”2020-ci ilədək əhalinin 99,9 faizinin elektrik enerjisindən istifadəsi mümkün olacaq”
“Enerji təhlükəsizliyi tam təmin edilib, digər ölkələrdən enerji asılılığı tamamilə aradan qaldırılıb və artıq özü elektrik enerjisi ixrac edən bir ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlərə çatsa da, əsas hədəflər hələ qarşıdadır”.
Bu barədə energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunduğu məqaləsində deyilir.
Adambaşına düşən enerjinin həcmi arta bilər
Nazirin sözlərinə görə, yeni hədəflərə nail olmaqdan ötrü bir sıra vacib problemlərin qısa zaman ərzində həllinə ehtiyac var: “Məsələn, əgər müqayisə aparsaq görərik ki, elektrik stansiyalarının hər adambaşına düşən qoyuluş istehsal gücü Rusiyada 1,35 kVt, Qazaxıstanda – 1,25 kVt, Avropa İttifaqında – 1,3-3 kVt olduğu halda, Azərbaycanda bu göstərici 0,75 kVt-dır. Deməli, yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sistemin ümumi gücü 10 000 MVt-dan yüksək həddə çatdırılmalıdır. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksələrək, 3600 kVt saatdan artıq olacaqdır.
Digər tərəfdən, ölkədə elektrifikasiya səviyyəsi yüksək olsa da, hələki 100 faiz deyil. İqtisadi inkişaf səviyyəsinə görə Azərbaycandan geridə qalan əksər ölkələr innovativ qanunvericilik və qiymət yanaşmalarından istifadə etməklə, özəl sektoru səfərbər edərək ucqar bölgələrin enerji ilə təminatı üçün optimal yollar tapmışdır. Azərbaycanda da regionların enerjiyə çıxışının tam optimallaşdırılması məqsədilə 6 region üzrə 4 hissədən ibarət “İnkişaf və yenidənqurma proqramı” hazırlanmışdır. Artıq icrasına başlanılmış proqramın birinci hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu da regionlardakı istehlakçıların, ilk növbədə, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvurma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlığının yüksəldilməsinə kömək göstərəcəkdir. Proqramın ikinci hissəsini növbəti 3 il müddətində bütün regional elektrik şəbəkələrinin modernləşməsinə yönələn və “2013-2025-ci illər üzrə Azərbaycan Enerji Sektorunun Baş Planı”nda nəzərdə tutulmuş təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi təşkil edir.Bunun da nəticəsində regionlarda olan istehlakçıların elektrik enerjisi təchizatı tam həllini tapacaqdır”.
“Enerji itkisinə şərait yaradan amillər hələ tam aradan qaldırılmayıb”
N. Əliyev əlavə edib ki, bir neçə il əvvəl regionların lazımı generasiya güclərinə malik olmaması və respublikada elektrik enerjisi istehlakının böyük hissəsinin sənaye mərkəzi Bakının və bütövlükdə Abşeron yarımadasının payına düşməsi itkilərin yüksək olması ilə nəticələnib: “Belə ki, sənaye mərkəzinin tələbatını ödəmək üçün elektrik enerjisi əsas elektrik stansiyalarının yerləşdiyi Qərb və Cənub bölgələrindən yüksək gərginlikli 220, 330, 500kV-luq elektrik verilişi xətləri ilə ötürülürdü ki, bu da təchizatın etibarlığının azalması, itkilərin isə çoxalmasına yol açırdı. Son illər sektorda həyata keçirilən tədbirlər nəticəsində bu problemlər qismən həllini tapsa da, enerji itkisinə şərait yaradan amillər hələ tam aradan qaldırılmayıb. Belə ki, Azərbaycanda enerji itkilərinin əsas səbəblərindən biri böyük elektrik stansiyalarının enerjinin daha çox istehlak olunduğu paytaxt və ətrafından xeyli uzaqda yerləşməsidirsə, digər səbəb elektrik və təbii qazın ötürülməsi prosesində istifadə olunan xətlərin köhnəliyi ilə bağlıdır.Respublikanın enerji sisteminin əsas ötürücü xətlərinin çoxu, yarımstansiyaların böyük əksəriyyəti sovet dövründən qalır və bu da enerji itksinə səbəb olur. Son illərdə bu itkilərin azlması istiqamətində Bakı ətrafında və Sumqayıtda yeni elektrik stansiyaları tikilmiş, elektrik enerjisi istehsalında xammal kimi neft məhsullarından təbii qaza keçilmiş, elektrik verilişi xətlərivə qaz ötürücü boruları yeniləri ilə əvəz olunmuşdur. Görülən çoxsaylı tədbirlər sayəsində itkilər əvvəlki illərlə müqayisədə xeyli azalsa da, problem hələ qalmaqdadır.
Beynəlxalq təcrübə göstərir ki, enerji itkilərinin azalması, enerji satışı üzrə yığım səviyyəsinin artırılması və etibarlığın yüksəldilməsinin ən optimal üsulu özəl sektorun bu sahədə iştirakına şərait yaratmaqdır. Çünki özəl sektorun iştirakı,bu sahəyə vaxtlı-vaxtında investisiya yatırımı ilə yanaşı, daha səmərəli texnologiya və biznes proseslərindən istifadəni, işçi heyətininmotivasiyasını, son nəticədə isə səmərəliliyi, qənaətcilliyi və itkilərin əhəmiyyətli dərəcədə azaldılmasını təmin edir”.
“Tariflər mütəmadi təkmilləşməlidir”
“Son illər enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı xüsusi aktuallıq kəsb etməkdədir. “Avropa İttifaqı-2020” strategiyasından da görünür ki, Avropa İttifaqı ölkələri 2020-ci ilə qədər enerjiyə 20 faiz qənaət etmək, daha az CO2 emissiyası və 20 faiz alternativ və bərpa olunan enerji resurslarından istifadəyə nail olmaq məqsədini qarşıya qoyublar” – Natiq Əliyev qeyd edib.
Nazirin sözlərinə görə, enerjiyə tələbatın azaldılmasında ondan səmərəli istifadə mühüm rol oynayır: “Eyni zamanda, artan təmiz enerji ehtiyatları neft və qaz kimi ənənəvi enerji resurslarından geniş istifadəni də məhdudlaşdırır. Enerji resurslarından səmərəli istifadənin təminatı üçün, ilk növbədə, enerji təchizatı prosesinə iqtisadi təsir tədbirlərinin bazası kimi iqtisadiyyatın bütün sahələrində enerjitutumlu texnoloji proseslər və məhsul növləri üçün enerji resurslarının xüsusi sərfi üzrə dövlət standartları və normaları sisteminin hazırlanması vacibdir”.
N. Əliyev əlavə edib ki, bununla yanaşı, enerji resurslarından səmərəli istifadəni təmin edən dövlət tarif və qiymətlər siyasətinin mütəmadi təkmilləşdirilməsi və enerji resurslarından səmərəli istifadəyə görə onların normativlərdən artıq sərfindən asılı olaraq, qüvvədə olan qiymət və tariflərə müxtəlif faizli əlavələr şəklində ödəmələrin tətbiq edilməsi də böyük əhəmiyyət kəsb edir: “Bu tədbirlər nəticəsində, 2020-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM-in həcminin iki dəfə artmaqla təxminən 13000 ABŞ dolları səviyyəsinə çatması perspektivini nəzərə alaraq, 2020-ci ilədək əhalinin 99,9 faizinin elektrik enerjisindən istifadəsi mümkün olacaq və adambaşına elektrik enerjisinin istehsalı 2018-ci ildə 2500 kVt saata qədər artacaqdır”.
(APA)