Natiq Cəfərli: İqtisadi parametrlərə görə Azərbaycan Ermənistandan azı iki-üç dəfə üstün olmalıydı

“Məsələn, dəmiryolunun səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdəymiş”

Source: Foto: Azərtac


Nemət Əliyev: “Bu cür yanlış siyasət davam edərsə, öyündüyümüz göstəriciləri də itirə bilərik”


Prezident İlham Əliyev

in yanvarın 13-də ötən ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə Azərbaycan və Ermənistanı müqayisə etməsi bir sıra suallar yaradıb.

Prezident deyib ki, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar, alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac – Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır. Sərmayə qoyuluşu – keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu – Azərbaycanın xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.

Ölkə başçısı əməkhaqları və pensiyalara dair məlumatlara da yer ayırıb:

“2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat – bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı – onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır. Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır.

İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatından da misallar çəkib:

“Siyasi sabitliyi təmin etməsi – Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir. Məhkəmə azadlığı – Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir. Polis orqanlarına etimad – Azərbaycan 30-cu, Ermənistan 44-cü yerdədir. Yolların keyfiyyəti – Azərbaycan 27-ci, Ermənistan 91-ci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyi – Azərbaycan dünya miqyasında 11-ci, Ermənistan 67-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – Azərbaycan 12-ci, Ermənistan 67-ci yerdədir. İnternet istifadəçilərinin sayına, yəni əhali üzrə payına görə faizlə Azərbaycan 43-cü, Ermənistan 77-ci yerdədir. Əhali arasında rəqəmsal biliklər üzrə Azərbaycan 19-cu, Ermənistan 50-ci yerdədir. Ümumi daxili məhsul (ÜDM), alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan 69-cu, Ermənistan 120-ci yerdədir”.

Meydan TV ölkə başçısının apardığı müqayisə ilə bağlı iqtisadçılara və hüquq müdafiəçilərinə müraciət edib.


“ÜDM-i adambaşına hesablamaq lazımdır”

ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli Azərbaycan və Ermənistan əhalisi arasında 4 dəfəyə qədər fərqin olduğunu xatırladaraq bildirib ki, bu mənada ÜDM rəqəmsal olaraq müqayisə olunması doğru deyil.

“Azərbaycanda ÜDM 45 milyard dollar civarındadırsa, Ermənistanda 14 milyard dollara yaxındır. Amma Azərbaycanın əhalisi Erməmistan əhalisindən 4 dəfə çoxdur. Ona görə ÜDM-nin həcmi nöqteyi-nəzərindən ölkələrin müqayisə doğru deyil. Ancaq adambaşına göstərilən rəqəmlər doğrudur. Azərbaycanda adambaşına düşən ÜDM Ermənistanda adambaşına düşən ÜDM-dən təqribən 200 dollardan bir az çoxdur. Bununla belə Azərbaycanın neft-qaz ölkəsi olduğu da nəzərə alınmalıdır. Yəni Azərbaycanın bu qədər təbii resursları ola-ola ÜDM-də 200-300 fərq olması da ürəkaçan mənzərə deyil”.

İqtisadçı hesab edir ki, neft-qaz amili iqtisadiyyatdan kənara qoyulsa, Azərbaycan Ermənistandan adambaşına düşən ÜDM-də xeyli geridə qalacaq.

Bununla belə, Natiq Cəfərli qeyd edib ki, minimum əmək haqqı və təqaüdlə bağlı prezidentin səsləndirdiyi rəqəmlər də doğrudur, ancaq ötən ilə qədər Azərbaycan bu istiqamətdə Cənubi Qafqaz respublikalarından xeyli arxadaydı.

Natiq Jafarli (2).jpg
Natiq Cəfərli

“Prezidentin minimum əmək haqqı və təqaüdlərin artırılması barədə fərmanından sonra vəziyyət dəyişdi. Hazırda Ermənistanda kompensasiyaların hesablanması prosesi gedir. Son məlumatlara görə yaxın zamanlarda minimum əmək haqqı və təqaüdlərin artımı gözlənilir. Bu yöndə dəyişiklik olacaqsa, Ermənistanda minimum əmək haqqı və təqaüdlər ya Azərbaycanla eyni olacaq, ya da Azərbaycandan önə çıxacaq”.

