsi hazırlayıb”.

Nazim Məmmədov təsisçisi olduğu “Ataxan” Dəmir Sənayenin 2003-cü ildə dövlət qeydiyyatından keçdiyini, həmin ildən vergi ödəyicisi və metal məmulatların istehsalı ilə məşğul olduğunu söyləyib: “2009-cu ildən armatur istehsalına başladıq, bunun üçün Standartlaşma və Metrologiya Dövlət Komitəsindən müvafiq sertifikat və istehsal sahəsinin tam təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəyini almışıq. O cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ekologiya kitabçamızı aldıq. Bu tipli müəssisələrin monitorinqini aparan bütün dövlət qurumlarından rəsmi icazələrimiz var. Təəssüf ki, vaxtında vergilərini ödəyən “Ataxan” Dəmir Sənayesi 2012-ci ildə dayandı. Halbuki, qurum Türkiyə-Azərbaycan birgə müəssisəsidir, həm də kapital qoyuluşu olan 1 milyon manatı “Xarici investisiyaların qorunması” haqqında qanunla müdafiə olunur. Ola bilər ki, kimsə kustar üsulla mal buraxır, yaxud qaçaqmalçılıqla məşğul olur, bunun mənə nə aidiyyatı var? Hətta bunlar olsa belə, bu boyda zavoda rəhbərlik edən şəxs ölkə qanunlarını ya bilmir, ya da məqsədli şəkildə təhrif edir”.

Rasim Məmmədovun heç bir qoçu dəstəsi olmaması və 4 ali məktəb bitirməsi barədə dediklərinə gəlincə, sabiq deputat dedi ki, özünü belə təqdim edən şəxs elementar işgüzar qaydalar barədə məlumatlı olmalıydı. Onun başqa şirkətlərin mal buraxması barədə fikirlər səsləndirməsi doğru deyil: “Özü də deyir ki, Amerika şirkərtində işləyib”.

Nazim Məmmədov bildirdi ki, onlara təzyiqlər 2012-ci ildən yox, 2008-ci ildən başlanıb, “Baku Steel Company” ASC-in arxasında dayanan

şəxslər tərəfindən müxtəlif yoxlamalar göndərilib: “Dəfələrlə Vergilər Nazirliyi, Əmlak Komitəsi, Standartlaşdırma və Metrologiya Dövlət Komitəsi yoxlamalar aparıb. Hətta Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi 2008-ci ildə işçilərimizdən birini həbs etmişdi. Sonradan mən bu məsələləri araşdırdıqda həbsin arxasında Rasim Məmmədovun dayandığı məlum oldu. Onsuz da “Ataxan” Dəmir Sənaye “Baku Steel Company” ilə müqayisədə “dəryada bir damladır”. “Baku Steel Company” ildə 1 milyon tondan çox mal istehsal edə bilər, bizim istehsal gücümüz isə ildə maksimum 25-30 min ton ola bilər, fərqi görürsünüzmü?! Yəni Rasim Məmmədovun mal istehsalıyla bağlı dedikləri doğrudursa, vergilərinə baxmaq lazımdır. Mən 4 universitet bitirmiş şəxsə bu fikirləri yaraşdırmıram. Sadəcə, o, qeyri-qanuni yollarla öz əməllərinə haqq qazandırmağa cəhd edir. Konkret olaraq, Rasim Məmmədov bu cür sexləri sıradan çıxartmaq üçün Gömrük Komitəsi vasitəsilə dəmir əritmədə istifadə olunan malların gətirilməsinə qadağa qoydu. Demək istəyirəm ki, “Baku Steel Company”in məhsullarının keyfiyyəti bizim məhsulların keyfiyyətindən fərqlənmir”.

Rasim Məmmədovun onu müxalifətçi adlandırmasına gəlincə, Nazim Məmmədov dedi ki, bu, özünüifşadan başqa bir şey deyil: “Arqumenti olmayan, qanunu pozanlar kiməsə çamur atmaq üçün qarşı tərəfi həmişə müxalifətçi hesab edir. Deputat olanda da, indi də, gələcəkdə də korrupsiyaya bulaşanları, prezident İlham Əliyevin etimadından istifadə edib dövlətə, millətə, iqtisadiyyata ziyan vuranları tənqid edəcəm. Hər hansı məmuru tənqid etmək müxalifətçilik deyil. Prezidentin özü də müşavirələrdə daha sərt mövqe sərgiləyir. Mən 2003-cü ildən cənab prezidentin sahibkarlığa dəstəyi ilə bağlı bütün təşəbbüslərini təbliğ edirəm və bu missiyanı gələcəkdə də davam etdirəcəm. Onun sahibkarlığa olan siyasi, mənəvi və maddi dəstəyini sabotaj edən Rasim Məmmədov prezidentə ən böyük müxalifətçidir deməyimizə çox böyük əsas var. Həm də elə münbit şərait yaranmalıdır ki, sahibkarları cəbhələri bölmək mümkün olmasın. Ola bilər, kiminsə siyasi simpatiyası hansısa partiyadır, bu, o demək deyil ki, “Baku Steel Company” onun əmlakını əlindən alsın. Güman etmirəm ki, bu düşüncənin sahibi 100 milyonluq zavodun sahibi olsun. Təəssüf ki, Azərbaycanda müəyyən insanlar iqtidar-müxalifət münasibətlərini bulandırmaqla öz şəxsi mənfəətlərini əldə edirlər. Bu insanlar nə qədər tez kənarlaşdırılsalar, Azərbaycanın gələcəyi işıqlı olar”.

Ana səhifəXəbərlərNazim Məmmədov Rasim Məmmədovu məhkəməyə verir