Natiq Kərimovun anket məlumatları dəqiqləşdirilib

Növbəti iclas fevralın 2-nə təyin olunub

Source:


Növbəti iclas fevralın 2-nə təyin olunub

Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun və Azərbaycan İslam Partiyasının keçmiş sədr müavini İnqilab Əhədovun məhkəməsi başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi hazırlıq iclası qapalı keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və növbəti iclas fevralın 2-nə təyin edilib.

Bu iş üzrə məhkəmənin hazırlıq iclası bir müddət əvvəl keçirilib. Həmin vaxt işə baxan hakim Eldar İsmayılov özü-özünə etiraz edərək, bu işə baxa bilməyəcəyini bildirmişdi. Çünki Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Natiq Kərimov və İnqilab Əhmədovun işi üzrə istintaqı aparanlardan biri bu hakimin oğlu Emin İsmayılzadə olub. Qanun bu halda onun işə baxmasını qadağan edir.

Natiq Kərimov 2015-ci ilin dekabrında həbs olunub, 2016-cı il yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək casusluqda suçlanan N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.

İnqilab Əhədov da eyni maddə ilə təqsirləndirilir, amma o, həbsdədir.

Ana səhifəXəbərlərNatiq Kərimovun anket məlumatları dəqiqləşdirilib