Natiq Cəfərli bildirdi ki, spesifik xüsusiyyətləri nəzərə almadan, müqayisə aparılması doğru olardı. Onun fikrincə, əslində, müqayisə bütün parametrlər nəzərə alınmaqla aparılmalıdır. Bütün hallarda bu qədər resurs və iqtisadi potensialı olan Azərbaycan Ermənistandan iqtisadi parametrlərə görə azı iki-üç dəfə üstün olmalıydı.

“Prezidentin çıxışında bir maraqlı məqam da Azərbaycanda məcburi köçkünlərə, əlillərə verilən müavinətlər, mənzillər haqda deyilənlərdir. Ermənistan işğalçı dövlətdir, işğal nəticəsində yurdundan didərgin düşənlər üçün Azərbaycan öz daxili resursları hesabına bu işləri görməlidir. Amma Ermənistanda məcburi köçkün problemi olmadığından, bu istiqamətdə müqayisə aparmaq doğru deyil”.


“Azərbaycanın Ermənistandan böyük imkanlara malik olduğunu bilməyən varmı?”

AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev dövlət başçısının istifadə etdiyi rəqəmlərin iki dövlətin potensial imkanlarının müqayisəsinə yönəldiyini düşünür:

“Belə müqayisənin aparılmasına nə ehtiyac var? Məgər, Azərbaycanın Ermənistandan böyük imkanlara malik olduğunu bilməyən varmı? Coğrafiya, əhali sayı, təbii resurslar bu iki ölkə arasında fərqi bariz şəkildə göstərir. Prezident daxili ictimaiyyətə yönələn mesajlarında ifadə edir ki, Dağlıq Qarabağ Azərbaycanındır. Məgər, Dağlıq Qarabağın Azərbaycanın olduğunu bilməyən var? Nə qədər ki, Qarabağı qaytara bilmirik, müəyyən zaman sonra yeni nəsil Qarabağın kimin olması sualına cavab axtaracaq”.

Nemət Əliyev müqayisəni bu şəkildə aparmağı qüsurlu sayır:

“Gərək, müqayisə elə formada aparılsın ki, iki ölkənin hökumətlərinin nailiyyətlərini ortaya qoysun. Məsələn, MDB Statistika Komitəsi 2019-cu ilin yanvar-noyabr aylarına aid rəqəmlərinə görə, Azərbaycanda ötən il 2018-ci ilə nisbətən ÜDM 2,1 faiz artırıb. Məhdud imkanlara, Azərbaycanla müqayisə olunmaz dərəcədə az təbii resurslara malik Ermənistanda isə ÜDM 7,7 faiz artıb. Yaxud Ermənistan ötən ilin 11 aylıq dövründə sənaye məhsulunun həcmini 2018-ci ilə nisbətən 9,3 faiz artırıb, Azərbaycan isə 1,4 faiz. Fərqi gördünüzmü?!” iqtisadçı qeyd edib ki, pərakəndə əmtəə dövriyyəsinə görə, Azərbaycanda artım 3,5, Ermənistanda isə 8,8 faiz olub. O qeyd edib ki, sənaye məhsulunun həcminə görə Ermənistan keçən ilin 11 ayında 500 milyon dollar artım əldə edib, Azərbaycanda isə 2 milyard dollar azalıb.

“Yəni bu qədər geniş təbii resurslara, əhali sayına baxmayaraq Azərbaycan Ermənistandan geri qalır. Bu rəqəmlər iki ölkənin hökumətlərinin fəaliyyətini ortaya qoyur. Amma dövlət başçısı Azərbaycanla Ermənistanın potensial imkanlarını müqayisə edir. Yaxşı olardı, ölkə başçısı daxili bazarda xarici malların xüsusi çəkisinin 39 faizdən 61 faizə yüksəlməsinin səbəblərini açıqlayardı. Son iki ildə Azərbaycana idxal mallarının həcmində 4,6 milyard dollar artım olub. Bunu manata çevirəndə 7,6 milyard manat edir. Məsələ ondadır ki, son iki ildə yerli malların ticarət dövriyyəsində 4 milyard manatlıq itki qeydə alınıb. Beləliklə, yerli sahibkarlıq 11 milyard manatlıq zərərə düşüb”.

Nemət Əliyev
Nemət Əliyev

O hesab edir ki, dövlət başçısı bu problemlərdən danışsa, daha müsbət olardı, nəinki taleyin Azərbaycana verdiyi imkanlardan.

