Səbail Rayon Məhkəməsi Ağsaqqallar Şurası sədrinin barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib
Barəsində həbs-qətimkan tədbiri seçilmiş Nardaran Ağsaqqllar Şurasının sədri Natiq Kərimov ev dustaqlığına buraxılıb.
Bu barədə “Report”a onun vəkili Əyyub Ələkbərov məlumat verib.
Vəkil bildirib ki, yanvarın 19-da Səbail Rayon Məhkəməsi Natiq Kərimovun barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı qərarı ilə əvəzləyib.
Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.
Bununla əlaqədar Natiq Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.