DİN nümayəndələri bunun sıradan bir məsələ olmadığına və jurnalistlərin nədən söhbət getdiyini “anlaya biləcəyinə” işarə edərək, dərin məna ilə “xüsusi haldan” bəhs edirlər
Təxminən bir həftə əvvəl həbs edilmiş Nazim Ağabəyovun taleyi naməlum olaraq qalır.
N.Ağabəyov narkotik saxlamaqda ittiham olunub və DİN-in narkobiznesə qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gəncin doğmaları bildiriblər ki, onu heroin saxlamaqda ittiham edib, iş yerindən tutub aparıblar.
Həmin vaxtdan etibarən internet texnologiyaları sahəsində mütəxəssis olan bu gənc haqqında məlumat yoxdur.
Doğmaları onun harada olduğunu bilmədiklərini və rəsmi məlumat almadıqlarını deyirlər.
Nazimin bacısının həyat yoldaşı – məşhur bloger, Berlində fəaliyyət göstərən “Meydan TV” onlayn-resursun rəhbəri Emin Milli əmindir ki, hakimiyyət Nazimi “Meydan TV” tərəfindən hakimiyyətin ünvanına tənqidlərə görə qisas olaraq həbs edib.
Bu, “Meydan TV”ni şantaj etmək və hakimiyyətin qanunsuzluqlarını ifşa etməkdən əl çəkməyə məcbur etmək üçün edilib, Milli belə hesab edir.
“Turan İA”-ın DİN-dən Nazim Ağabəyovun saxlanılmasının səbəbləri, onun saxlanıldığı yer və cinayət işi açılıb-açılmaması haqqında suala cavab almaq cəhdləri nəticə vermir. DİN nümayəndələri bunun sıradan bir məsələ olmadığına və jurnalistlərin nədən söhbət getdiyini “anlaya biləcəyinə” işarə edərək, dərin məna ilə “xüsusi haldan” bəhs edirlər.