"Ölkə necə idarə olunursa, məmur biznesi də o məntiqlə idarə edilir"
Son 5 ildə Azərbaycanda yaradılmış və qısa zamanda paytaxtın hər yerində, bölgələrdə filialları açılmış "Bravo" mağazalarının zərərlə işlədiyi bildirilir.
Bu barədə "Marja" saytı məlumat
yayıb
.
Həmin məlumatda bildirilir ki, “Azərbaycan Supermarket” MMC son 3 ildə zərərlə işləyib. 2018-2020-ci illərdə şirkət 132 milyon 351 min manat zərər edib.
2018-ci ildə şirkətin xalis zərəri 43 milyon 646 min, 2019-cu ildə 41 milyon 776 min, 2020-ci ildə 46 milyon 929 min manat təşkil edib.
Gəlirlərə gəlincə, 2018-2020-ci illərdə “Azərbaycan Supermarket” şirkətinin cəmi gəlirləri 1 milyard 146 miylon 945 min manat olub.
İqtisadçı Natiq Cəfərli deyir ki, şirkət gəlir əldə etmiş ola bilər. Əgər o gəlirdən xərclər çıxanda yerdə xalis mənfəət qalmırsa, bu, ziyanla işlədiyi anlamına gəlir: “Xalis mənfəət gələn gəlirdən bütün xərclər çıxandan sonra yerdə qalan vəsaitə deyilir. Görünür, şirkətin gəliri olub, ancaq mənfəəti olmayıb”.
İqtisadçı bildirib ki, ölkə necə idarə olunursa, məmur biznesi də o məntiqlə idarə edilir: “Məmurlar büdcədən necə oğurlayırlarsa, onların biznesində olan gənc, "canavar" kimi CEO-ları da onlardan oğurlayır, ziyan da belə yaranır. Çünki heç bir məmur şirkəti biznes məntiqi ilə idarə edə bilməz. Bilirsiniz niyə? İstənilən yüksək çinli məmur 1 saniyəyə çəkdiyi imza ilə biznesdə 1 ildə qazana biləcəyindən çox pul qazanır. Belə pul qazanmaq imkanları ilə məmur uğurlu biznesmen ola bilməz. Bu, mümkün deyil”.
"Bravo" Marketlər şəbəkəsindən Meydan TV-nin suallarını cavablandırmaq istəməyiblər. Ancaq şirkətin zərərlə işlədiyi də inkar edilməyib.
"Azərbaycan Supermarket" MMC 2015-ci il fevralın 27-də yaradılıb.
Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Kevin Paul Landıdır.
Azadlıq Radiosunun 2016-cı ildə yayımladığı bir araşdırmasında
bildirilir
ki, "Azərbaycan Supermarket" MMC “Paşa Holdinq” MMC-yə daxil olan çoxsaylı şirkətlərdən biridir.