Narkoloji dispanserdə yanğın: Ölənlər var (YENİLƏNİB)

25 nəfərin öldüyü bildirilir

***

"Bu vəziyyətin yaranmasını istəməzdik. Hər kəs kimi, bu durum bizi də məyus edir".

Bu sözləri "Oxu.az"-a Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin təşkilati metodiki işlər üzrə direktor müavini Aytən Səmədova yanğın haqqında danışarkən deyib.

O bildirib ki, hadisə baş verən zaman dispanserdə 200 nəfərə yaxın xəstə və 14 nəfər işçi olub:

“Burada xəstələr adekvat olmadıqları, psixi və davranış qaydaları pozğunluğu olması səbəbindən qapalı şəraitdə, xüsusi nəzarət altında saxlanılır. Çünki onların adi xəstələr kimi saxlanılması mümkün deyil.

Ola bilər ki, ölən və xəsarət alanların sayının artma səbəbi kimi saxlanma şəraiti göstərilsin. Bu, düzgün deyil. Hadisə baş verən an özüm orada deyildim, sonradan gəldim. İşçilərimiz mənə dedi ki, tüstüdən göz-gözü görmürdü. Hazırda otaqlarımız tüstüyə bürünüb.

Yanğın baş verən zaman xəstəxanada 200 nəfərə yaxın xəstə və 14 nəfər işçi olub. İşçilərimiz xilasetmə işlərində şəxsən iştirak ediblər. Təbii ki, bu cür hallar bizi üzür. Niyə belə olduğunu isə bilmirik. Hər zaman belə halların qarşısının alınması ilə bağlı müəyyən tədbirlər görürdük. Dispanser adından ölənlərin yaxınlarına başsağlığı verir, xilas olanlara şəfa diləyirik”.

***

Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov təyin edilib. Komissiyanın tərkibinə daxili işlər, fövqəladə hallar, səhiyyə, maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçıları daxildir.

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək, yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək, Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etmək, görülmüş işlər haqqında mütəmadi məlumat vermək tapşırılıb.

Sərəncama əsasən Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün istintaq tədbirlərini həyata keçirəcək.

***

Rusiya prezidenti Vladimir Putin Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

***

"BakuPost" xəbər verir ki, ölkənin online media qurumları yalnız hadisə barədə məlumatlar tirajlasa da, sosial şəbəkələrdə əsasən bu hadisə müzakirə olunsa da, TV-lər proqramlarından heç bir dəyişiklik etməyib. Hətta məsələ ilə bağlı xəbər xarakterli məlumat belə yayımlamayıblar.

"BakuPost"-un əməkdaşı belə bir məqamda televiziyaların kiçik monitorinqini aparıb.

Məlum olub ki, AzTV-də "Parisə sənəd” adlı film nümayiş olunur.

İTV-də "Sağlam yaşamaq” verilişi verilir.

ATV-də isə "Cavan” verilişi yayımlanır.

Xəzər TV-də isə bir neçə dəqiqə əvvələ kimi "Nuş olsun” verilişi efirdə olub.

Veriliş canlı yayımlansa da, musiqi seçimlərində heç bir dəyişiklik edilməyib, ritmik musiqilər səsləndirilib.

Hazırda isə "Xəzər Xəbər” efirə verilir.

CBC Azərbaycan-da hazırda xəbərlər buraxılışı yayımlanır.

Space-də "Ögey ana”, Lider TV-də isə hazırda "Səda” informasiya buraxılışı efirdədir.

***

foto Azərtac

foto Azərtac

APA xəbər verir ki, hadisə yerinə Azərbaycan prezidenti İlham Əliyev də gəlib. 

***

Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən, xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərdən artıq adam, o cümlədən yanğın olan korpusda 55 nəfər olub. Onların əksəriyyəti vaxtında təxliyə olunub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

***

Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin hadisə ilə bağlı yaydıqları birgə rəsmi məlumatda deyilir ki, yanğın 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin bir mərtəbəli korpusunda baş verib.

Korpusda olan 55 nəfərdən 31-i xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin məkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.

***

Martın 2-də səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, saat 08:18-də yanğın tam söndürülüb. Hadisə nəticəsində ölən və yaralananlar var.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 24 nəfərədək şəxs ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidməti hələlik faktı təsdiqləmir. Nazirlikdən verilən məlumata görə, yanğın zamanı xəsarət almış şəxslərdən üçü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib. 

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerinə gəliblər. Ərazi polis nəzarətindədir, hərəkət məhdudlaşdırılıb. Jurnalistlər və xəstə yaxınları dispanserin ərazisinə buraxılmır. Xəstə yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, hadisədən gec xəbər tutublar, hazırda əlaqə saxlaya bilmirlər. 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/t2r0eb

Ən çox baxılan