Natiq Kərimovun işinə baxan hakimlər bəlli oldu

Proses yanvarın 23-də başlayacaq

Source:


Proses yanvarın 23-də başlayacaq

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun və eyni ittihamla təqsirləndirilən Azərbaycan İslam Partiyasının sədr müavini İnqilab Əhədovun işinə baxacaq yeni hakimlərin kimliyi bəlli olub.

Azadlıq Radiosunun məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrliyi ilə, Eynulla Vəliyev və İradə Həsənzadədən ibarət hakimlər kollegiyası baxacaq. Proses yanvarın 23-də başlayacaq.

Bundan əvvəl iş hakim Eldar İsmayılovun icraatında idi. Lakin yanvarın 10-da keçirilən məhkəmə iclasında hakim özünə etiraz edib. O bildirib ki, iş materialları ilə tanış olan zaman maraqlı məqamlar üzə çıxıb. Belə ki, cinayət işi ilə tanış olan zaman məlum olub ki, həmin iş üzrə istintaq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılıb. İş üzrə istintaq qrupunun üzvlərindən biri isə oğlu Emil İsmayılzadədir. Bu halda qanunvericilik işə onun sədrliyi ilə baxmağa imkan vermir.

Bundan sonra digər hakimlər Cavid Hüseynov və Əlisultan Osmanov etirazı müzakirə ediblər. Onların qərarına əsasən etiraz təmin edilib.

Natiq Kərimov 2015-ci ilin sonunda Nardaran hadisələrindən az sonra dövlətə xəyanətdə suçlanaraq həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Ana səhifəXəbərlərNatiq Kərimovun işinə baxan hakimlər bəlli oldu