Polis əvvəlcədən bu barədə məlumat verməyi tələb edib
Fevralın 22-də axşam polis qüvvələrinin tələbi ilə Nardaranda qeyd olunan “Fatimeyi Zəhra” məclisi dayandırılıb. Bu haqda “Azadlıq” radiosuna kəndin ağsaqqallarından Hacıağa Nuri məlumat verib.
Onun sözlərinə görə, axşam namazından sonra “Nardaran Piri”nin qanuni axundu, Sabunçu və Pirallahı rayonlarının qazisi Musa Qasımovun iştirakı ilə məclis təkşil edilib. Namaz qılınıb, moizə edilib, mərsiyə deyilən zaman polis təmsilçiləri gəlib və məclisin dayandırılmasını tələb ediblər:
“Polis təmsilçiləri bu tələblərinə əsas kimi məclis haqda əvvəlcədən xəbərdarlıq edilməməsini göstəriblər və bundan sonra belə məclislər keçirilən zaman öncədən polisə xəbər verilməsini bildiriblər, bundan sonra məclis iştirakçıları dağılıblar. Hər hansı qarşıdurma olmayıb”.
2015-ci il, noyabrın 26-da polis qüvvələri Nardaranda xüsusi əməliyyat keçirib. Bu əməliyyat nəticəsində 2-si polis, 4-ü mülki şəxs olmaqla 6 nəfər həyatını itirib. Bundan sonra Nardaran kəndində xüsusi rejim tətbiq edilib.
Daha sonra dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Nardaranda abadlıq işlərinin aparılması üçün 12 milyon manat vəsait ayrılıb, bu işlər indi də davam edir.
Eyni zamanda Nardaranda dini durum da nəzarətə götürülüb. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nardaranda bir dini icmanın nəzarətdən keçməsi haqda qərar verib. Qalan bütün məscidlərdə həmin icma rəhbərinin təyin etdiyi nümayəndələr (mütəvəlli) rəhbərlik edəcəklər. Musa Qasımov həm haqqında danışılan icmanın rəhbəri, həm də yuxarıda deyildiyi kimi iki rayonun qazisidir.