Narışkinin qəfil Bakı səfəri suallar doğurub

”O, Bakıdan hansısa çərçivədə Ermənistana ya müdaxiləni, ya da müdaxilə etməməyi xahiş edəcək”

Source:
foto Azərtac
foto Azərtac


”O, Bakıdan hansısa çərçivədə Ermənistana ya müdaxiləni, ya da müdaxilə etməməyi xahiş edəcək”

Aprelin 24-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıya gəlib və Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib.

Bu səfər, Ermənistanda bir həftə davam edən etiraz aksiyalarının nəticəsi olaraq ölkənin baş naziri Serj Sarkisyan istefasından bir gün sonra baş tutub.

Rəsmi məlumata görə, söhbət zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir.

“O, İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik etdi, bunu Azərbaycan xalqının böyük etimadı kimi dəyərləndirərək seçkilərin nəticələrini həm də Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirdi. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev həm Azərbaycanda, həm də Rusiyada keçirilən son prezident seçkilərinə toxunaraq qeyd etdi ki, bütün bunlar Rusiya və Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətə xalqlarımızın verdiyi dəstəyin nümayişidir”.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Azərbaycanın Rusiyada 1992-93-cü illərdə səfiri olmuş Hikmət Hacızadə Meydan TV-yə deyib ki, Narışkinin səfərinin əvvəlcədən də planlaşdırıldığını düşünmək olar. Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunubsa, deməli, Ermənistdandakı 23 aprel olayları, Sarkisyanın istefası və xüsusilə Dağlıq Qarabağla bağlı söhbət ediblər. Amma rəsmi informasiya əhatəli olmadığından yalnız ehtimallarla danışmaq olar.

Siyasi icmalçı İlqar Vəlizadə Sergey Narışkinin Bakı səfəri ilə Yerevandakı hadisələrlə birbaşa əlaqə görmür:

“Səfərin hadisələrlə üst-üstə düşməsi şəksizdir, amma Narışkinin Bakı səfərini daha geniş siyasi kontekstdə izah etmək olar. Məsələn, NATO yüksək çinlisi ilə Rusiya baş qərargah rəisi bir neçə gün əvvəl Bakıda görüşüb:

İlqar Vəlizadə
İlqar Vəlizadə

“Rusiya və qərbin təhlükəsizlik müzakirələrini Bakıda mütəmadi keçirməsi adi hal alıb. Məncə, təhlükəsizlik məsələsi daha çox diqqət çəklir, nəinki Ermənistandakı hadisələr. Onsuz da Ermənistanda Rusiyanın kifayət qədər dayaqları var, ona görə səfərin ordakı hadisələrlə birbaşa bağlılığını görmürəm”.

Mühacirətdə yaşayan siyasi mühacir Rauf Mirqədirov xatırladıb ki, 11 aprel növbədənkənar seçkilərindən fərqli olaraq Rusiya rəsmiləri əvvəlki illərdə seçki ərəfəsi Bakıya gəlib hakimiyyətə dəstəklərini nümayiş etdirirdilər. Bu ilki seçkilərdə hakimiyyət üçün təhlükəli bir şey olmadı və nəticələrlə bağlı ciddi etiraz yaranmadığından hakimiyyət özünü kifayət qədər rahat hiss edir. Ona görə Sergey Narışkinin səfəri Azərbaycandakı daxili vəziyyətlə bağlı ola bilməz. Yeni hökumət formalaşdığından rəsmi Bakının xarici siyasi fəallığı o qədər də yüksək deyil və beynəlxalq aləmdə də Azərbaycandan ciddi asılı olan hadisə də baş vermir. Bu mənada Narışkinin Bakı səfərini Ermənistandakı hadisələrlə əlaqələndirmək mümkündür.

Rauf Mirqədirovun sözlərinə görə, Rəsmi Bakı Ermənistandakı hadisələrlə bağlı hələlik praqmatik və rasional davranır, yəni vəziyyətdən istifadə etmir.

O xatırladıb ki, əvvəllər hər iki respublikada daxili durum gərginləşəndə, operativ olaraq münaqişə zonasında da toqquşmalar olurdu:

“Bu baxımdan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə razılaşmaq olar ki, Azərbaycan bu dəfə Sarkisyanın xilas olunmasında yardımçı olmadı. Cəbhə xəttində ciddi toqquşmalar olsaydı, Ermənistan cəmiyyəti monolitləşər və daxili qarşıdurmaları arxa plana keçirərdi. Nədənsə, Azərbaycan hakimiyyəti üçün Sarkisyan məqbul tərəf müqabili deyil. Amma səbəbini dəqiq demək olmur”.

Digər tərəfdən ekspertin fikrincə, xarici oyunçular üçün belə variant maraqlı ola bilər:

“Məsələ ondadır ki, aprelin 16-dan Ermənistanda başlayan etiraz hərakatının liderləri ikinci dərəcəli idi, ənənəvi liderlər bəyanatlar versələr də, meydanda deyildilər. Məsələn, Karen Dəmirçiyanın və Vazgen Sarqsyan Koçaryan hakimiyyətinə qarşı müxalifətdə olmuşdular, onları 1999-cu ildə parlamentdə öldürəndən sonra, birincisinin oğlu, ikincisinin qardaşı müxalifətçi oldular. Eyni zamanda, sabiq prezident Petrosyan ənənəvi müxalifət liderlərindən idi. İkinci plan müxalifət liderləri Paşinyan və Səlifyanın onlardan fərqi o idi ki, Qarabağdan deyillər”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

R.Mirqədirov qeyd edib ki, parlamentdəki 9 nəfərdən ibarət “Yelk” (Çıxış) blokunun təmsilçiləri Paşinyan Yerevanda, Səlifyan isə İranda doğulub, ikisi də həbsxana həyatı keçib:

”Amma iqtisadi-siyasi resurslara malik deyillər”.

O hesab edir ki, bu prosesdə maraqlı bir fiqur var:

“Qarabağda doğulan və 2012-ci ilə qədər Yerevanın meri olan Karen Karapetyan, hazırda baş nazirin vəzifəsini icra edir. Karapetyan mer vəzifəsindən istefa verəndən sonra Rusiyanın “Qazprom” şirkətində yüksək vəzifələrdə çalışıb. 2016-cı ildə yenidən baş nazirliyə gətirilsə də, istefaya getməyə məcbur etdilər, çünki Sarkisyan baş nazir olmalıydı. Hazırda parlamentdə meydandakıların etirazların səsini 9 nəfərlik “Yerk” bloku təmsil edir və onlar qərarların qəbuluna ciddi təsir göstərə bilmirlər. Əgər çoxluqda olan Daşnaksütun və Respublikaçılar ortaq məxrəcə gəlib güc strukturları vasitəsilə hadisələri nəzarət altına alsalar, etirazçıların yeni seçki tələbini yerinə yetirməyə bilərlər. Bu baxımdan Sergey Narışkinin Bakı səfəri maraqlıdır. Yəni Azərbaycanın qarışmayıb Ermənistandakı hadisələri öz axarına buraxması təsirdir. Azərbaycan yalnız hərbi əməliyyatlara başlamaqla, müdaxilə edə bilər və bu da, erməni cəmiyyətini bir araya gətirər. Belə olanda, Narışkin Bakıdan hansısa çərçivədə ya müdaxiləni, ya da müdaxilə etməməyi xahiş edəcək”.

Ana səhifəAnalitikaNarışkinin qəfil Bakı səfəri suallar doğurub