”İqtisadi artım hökumətin fəaliyyətindən asılı olacaq”
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb.
“APA-Economics” xəbər verir ki, agentliyin analitikləri 2016-2018-ci illərdə manatın dollara nisbətən məzənnəsinin 1,55-1,7 səviyyəsində dəyişəcəyini proqnozlaşdırır.
Azərbaycan Mərkəzi Bankı (AMB) bugünə dolların məzənnəsini 1,7369 səviyyəsində müəyyən edib ki, bu da ötən günlə müqayisədə dolların 0,17 faiz möhkəmlənməsindən xəbər verir.
Ötən gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7339 məzənnəsi ilə başlayıb və 1,7369 məzənnəsi ilə yekunlaşıb.
İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, agentliyin açıqlamasında iqtisadi yüksəlişin göstərilən tempdə olacağı təqdirdə manatın məzənnəsinin 1,55-1,7 səviyyəsində dəyişəcəyini proqnozlaşdırılır:
“Bu, çox vacib detaldır. “Fitch” rəsmi məlumatlara əsasən, 2 faizə yaxın artım olacağını proqnozlaşdırıb. Əgər bu artım templəri özünü doğrultmasa, “Fitch”in proqnozu gerçəkləşməyəcək. Bunlar bir-birilə bağlı məsələlərdir”.
İqtisadçı hökumətin iqtisadi artım barədə açıqlamasını proqnozdan başqa bir şey olmadığı qənaətindədir:
“”Fitch” ciddi təşkilatdır, amma Azərbaycanda işləyərkən rəsmi rəqəmlərə istinad etmələri təəssüfləndiricidir. Bu tipli təşkilatlar başqa ölkələrdə araşdırma apararkən rəsmi rəqəmlərdən başqa qeyri-rəsmi hesablamalar aparan institutlara da müraciət edirlər. Azərbaycanda belə institutlar olmadığından yalnız rəsmi mənbələrə istinad edilir.
Ümumiyyətlə, iqtisadi artım hökumətin fəaliyyətindən asılı olacaq. Necə ki, bu il əvvəlcədən bildirmişdi ki, iqtisadi artım 2 faiz olacaq, ancaq Ümumi Daxili Məhsulda 4 faizə yaxın azalma müşahidə olundu”.