Zərərçəkən: ”Orada çox ağır dərmanlar verirlər”
Respublika Narkoloji Mərkəzdə martın 2-də baş vermiş yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.
Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən prosesdə iki zərərçəkmiş dindirilib.
Səbuhi Əzizov bildirib ki, yanğın nəticəsində qardaşı oğlu həlak olub. Zərərçəkmişin sözlərinə görə, qardaşı oğlunun həkimi yanğın hadisəsindən sonra həbs edilən Azad Ələkbərov olub.
Daha sonra zərərçəkmiş Əkbər Sahibzadə ifadə verib. O bildirib ki, yanğın zamanı mərkəzdə olub: “Yatmışdıq, səhərə yaxın idi, mühafizəçi qapını döydü, oyandım. Tez durub sürünü-sürünə çıxdım. Hər yer tüstü idi. Mən çıxandan sonra Fövqəladə Hallar Nazirliyinin işçiləri gəldi”.
Ə.Sahibzadə deyib ki, orada saxlanılan xəstələrə güclü dərmanlar verilir. Xəstələrin bir çoxu həmin dərmanların təsirinə görə oyana bilməyiblər: “Ağır dərmanların təsirindən oyana bilməyənlər qaldılar, ona görə yandılar”.
Məhkəmə prosesi sentyabrın 18-də davam edəcək.
Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə almış Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur. Əvvəlcə o, həbs olunub. Daha sonra Mərkəzin sabiq direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Başqa bir şöbə müdiri Afət Məmmədova isə həbs olunmasa da, onun da barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.
A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, ürəyindən əməliyyat olunub.