”“Üzən məzənnə” makroiqtisadi və struktur problemlərinin həllini tələb edir”
“Hazırda tam “üzən məzənnə”yə keçidlə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik”.
“Report” yazır ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, hansısa məmurun pulları yığıb saxlaması ilə bağlı yayılan fikirlər doğru deyil:
“Tam “üzən məzənnə”yə keçid çox sıx makroiqtisadi və struktur problemlərinin həll edilməsini tələb edir. Biz artıq bu ilin əvvəlindən “üzən məzənnə”yə keçmişik. Fevraldan mərkəzi bank öz pulunu hərraca çıxarmır. Amma bazarda tələblə təklif arasında böyük disproporsiya var”.
Elman Rüstəmovun fikirlərini Meydan TV-yə şərh edən sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli deyir ki, hələ neft qiymətləri yüksək olduğu zaman bu barədə təkliflər veribmiş:
“Biz demişdik ki, valyutanın kursu banklararası birjada müəyyən olunmur. Mərkəzi Bankın addımı doğru deyil.
2015-ci ildə iki dəfə devalvasiya qərarından sonra baş bankirin açıqlaması da məzənnənin inzibati yolla müəyyən olunduğunu göstərdi. Buna görə də vətəndaşlar, xüsusilə krediti olanlar heç bir məsuliyyət daşımamalı idi. Əslində, qərar Mərkəzi Bankla hökumətin idisə, kompensasiya verilməli idi”.
Nazim Bəydəmirli deyib ki, “üzən məzənnə” Rusiyadan Azərbaycana keçən ifadədir, ümumiyyətlə, belə anlayış yoxdur, süni düşünülüb. Bu baxımdan kursu bazar müəyyən etməlidir. Bazar iştirakçıları ölkəyə daxil olan valyutanı birjaya çıxarır, idxal edənlər isə tələbatı yerinə yetirmək üçün öz bankları vasitəsilə banklararası birjaya müraciət edirlər. Nəticədə tələb-təklif üzərində kurs müəyyən olunur:
“Bir daha deyirəm, liberal bazar iqtisadiyyatında bir məzənnə olur, onu da banklararası valyuta birjasında bazar müəyyən edir”.