Narkotiklərə qarşı Mübarizə İdarəsində gənc fəala 8 yumruq vurublar

Polis narkotik ittihamı ilə həbs olunan Ömər Məmmədova “niyə siyasətlə məşğul olursan, axı ölkədə hər şey yaxşıdır” sualını verib

Source:


Polis narkotik ittihamı ilə həbs olunan Ömər Məmmədova “niyə siyasətlə məşğul olursan, axı ölkədə hər şey yaxşıdır” sualını verib

Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan 19 yaşlı Facebook fəalı Ömər Məmmədovun işi üzrə proses davam etdirilib.

Vəkil Əlaif Həsənovun “Turan İA”-a verdiyi məlumata görə, iclasda ittiham aktı elan edildikdən sonra şahid qismində DİN-in Narkotiklərə qarşı Mübarizə İdarəsinin iki əməkdaşı – Aqil Əliyev və Xəyal Nəsibov, habelə iki hal şahidi – Elnur Məhərrəmov və Ceyhun Əliyev ifadə veriblər.

Polislər bildiriblər ki, Ömər Məmmədov üzərində narkotik olması haqqında əməliyyat informasiyası əsasən saxlanılıb. Lakin istintaq Ömər Məmmədovda olan bu narkotik vasitələrin mənbəyini müəyyən etməyib. Ömər Məmmədov özü bildirib ki, Narkotiklərə qarşı Mübarizə İdarəsində Ələkbərov soyadlı əməkdaş ondan etirafedici ifadələr almaq məqsədilə qabırğalarına 8 yumruq zərbəsi endirib.

Daha sonra hal şahidləri dinlənilib.

Vəkillər Elnur Məhərrəmovdan indiyədək başqa işlər üzrə hal şahidi olub-olmadığını soruşublar, o, inkaredici cavab verib. Belə olduqda müdafiə tərəfi hakimə Bakı Ağır Cinayətlər Məhkəməsinin, Nəsimi və Nərimanov rayon məhkəmələrinin Məhərrəmovun bu işlər üzrə hal şahidi kimi iştirak etdiyi göstərilən qərarlarını təqdim edib.

Ancaq hakim bu sənədi işə tikməkdən imtina edib ki, bu da vəkil Əlaif Həsənovun fikrincə, görülməmiş qanun pozuntusudur. Ömər Məmmədov bildirib ki, o, saxlanılarkən heç bir hal şahidi iştirak etməyib, onları yalnız Narkotiklərə qarşı Mübarizə İdarəsində görüb, burada onlar hansısa sənədləri imzalayıblar. Bu zaman Məhərrəmov fəala deyib ki, “niyə siyasətlə məşğul olursan, axı ölkədə hər şey yaxşıdır”.

Məhkəmə prosesi mayın 22-də saat 11.00-da davam etdiriləcək.

Ana səhifəXəbərlərNarkotiklərə qarşı Mübarizə İdarəsində gənc fəala 8 yumruq vurublar