Naxçıvana yeni daxili işlər naziri təyin olunub

Fotolar: Meydan TV

Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov oldu

Dekabrın 28-də Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Azər Zeynalovun digər sərəncamı ilə Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad olunub.

Polkovnik Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi olub.

Süleyman Neymətov. Foto: DİN

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən istefa verib.

Bir gün sonra  Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.

Bununla bağlı imzalanan fərmanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməsi qeyd olunub.

İlham Əliyev Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb.

Dekabrın 22-də isə Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.

Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib.

Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “xüsusi külli miqdarda” vəsaiti, muxtar respublikada tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə 212 milyon 361 min manatı mənimsəmədə ittiham olunurdu.

Ona qədər isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov (132 milyon mənimsəmə) və Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev (144 milyon mənimsəmə) barəsində eyni ittihamlar elan olunaraq həbs ediliblər.

Noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Prezident İlham Əliyev müvafiq fərmanı ilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Buna qədər isə – noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilərək yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılmışdı.

Ana səhifəSiyasətNaxçıvana yeni daxili işlər naziri təyin olunub