Natiq Cəfərli Fuad Ələsgərova cavab verdi

“Rəsmilər QHT-lərdə korrupsiya axtarırsa, təmir-tikintilərlə də maraqlansınlar”

Source:


“Rəsmilər QHT-lərdə korrupsiya axtarırsa, təmir-tikintilərlə də maraqlansınlar”

“Bu gün bir çox dövlət və hökumət məmurları, deputatlar QHT sektorunda korrupsiyadan, yeyintilərdən danışıblar. Afərin, düz edirlər, amma, anlamırlar ki, QHT-lər Avropa və ABŞ vergi ödəyicilərinin hesabına formalaşan vəsaitlərlə maliyyələşdirilir”.

Bu barədə REAL Hərəkatının icraçı direktoru Natiq Cəfərli “Turan İA”-a bildirib.

Noyabrın 19-da Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov rəsmi “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, vətəndaş cəmiyyəti iştirakçılarının, qeyri-hökumət təşkilatlarının fəaliyyəti “tam şəffaf deyil və burada korrupsiya, çirkli pulların yuyulması hallarına rast gəlinir”. Şöbə müdiri Qərb və ABŞ donorları tərəfindən maliyyələşdirilən çoxsaylı layihələri sadalayıb.

“Hesab edirik ki, bu cür fəaliyyət yolverilməzdir. Demokratiyanın daha da gücləndirilməsini tələb etmək və bununla bərabər, demokratik cəmiyyətin institutlarına antikonstitusion mübarizə üsullarını aşılamaq siyasi riyakarlıq olmaqla yanaşı, vətəndaş cəmiyyəti konsepsiyasının mahiyyətini də sarsıtmaq deməkdir”, – deyə o qeyd edib.

Fuad Ələsgərov həmçinin deyib ki, Azərbaycan dövləti kifayət qədər maliyyə resurslarına malikdir və vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələrinin inkişafı məqsədi ilə dövlət büdcəsindən iri həcmdə vəsaitlər ayrılır.

Natiq Cəfərli isə sual edir ki, xərclər qeyri-şəffafdırsa, əlavə xərclərə, hətta, yeyintilərə yol verilibsə, bu donorla QHT arasında olan problemdir, dövlətin nə işi var bu məsələyə qarışsın?

“Əgər QHT Azərbaycan büdcəsindən, dövlət vəsaitləri hesabına maliyyələşirsə, problem deyil, xərclərin düzgün olub-olmamağını yoxlaya bilərlər, yoxlamalıdırlar da, xarici donorlardan maliyyələşən QHT-lərlə bağlı dövlət yalnız vergi məsələlərinə müdaxilə edə, vergi ödəmələrini yoxlaya bilər”,- deyə REAL-ın icraçı katibi qeyd edib.

Onun fikrincə, məmurlar və deputatlar korrupsiya və yeyintilərin olmağında belə maraqlıdırlarsa hər il təmir-tikintiyə ayrılan milyardlarla manat vəsaitin aqibəti ilə maraqlansınlar, nazirlik və dövlət komitələrində olan yeyintiləri aşkarlasınlar.

“Bu, dövlətimizin birbaşa vəzifəsi və borcudur! Yoxsa xaricdən maliyyə vəsaiti alıb, tutalım, onun bir hissəsini müqaviləyə uyğun olmadan xərcləyibsə, qoy bunun dərdini Avropa və ABŞ dövlətləri, fondları çəksinlər ki, onların vergi ödəyicilərinin hesabına formalaşan fondları azərbaycanlılar “basıb-yeyiblər”. Nə isə, sadə məntiq bunu deyir, ayıbdır, ildə cəmi 2-3 milyon dollarlıq dövriyyəsi olan QHT sektoruna belə hücum etmək məntiqsizlikdir, orta və uzun vədədə dövlətimizin özünə ciddi ziyan vuracaq. Çünki, vətəndaş cəmiyyəti məhdudlaşdırılanda mütləq radikal qrupların sayı və nüfuzu artır, bunu tarix dəfələrlə sübut edib”, – Natiq Cəfərli belə deyib.

İqtisadçı eyni zamanda qrantların dövlətin daxili işlərinə qarışmaq, siyasi təsirlər yaratmaqda istifadəsi ilə bağlı ittihamlara cavabda bildirib ki, Azərbaycanda demokratiya və insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədi ilə maliyyələşdirilən layihələr dövlətin daxili işlərinə, siyasi proseslərə təsir etmək deyil, Azərbaycanın qoşulduğu konvensiyalara, beynəlxalq dəyərlərə və hüquqa hörmətdir.

“Azərbaycan dövləti və Heydər Əliyev Fondu da Pakistana, Fələstinə və başqa ölkələrə qrantlar ayırır, məktəblər tikir, Luvrda muzey təmir etdirir, Vatikanda restavrasiyaya vəsait ayırır. Ümumbəşəri dəyərlər baxımından bu da müsbət addımdır. Azərbaycan rəsmilərinin məntiqi ilə yanaşsaq, deyə bilərik ki, Fransa və Vatikanın kifayət qədər maliyyəsi var. Elə isə Azərbaycan bu layihələrə niyə qrant ayırır?”, – deyə o qeyd edib.

Ana səhifəXəbərlərNatiq Cəfərli Fuad Ələsgərova cavab verdi