“Hökumət dindarlardan ehtiyat edir”
Nardaran sakini Natiq Şahbazovun həyətində silah-sursat tapıldığı deyilir. Məlumatı Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, Natiq Şahbazova məxsus yardımçı təsərrüfata baxış zamanı lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı tüfəng, səs boğucu və 8 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Vəkil Fariz Namazlı deyir ki, N. Şahbazovun atası Atabal Şahbazov 25 noyabr 2015-ci il Nardaran hadisələrindən sonra qanunsuz silah saxlama ittihamı ilə 2,6 il həbs cəzasına məhkum edilib:
“Onun oğlu Əli Şahbazov atasının həbs olunması ilə bağlı məlumat almaq üçün polis bölməsinə gedərkən ona “3 qardaşsınız, atanızın əvəzinə biriniz həbsə girin, onu buraxaq”, – deyiblər. Ə. Şahbazov razılaşıb, amma atasını buraxmayıblar, əvəzində Əli Şahbazova CM-nin 10 maddəsi ilə ağır ittihamlar irəli sürüblər”.
Vəkil bildirir ki, hazırda Elçin Qasımov və 11 nəfərin işi üzrə məhkəmə istintaqı aparılır:
“Digər qardaş Fail Şahbazov Tale Bağırovun və daha 17 nəfərin məhkəməsində aktiv iştirak etdiyinə, 25 noyabr 2015-ci ildə öldürülən 4 sakinin qəbrinin dağıdılmasının fotolarını sosial şəbəkədə paylaşdığına görə həbs olunub. Əvvəlcə ona polisin qanuni tələbinə məhəl qoymamağa görə 30 gün inzibati həbs verilib. Həbs müddətinin bitməsinə az qalmış qanunsuz silah saxlama ittihamı irəli sürülüb və CM-nin 228-ci maddəsi ilə Sabunçu rayon Məhkəməsində cinayət işinə baxılır”.
Vəkil hökumətin dindarlardan ehtiyat etdiyi fikrindədir. Deyir, hər vəchlə aktiv olan dindarları susdurmağa çalışırlar:
“O zaman meşə qardaşlarının işində yalnız təqsirli şəxslər tutuldu. Zaqatala sakinlərinə əziyyət verilmədi, amma Nardaranda insanları güllə-boran etməklə ürəkləri soyumayan BMCMİ Nardarandan 200-dən çox insanı həbs etdi”.