Natiq Kərimov: Nardaranda vəziyyət bundan pis ola bilməz (Yenilənir)

“Məlumat var ki, meyitləri Maştağa məscidinə gətiriblər”

Source:


Jurnalist Ramin Deko yazır:

“Nardarandan qayıdıram. Kənd tamamilə mühasirəyə alınıb. Bütün yollar bağlıdı. Nardarana Maştağadan, Bilgəhdən, Zabratdan, Mərdəkandan, Ləhic bağlarından gedən bütün tinlərdə, dalanlarda post qurulub”.  Bu sözləri jurnalist Ramin Deko öz Facebook səhifəsinə yazıb. Onun sözlərinə görə, İmam Hüseyn meydanı tam mühasirədədi: “Kənd panika içindədir. Bir neçə nəfəri həbs ediblər. Artıq 6 gündür ki işıqları kəsiblər. Halbuki camaata noyabrın 30-da günorta saatlarında işıqların veriləcəyi deyilmişdi. Ölənlərlə bağlı isə heç nə dəqiq deyil. Ölənlərin nəşi ailəsinə təhvil verilmədiyi barədə söz-söhbət gəzir. Yəni bu məsələdə heç nə dəqiq deyil”.

———————————————————————————————


Jurnalist İsmayıl Nur yazır:


Nardaran‬da Çevik Polis Alayı və Daxili Qoşunlar evlərə girib axtarışlar aparırlar. Bəzi evlərdən adamları götürüb aparırlar. 3 nəfəri bizim gözümüzün qabağında apardılar. Yaşlı ata və oğlunu. Qonşu evdən isə 63 yaşlı bir kişini. Polislər kənddə çəkiliş aparmağa icazə vermirlər. Giriş hər tərəfdən bağlıdır, girə bilənlərə də işləməyə icazə vermirlər.

———————————————————————————————


Jurnalist Famil Mahmudbəyli yazır:

Hazırda ‪Nardaran‬ kəndində DİN-in xüsusi polis dəstəsi əməliyyata başlayıb. Evlərdə axtarış aparılır və həbs olunanlar var: Əli Hüseynov Mehdi Hüseynov, Atabala Şahbazov.

Kənddə hər tərəfdən giriş-çıxış bağlanıb. Əhali kənddən qırağa buraxılmır. Kənddə fəaliyyət göstərən dükanlarda qalan ərzaqlardı, ancaq çörək maşınları kəndə daxil ola bilir.

Hazırda kəndə qaz, işıq, su, ev telefonlarının verilməsi dayandırılıb.

———————————————————————————————

“Hər tərəfdən polislər, qoşunlar gəlir. Mən maşınla meydana gedirdim, əməliyyatçılar qarşımı kəsdilər ki, xahiş edirik ki, getmə.  Sübh namazından gəliblər. Bir neçə evdə axtarış aparıblar. Sakitliklə qapıları açırlar, girirlər, heç nə tapmırlar. Kəndin o başında kimlərisə tutublar, polislər arxasınca qaçıblar. Belə bir məlumat almışam. Ancaq dəqiq bilmirəm,  nə qədər doğrudur”.

Bu sözləri Meydan TV-yə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. Onun sözlərinə görə,  Nardaranda vəziyyət bundan pis ola bilməz: “Nardaranda 2000-dən yuxarı ev var.  Güman edir ki, bütün evlərdə axtarış aparılmayacaq. Hər yerdə silahlı şəxslər damlarda dayanıblar, ətrafa baxırlar.  Evlərdən silah çıxması barədə məlumat almamışam.  Müraciət etmişəm ki, polislərlə, qoşunlarla təmkinli olun. Hər iki tərəf öz balalarımızdır. Əməliyyat  davam edir. Hüquq-mühafizə orqanları müəllimlərlə, direktorla, bələdiyyə sədri ilə görüşüblər. Onların müşayiəti ilə kənddə axtarış aparırlar”.

Natiq Kərimov Nardaranda silah səslərinin eşidildiyi ilə bağlı yayılan xəbərə də münasibət bildirib: “Ola bilər, silah açılsın. Üç -beş adam yığılan kimi silah atırlar ki,  getsinlər”.  Nardaran ağsaqqalı deyir ki, meyitləri hələ də onlara verməyiblər: “Məlumat var ki, meyitləri Maştağa məscidinə gətiriblər. Özləri ayrı-ayrı yerlərdə qəbir qazdırıblar. Sakitcə dəfn edəcəklər. Ancaq yaxın qohumları əraziyə buraxacaqlar”.

“Həlak olan şəxslər nəyə görə Nardaranda dəfn olunmur” sualına kənd ağsaqqalı “Bizə deyirlər ki, terrorçuları sizə verməməliyik. Onlar deyir ki, həmin adamlar terrorçu olublar” – cavabını verib.

Hazırda kənddə  işıq , telefon, internet yoxdur.

Ana səhifəXəbərlərNatiq Kərimov: Nardaranda vəziyyət bundan pis ola bilməz (Yenilənir)