Tofiq Həsənov işə götürdüyü adamlardan rüşvət almaqda ittiham olunur
2016-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında Penitensiar Xidmətin rəisi olmuş Tofiq Həsənov 10 il azadlıqdan məhrum edilib. Həmçinin onun general-mayor rütbəsindən məhrum edilməsinə də qərar verilib.
Aprelin 3-də Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hakim Hüseyn Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Tofiq Həsənova qarşı Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla, təkrar mənimsəmə) maddələrilə irəli sürülmüş ittihamlara xitam verilib. Mənimsənildiyi iddia edilən vəsaitin ödənildiyi əsas göstərilərək, bu ittihama xitam verilib.
52 nəfərdən rüşvət almaqda təqsirləndirilən Tofiq Həsənova Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) maddəsilə 10 il azadlıqdan məhrumetmə cəzası verilib.
Tofiq Həsənov Penitensiar Xidmətdə çalışan şəxslərdən onlar işə götürülərkən rüşvət almaqda ittiham olunur.
Təqsirləndirilən general məhkəmədə özünü qismən təqsirli bilib. O, məhkəmədə ifadəsində 1995-2022-ci illərdə Naxçıvan Ali Məclisinin sədri olmuş Vasif Talıbovun oğlu Seymur Talıbov və Muxtar Respublikanın sabiq Ədliyyə naziri Daşqın Rəhimovun adlarını çəkib. O bildirib ki, Daşqın Rəhimova və Seymur Talıbovun sürücüsünə mütəmadi pullar verirdi.
Tofiq Həsənov bu vəzifəyə 2016-cı il sentyabrın 19-da Naxçıvan MR Ali Məclisinin o vaxtkı sədri Vasif Talıbovun sərəncamıyla təyin olunmuşdu. O, eyni zamanda, Naxçıvan MR Ədliyyə nazirinin müavini idi.
O, 2017-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamıyla general-mayor rütbəsi alıb.
2022-ci ilin noyabrında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının Naxçıvan MR-da keçirdiyi əməliyyatlar nəticəsində həbs olunub.