“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm”
Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət mərkəzində yanğın baş verib, nəticədə 70-ə yaxın sahibkar zərər çəkib. Ötən müddətdə ticarət mərkəzi yenidən tikilib, sahibkarların tam əksəriyyəti yerlə təmin edilib. Zərərçəkmiş sahibkarlardan biri, dərzi kimu fəaliyyət göstərən Samur Akif oğlu Məmmədov isə indiyədək ticarət mərkəzində yer icarəyə götürə bilmir.
Samur Məmmədov Meydan TV-yə deyib ki, şəriki ilə birgə işlətdiyi obyektdə bütün əşyaları yanıb. Mağazalar sığortalı olmadığı üçün onlara kompensasiya ödənilməyib.
“Birmərtəbəli bazarı iki mərtəbə olaraq yenidən bərpa etdilər. Zərərçəkənlərin hamısı obyektlə təmin edildi. Mən şikayət etdiyim üçün yerlə təmin olunmuram. Bazar rəhbərliyi deyir ki, məhz şikayətçi olduğum üçün həmin yerdə işləyə bilmərəm”,- S.Məmmədov deyib.
Onun sözlərinə görə, bazarda yalnız iki nəfər – o və şəriki dərzi kimi işləyib. İcarə ilə bağlı sənədləşmə onun deyil, şərikinin adına aparılıb:
“Həmin vaxtdan indiyə kimi heç bir yerdə obyekt icarəyə götürə bilmirəm. Deyirlər ki, şikayət etməkdə səhv hərəkət etmişəm. Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm”.
Şikayətçi söyləyib ki, bütün aidiyyəti orqanlara müraciət edib, lakin heç bir nəticəsi olmayıb:
“Mən necə dolanacağımı bilmirəm. Dörd min manatdan artıq zərərə düşmüşəm. İllərdir həmin bazarda işləmişəm. İndi isə bir prinsipin qurbanıyam”.
Bazara məxsus olduğu deyilən telefona cavab verən şəxs özünü təqdim etməkdən imtina etsə də, bildirib ki, ticarət mərkəzi şəxsi mülkdür:
“Mən adi əməkdaşam, amma mərkəz şəxsi mülkdür. Sahibkar özü qərar verir”.