Natiq Cəfərli: Azərbaycan sərhədlərin açılması ilə bağlı qərar verməlidir

“Səyahət fürsətləri” (Travel deals) səhifəsi Gürcüstan hökumətinin fevralın 1-dən sərhədlərini açmasının nəticələrini bölüşüb.

Source: Specify Source


Vüqar Bayramov: "Səfərlərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var"

“Azərbaycan hökuməti yaxın günlərdə sərhədlərin açılıb-açılmaması ilə bağlı bir qərar vermək məcburiyyətindədir. Çünki Bakıda ard-arda iki böyük idman yarışının olması planlaşdırılır. Bunlardan biri Avropa Çempionatının qrup mərhələsinin 3 oyununun Bakıda keçirilməsi, digəri Formula 1 yarışıdır”.

İqtisadçı Natiq Cəfərli belə deyir.

O bildirir ki, iyunadək Azərbaycanda sərhədlərin bağlı olmasını ümumi təhlükəsizlik tədbiri kimi başa düşmək olar, çünki sərhədlərini açan ölkələrdə virusa yoluxma sayı artıb: “Bura Türkiyəni misal çəkmək olar. Gürcüstanda da sərhədlər açılandan sonra virusa günlük yoluxanların sayı az da olsa, artıb. Ancaq Azərbaycanda istər-istəməz mayın 15-dən sonra sərhədlərin açılmasına qərar verməlidir. Prezidentin bununla bağlı fərmanı da var. Yarışlar keçirilir, təbii ki, bura gələnlər olacaq. Odur ki, viza verilmə prosesi bərpa edilməlidir”.

Natiq Cəfərli deyir ki, elektron vizaların verilməsinin bərpa edilməsi də yaxın günlərdə həllini tapmalıdır: "İdman yarışlarından sonra prosesin hansı formada davam edəcəyini, sərhədlərin açılıb-açılmayacağını indidən proqnozlaşdırmaq çətindir. Bu, yəqin ki, dünyada və Azərbaycanda olan epidemioloji vəziyyətlə bağlı olacaq. Bəlli olan odur ki, yaxın günlərdə Azərbaycan sərhədlərin açılması ilə bağlı qərar verməlidir”.

İqtisadçı bildirib ki, müəyyən təhlükəsizlik tədbirləri qoyulmaqla ölkəyə turist gəlişi bərpa edilsə, iqtisadi canlanma ola bilər.

Natiq Cəfərli
Natiq Cəfərli

Dövlət Sərhəd Xidmətinin (DSK) məlumatına görə, 2021-ci ilin ilk rübündə Azərbaycana 117,2 min turist gəlib. Bu, əvvəlki illə müqayisədə 4,4 dəfə azdır. Səfər edənlərin çoxu qeyri-turizm məqsədilə gələnlərdir.

DSK bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9, Türkmənistandan – 8,9, Qazaxıstandan – 7,7, Özbəkistandan – 5,2, Rusiya Federasiyasından – 4,1, Ukraynadan – 3,7, Böyük Britaniyadan – 3,6, Belarusdan – 2,1, Türkiyədən – 1,9, İrandan – 1,6 dəfə azalıb.

Deputat, iqtisadçı Vüqar Bayramov isə deyir ki, COVID- 19 pandemiyasının aktiv olduğu dövrlərdə Azərbaycana gələn turistlərin sayının azalması gözlənilən idi.

Onun sözlərinə görə, yeni turizm mövsümünün başlanmasına az zaman qaldığı nəzərə alınsa, Azərbaycana səfərlərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var: “Əgər icazə verilən meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa belə, ölkəmizə daxil ola bilməz. Halbuki test nəticələri neqativ olan əcnəblilərin potensial virus yayıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır”.

Vüqar Bayramov
Vüqar Bayramov

Hazırki qaydalara əsasən, Azərbaycana yalnız akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr gələ bilər.

“Səyahət fürsətləri” (Travel deals) səhifəsi Gürcüstan hökumətinin fevralın 1-dən sərhədlərini açmasının nəticələrini bölüşüb.

