Nazim Məmmədov: ”Məmuru biznesdən ayırmaq lazımdır”

“Təcili struktur və kadr islahatları aparılmalıdır”

Source:


“Təcili struktur və kadr islahatları aparılmalıdır”



Prezident İlham Əliyevin yanvarın 10-da – bazar günü keçirdiyi müşavirə bir sıra müsajlarla yadda qaldı. İlham Əliyev və nazirlərin çıxışında iqtisadi böhran narahatlığı açıq şəkildə sezilirdi və struktur islahatlarına ehtiyacın olduğu vurğulandı. Sabiq deputat Nazim Məmmədovla söhbətimizdə gündəmin suallarına cavab verməyə çalışdıq.



– Nazim müəllim, prezident İlham Əliyev bazar günü keçirdiyi müşavirədə struktur islahatlarına ehtiyacın olduğunu deyib. Sizcə, hansı struktur islahatları keçirilməlidir?

– Əslində, iqtisadi böhranlar zamanı hökumətlər, ilk növbədə, dövlət xərclərini azaldır. Dövlət xərcləri o zaman azalır ki, struktur və institusional islahatlar aparılır. Nazirlər Kabinetinin, idarəetmənin strukturu bir daha dəqiqiləşdirilir, bir-biri təkrar edən, oxşar funksiyalar daşıyan qurumlar birləşdirilir. Beləliklə, dövlət büdcəsinə idarəetmə xərclərindən olan təzyiq azaldılır. İqtisadi böhranın ilk addımı bundan ibarətdir.



Gəlin, konkret danışaq, hansı qurumları nəzərdə tutursunuz?

– Birincisi, Dövlət Gömrük Komitəsi. Bütün dünyada gömrük prosedur orqanıdır, xidmətdir. Hətta əksər ölkələrdə gömrük xidməti adlanır və Vergilər və ya Maliyyə nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərir. Məsələn, Rusiya kimi böyük dövlətdə belə gömrük orqanının statusu xidmət səviyyəsindədir. Əksər dövlətlərdə ABŞ-dan Gürcüstana qədər demək olar ki, bazar iqtisadiyyatı olan bütün sivil dünyada gömrük xidmətdir və əsasən Maliyyə Nazirliyinin tərkibindədir. Əgər prezident idxal və ixracda monopoliya olduğunu deyirsə, deməli, gömrük orqanı ölkənin iqtisadi təhlükəsizliyi ilə bağlı üzərinə düşən funksiyaları yerinə yetirmir. Deməli, inhisarçılara ya özləri şərait yaradır, ya da inhisarçıların qarşısında gücsüzdür. Jurnalistlərin araşdırmalarından, sahibkarların şikayətlərindən anlaşılan odur ki, Azərbaycana iynədən sapa qədər gətirilən materiallar müxtəlif insanların, şirkətlərin inhisarındadır. Düzdür, ötən ilin sonunda brokerlərin gömrükdən çıxarılması barədə msbət siqnal almışdıq, amma mən böhran dövründə Gömrük Komitəsini indiki statusunda saxlamağın ziyanlı olduğunu düşünürəm. Ümumiyyətlə, komitə ləğv olunmalı və departament şəklində Vergilər Nazirliyinə daxil edilməlidir. Çünki idxaldan olan ödənişlər, hətta əlavə dəyər vergisi və digər rüsumlar da vergi formasındadır. ƏDV-də idxaldan Gömrük Komitəsi yığır, sonradan onu şirkətlər arasında əvəzləşdirməyin problemləri yaranır, bu da şəffaflığa çox mənfi təsir göstərir. Əsas yayınma burda baş verir.



Daha hansı addımlar atılmalıdır?

– Qonşu Gürcüstandan adi bir misal; bu respublikada əmək, sosial, səhiyyə və soial müdafiə fondu bir nazirlikdədir. Bizdə də analoji addım atıla bilər. Məntiqlə Sosial Müdafiə Fondu özünü maliyyələşdirən qurum olmalıdır, amma son 10 ilin statistikasına baxdıqda, dövlət büdcəsindən olan transferlər hər il artır. Orta pensiya təxminən 168 manatdır, indiki informasiya texnologiyaları əsrində hər bir rayonda bu qədər ştat saxlamaq düzgün deyil. 2013-cü ilə qədər olan dövlət proqramında özəl pensiya fondlarının yaradılacağı nəzərdə tutulmuşdu, tədricən dövlətsizləşmə baş verəcək, amma əks proses oldu. Əgər 5 faiz işsizliyin olduğu deyilirsə və 4 milyon 700 min nəfər iqtisadi baxımdan fəaldırsa, işsizliyi çıxsaq, niyə Dövlət Sosal Müdafiə Fondunda 2 milyon 300 min adam qeydiyyatdadır? Bu sual açıq qalır. Lap qeydiyyatdadırsa və fonda 25 faiz vəsait ödəyirsə, orta aylıq əməkhaqqının 50 faiz miqdarında pensiya verə bilərik. Bu mənada “orta pensiya niyə azdır” sualına cavab verilməlidir. Hesab edirəm ki, Dövlət Sosal Müdafiə Fondunun indiki vəziyyətdə saxlanılması doğru deyil və bir çox ölkədə ayrıca belə bir qurum yoxdur, bəzi ölkələrdə isə Maliyyə Nazirliyinin tərkibindədir.