“Həm də müqayisə aparılanda, düzgün metodologiya seçilməlidir. Bu rəqəmləri xatırlatmaqda məqsədim Ermənistanı güclü göstərmək deyil. Sadəcə, Azərbaycanın imkanlarını realizə edə bilməyən hökumətin fəaliyyətini ortaya qoymaqdır. Çox təəssüflər ki, Azərbaycan hökumətinin yeritdiyi siyasət bizi xeyli dərəcədə imkanlardan məhrum edib. Dövlət başçısı orta aylıq əmək haqqından danışır, bəs niyə keçən ilin illik orta aylıq əmək haqqını Ermənistanın 2019-cı il orta aylıq əmək haqqı ilə müqayisə etməyib? Hətta keçən ilin dekabr ayını da nəzərə alsaq, 2019-cu il ərzində Azərbaycandakı orta aylıq əmək haqqı bütün artımlardan sonra yenə də Ermənistandakı orta aylıq əmək haqqından aşağı düşübdür. Sadaladıqlarım Azərbaycanın bütün sahələrdə Ermənistandan geri qaldığını göstərmir, sadəcə, hökumət elə yanlış siyasət aparıb ki, irəli çıxa biləcəyi sahələrdə, geri düşüb. Bu cür yanlış siyasət davam edərsə, öyündüyümüz göstəriciləri də itirə bilərik”.


“Dünya Rəqabətlilik Hesabatı rəsmi statistikanın əsasında hazırlanır”

“Media Hüququ İnstitutu”nun rəhbəri Rəşid Hacılı bildirdi ki, hakimiyyətin siyasi sabitliyi təmin etməsi, internetin səmərəliliyi, məhkəmə azadlığı, polis orqanlarına etimadla bağlı rəqəmlər Davos İqtisadi Forumunun hazırladığı Dünya Rəqabətlilik Hesabatından götürülüb:

rəşid-hacılı.jpg
Rəşid Hacılı

“Bu gülməli rəqəmlərin arxasında Davos Forumunun hesabatı dayanır. Məsələn, dəmiryolunun səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdəymiş. Deməli, bu sənədin özəyi əslində Davos İqtisadi Forumu tərəfindən birbaşa yox, onun yerli partnyorları tərəfindən hazırlanıb. Azərbaycanda bu təşkilat Azərbaycan Marketinqlər cəmiyyətidir. Rəqəmlər də Azərbaycan Statistika Komitəsinin və dövlət qurumlarının hazırladıqları olur. Beynəlxalq təşkilatlar da iqtisadi hesabatlar hazırlayanda rəsmi rəqəmlərdən istifadə edirlər. Amma çoxlu indekslər var ki, onları rəy sorğuları ilə müəyyən edirlər. Bu hesabatda da əsas göstəriciləri belə müəyyən ediblər. 78 sual hazırlayıblar, çox güman ki, Azərbaycanda biznes müəssisələri, ekspert, QHT, media və sairə saydıqları qurumlardan bu suallara cavab vermələrini istəyiblər. Məsələn, sualın biri belə ola bilər: sizcə polis effektivdirmi? Yaxud məhkəmələr kimdənsə asılıdırmı? 10 ballıq cavab, 1 yox deməkdir, 10 tam azad. Nəticəni toplayıb indeksi əlavə edirlər. Elə rəqəmlər də var ki, onu birbaşa beynəlxalq hesabatdan götürürlər. Məsələn, media azadlığı”.

Rəşid Hacılı hesab edir ki, Azərbaycanda bu sorğunu kimin aparmasından asılı olmayaraq biznesmen hökumətə xoş gəlməyən rəy verən deyil, başqaları da elə cür:

“Məsələ ondadır ki, Ermənistanda sorğular zamanı düşündüklərini söyləməyə qorxmurlar. Nəticədə belə çıxır ki, azərbaycanlılar məhkəmənin azad olduğuna inanırlar, Ermənistan vətəndaşarı isə öz məhkəmələrinə tənqidi yanaşırlar. Əslində, Ermənistanda məhkəmələr nisbətən daha azaddır. Məlum hesabatda Gürcüstanda vəziyyət guya daha pisdir. İndi təsvvür edin də. Yəni o hesabatdakılar bir qrup bəlli olmayan şəxsin rəyidir və üstəgəl saxta olan rəsmi rəqəmlər”.

Ana səhifəİqtisadiyyatNatiq Cəfərli: İqtisadi parametrlərə görə Azərbaycan Ermənistandan azı iki-üç dəfə üstün olmalıydı