Səhifədə qeyd olunub ki, koronavirus əleyhinə peyvənd olunmuş istənilən şəxs məhdudiyyətsiz Gürcüstana səfər edə bilər.

Hazırda 50-ə yaxın ölkə vətəndaşları və rezidentləri neqativ PCR test nəticəsi təqdim etməklə hava yolu ilə Gürcüstana səyahət edə bilər.

Tbilisidən Doha, İstanbul, Dubay, Minsk, Varşava, Münhen, Bakı, Kiyev, Şarja, Daşkənd, Alma-Ata, Berlin, Dehli, Tel-Əviv, Riqa, Şarm-əl-Şeyx, Tehran, Vyana, Amsterdam, Dusseldorf şəhərlərinə uçuşlar həyata keçirilir: “Həmin uçuşları “Qatar Airways”, “Turkish Airlines” (THY), “Pegasus”, “FlyDubai”, “Belavia”, “Georgian Airways”, “Buta Airways”, “Lufthansa”, “Sky-up”, “Airarabia”, “Uzbekistan Airlines”, “Spicejet”, “Arkia”, “Airbaltic”, “AirCairo”, “Qashm Air” kimi 20-ə yaxın müxtəlif aviaşirkətlər gerçəkləşdirir. Qiymətlər isə bir təfədə 35 dollardan başlayır. Batumi Hava Limanından isə 10-a yaxın beynəlxalq istiqamətdə uçuşlar var. Macarıstanın aşağı büdcəli hava şirkəti olan “WizzAir” uzun fasilədən sonra Kutaisi Hava Limanına qayıdır və maya kimi dörd istiqamətə uçuşlara başlayacaq”.

“Səyahət Fürsətləri” bildirir ki, Kutaisi Hava Limanından həmçinin Qazaxıstanın aşağı büdcəli aviaşirkəti olan “FlyArystan” Nur-Sultan, Aktau, Atırau şəhərlərinə uçacaq: “Gürcüstanda fevral ayının 1-ə günlük orta yoluxma 648 idisə, uçuşlar açılandan 75 gün sonra isə 739 olub. Martda isə 300-ün ətrafında idi. Göründüyü kimi, hava sərhədinin açılması yoluxmanın artmasına ciddi təsir etməyib. Əksinə, ölkə iqtisadiyyatı kifayət qədər qazanıb, turizm qismən də olsa, bərpa olunub”.

Gürcüstana hazırda həftəlik uçuş sayı 70-80-dir. Yay ərzində həftəlik uçuşların 200 reysə çatdırılması planlaşdırılır: “Bu, turizmə müsbət təsir edəcək. Hətta məlumat var ki, Gürcüstan sərhəd ölkələri ilə müəyyən şərtlərlə quru yollarını da açmaq niyyətindədir. Azərbaycan isə 1 ildir ki, xarici ölkə vətəndaşlarının turistik səfərlərinə bağlıdır. Neqativ PCR testlə yavaş-yavaş sərhədləri açmaq lazımdır. Xaricə gedib sonra neqativ PCR test təqdim etməklə Azərbaycana qayıdan vətəndaşımızla, xaricdən Azərbaycana neqativ PCR test təqdim etməklə turistik səfərə gələn əcnəbinin elə bir ciddi fərqi yoxdur. Hələlik isə AVRO 2020-nin oyunlarına azarkeş kimi gələn Türkiyə, Birləşmiş Krallıq və İsveçrə vətəndaşları Azərbaycana daxil ola biləcəklər”.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Koronavirusa görə 2020-ci il fevralın 24-də Azərbaycan-İran, martın 14-də Azərbaycan-Türkiyə, 16-da Azərbaycan-Rusiya quru sərhəddi qapanıb. Daha sonra Türkiyə və Gürcüstana hava yolu ilə gediş-gəliş bərpa olunub.

Ana səhifəSosialNatiq Cəfərli: Azərbaycan sərhədlərin açılması ilə bağlı qərar verməlidir