NATO Gürcüstana da hərbi dəstəyi artıracaq

NATO-Rusiya. Foto: Vitalii Stock/shutterstock

Dəstək alacaq ölkələr sırasında Bosniya və Herseqovina da var

NATO Rusiyanın müdaxiləsi təhlükəsi ilə üzləşən tərəfdaşlarına dəstəyi artıracaq.
Bu ölkələr sırasında Gürcüstan, Bosniya və Herseqovina da var.

Aprelin 6 və 7-də Brüsseldə NATO-nun qərargahında alyans üzvü ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı belə nəticəyə gəlinib.

Toplantıda qərara alınıb ki, Putinin Ukraynaya qarşı səbəbsiz müharibəsinin qlobal nəticələri nəzərə alınsın və Ukraynaya dəstək davam etdirilsin.
Sonda Ukraynaya köməyi gücləndirmək barədə razılığa gəlinib.

NATO-nun baş katibi Yens Stoltenberq görüşdən sonra Rusiyanın Buçada törətdiklərindən danışıb:

“Biz Rusiyanın nəzarətindən azad edilmiş yerlərdə dinc sakinlərin dəhşətli qətllərini gördük. Bu, qəbuledilməzdir”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba əsaslı dəstəyə görə NATO müttəfiqlərinə təşəkkür edib.

“Müttəfiqlər cəsarətli ukraynalılara evlərini və ölkələrini müdafiə etmək və işğalçı qüvvələri geri çəkmək üçün kömək etmək üçün indi, orta və uzunmüddətli perspektivdə çox şey ediblər. Bundan sonra isə daha çox iş görməyə qərarlıdırlar”, – Stoltenberq bildirib.

Yens Stoltenberq, Mənbə: NATO

Müttəfiq ölkələrin xarici işlər nazirlərinin toplantısına Ukrayna, Gürcüstan, Finlandiya, İsveç və Avropa İttifaqından olan həmkarları və NATO-nun Asiya-Sakit okean üzrə tərəfdaşları – Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikasından olan həmkarları da qatılıb.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Asiya-Sakit Okean tərəfdaşları ilə kiber, yeni texnologiyalar, dezinformasiya, dəniz təhlükəsizliyi, iqlim dəyişikliyi və davamlılıq kimi sahələrdə əməkdaşlığı artıracaqlar. “Qlobal çağırışlar qlobal həllər tələb edir”, – deyə o bildirib.

Nazirlər razılaşıblar ki, NATO-nun iyun ayında Madrid Zirvə toplantısında yekunlaşacaq növbəti Strateji Konsepsiyası NATO-nun Rusiya ilə gələcək münasibətlərini və Çinin Müttəfiqlərin təhlükəsizliyinə artan təsirini nəzərə alsın.

ABŞ dövlət katibi Entoni Blinken isə Brüsseldəki toplantıda deyib ki, Vaşinqton Rusiyaya qarşı döyüşən Ukraynaya daha çox silah göndərəcək.

O bildirib ki, ABŞ hazırda Ukraynaya hansı yeni silahların göndəriləcəyini müzakirə edir: “Daha çox indi Ukraynanın yanında olmaq lazımdır. Buçada törədilən qətliamı gördük. Məncə, Rusiya qüvvələri Ukraynanın başqa yerlərində də oxşar vəhşilik törədib. Çünki hazırda Rusiyanın işğalında qalan şəhərlər var”.

D.Kuleba. Foto:Photographer RM/shutterstock

Ukraynanın xarici işlər naziri Dimitri Kuleba aprelin 7-də NATO-ya müraciət etmişdi. Bildirmişdi ki, Rusiya qüvvələrini yenidən ölkənin cənub-şərqində qruplaşdırıb.

Odur ki, Kiyevin daha çox silaha ehtiyacı yaranıb: “Putini yerində oturtmağın və Rusiya ordusunu məğlub etməyin ən yaxşı yolu Ukraynanın lazımi silahlarla təchiz edilməsidir. Biz NATO ölkələrindən daha çox silah gözləyirik. Bu, mümkün qədər tez olmalıdır”.

Ukrayna tərəfi Rusiya qüvvələrinin təkcə Buçada 300-dən çox adamı öldürdüyünü, onlardan təxminən 50-nin edam olunduğunu deyir.

Moskva isə ittihamları rədd edir. Bildirir ki, bu, Rusiya ordusunu gözdən salmaq üçün uydurulub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu görüntüləri “saxta hücum” adlandırıb.

Ana səhifəDünyaNATO Gürcüstana da hərbi dəstəyi artıracaq