Siz iş yerləri məsələsinə toxundunuz. İlham Əliyev də bəzi hallarda süni iş yerlərinin yaradıldığını deyib. Siz və həmkarlarınız zamanında 600 min iş yerinin açıması barədə informasiyalara şübhəylə yanaşırdınız. Bu baxımdan dövlət başçısının fikirlərini necə şərh edərdiniz?

– Bu, özünü daha çox təsərrüfat xidməti ilə məşğul olan dövlət şirkətlərində göstərir. Ən çox SOCAR-da, müxtəlif departamentlər və idarələr, hansı ki, şirkətdə idarəedənlər neft çıxardanlardan daha çoxdur. Xarici ölkələrin neft şirkətlərinə baxdıqda, görürük ki, qat-qat az olan idarəedicilərlə daha çox məhsul istehsal edir və əməliyyatlar apara bilirlər. Yaxud ayrı-ayrı dövlət idarələrinin tərkibində MMC-lər yaradılır, məqsədləri müxtəlif tenderləri udmaqdır. Adi bir misal, ölkədə sadələşdirilmiş vergi ödəyicisi 145 milyon manat proqnozlaşdırılır, ancaq həmin nazirlik və komitələrin yaratdığı MMC-lər üzrə bu rəqəm 300 milyondur. Bu, dövlətin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Hesab edirəm ki, nazirlik və komitələrin tərkibindəki MMC-lər ləğv olunmalıdır. Çünki bu, Ümumdünya Ticarət Təşkilatının qanunvericiliyinə ziddir və normal iqtisadiyyatda belə şey ola bilməz.



Amma Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv deyil…

– Hər halda təşkilatla aparılan danışıqlarda bu məsələlər qoyulur. Çox yaxşı haldır ki, lisenziyalar ləğv olundu və başqa quruma verildi, bu da Ümumdünya Ticarət Təşkilatının tələbi idi.



Nazim müəllim, maliyyə naziri Samir Şərifovun “2016-cı il və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalıdır” fikrini necə şərh edərdiniz?

– Müsbət siqnal kimi qiymətləndirirəm. Bu o deməkdir ki, Dövlət Neft Fondundan asılı olmayaraq ölkənin cari xərclərini və gəlirlərini balanslaşdırmaq lazımdır. Hələ 2009-cu ildən bəri prezident deyirdi ki, ölkənin cari xərclərini iqtisadi fəaliyyətdən götürməliyik. Cənab Şərifovun fikrini normal qarşılayıram, amma hər şey islahatlardan asılıdır. Eyni zamanda, kadr islahatları vacibdir, sadəcə, köhnəlmiş kabinetlə bunu aparmaq mümkün deyil.



Demək istəyirsiniz ki, hazırki Nazirlər Kabineti istefaya göndərilməlidir?

– Məsələnin bu cür qoyulmasını istəməzdim. Ancaq müqayisə üçün deyim ki, Azərbaycan Nazirlər Kabineti 40-dan çox strukturdan ibarət olaraq bölgədə ən böyük hökumət sayılır. Normal ölkələrdə bir baş nazir və 2 müavin olur, sonuncular həm də nazirdir, ümumilikdə, 17-18 nazirlik olur. Sivil ölkələrdə, hətta postsovet məkanında və Şərqi Avropa ölkələrində hökumətin strukturu bu cürdür. Əslində, yeni iş yerləri şişirdilmiş dövlət aparatının hesabına aparılır. Ona görə də Nazirlər Kabineti istefaya göndərilməməli, tərkibi və strukturu dəyişdirilməlidir.



Yaxın 3 ayda hansı addımlar atılmalıdır ki, xalq böhranın ağrısını az hiss etsin?

– Birinci, ciddi şəkildə sahibkarlığa dəstək verilməlidir. Bu dəstək yalnız deklarativ şəkildə qanunvericilikdəki dəyişiklikdən keçmir. Əgər sahibkarın ucuz maliyyə resurslarına çıxışı yoxdursa, o, 15-20 faizlə müflis olur. Ona görə hökumət Mərkəzi Bankla danışıq aparıb vəsaitləri real iqtisadiyyata yönəltməlidir. Yəni Mərkəzi Bank rezervlərini kommersiya banklarına uçot faiz dərəcəsində verərək, batan kreditləri reskrutizisaya etməlidir. Belə deyək, faiz dərəcələrini ciddi şəkildə aşağı salmalıdır. Bununla iş adamlarının hökumətə etibarı və etimadı daha çox yüksələr. İkinci, yuxarıda dediyim kimi, təcili struktur və kadr islahatları aparılmalıdır, Nazirlər Kabineti ən azı 80 faiz dəyişməlidir. Bunlarla paralel məmuru biznesdən ayırmaq lazımdır. Eyni zamanda, büdcədən maliyyələşən təşkilatların maaşları artırılmalıdır. Əks təqdirdə, vəziyyət getdikcə, pisləşəcək.

Ana səhifəXəbərlərNazim Məmmədov: ”Məmuru biznesdən ayırmaq lazımdır”