Nardaran məhbusu ”kars”a salınıb

Onun cəzalanmasının səbəbinə gəlincə, A.Əliyev müəssisədə ehsan vermək istəyib.

Source: google.az


Anar Əliyev məscidə şirniyyat qoyduğu üçün cəzalandırılıb

Nardaran məhbuslarından Anar Əliyev saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində cərimə kamerasına (kars) salınıb. Bu barədə Meydan TV-yə müəssisədəki məhbuslardan birinin yaxınları məlumat verib. Bildirilir ki, A.Əliyev iki gündür "kars"dadır.

Onun cəzalanmasının səbəbinə gəlincə, A.Əliyev müəssisədə ehsan vermək istəyib. Bu məqsədlə cəzaçəkmə müəssisəsindəki məscidə şirniyyatlar gətirib. Ona rəhbərlikdən icazəsiz belə bir addım atması irad tutulub. A.Əliyev iradı qəbul etməyib, heç bir qayda pozuntusuna yol vermədiyini bildirib.

NİDA Vətəndaş Hərəkatının üzvü, bu ilin martında prezidentin əfv fərmanı ilə azadlığa buraxılan Elgiz Qəhrəman deyir ki, cəzaçəkmə müəssisələrində yazılmamış qanun var: ehsan vermək istəyən məhbus mütləq rəhbərlikdən icazə almalıdır: "Bir yerə çox adam yığılır deyə, qorxurlar. Mehman Hüseynovun anasının ölümü ilə əlaqədar 14 saylı cəzaçəkmə müəssisəsində ehsan verəndə bizim üçün halva bişirən məhbusu rəhbərliyin yanına aparmışdılar. Demişdilər ki, bizə niyə xəbər verməmisən? Onu hətta döymüşdülər də. Sonra mən araya girdim, "karsa" salmadılar".

A.Əliyev 2015-ci il noyabrın 5-də "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanması ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşanlar arasında olub. Buna görə A.Əliyev də daxil olmaqla, onlarla adam həbs olundu. Onlara qarşı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb. Bu cinayət işi üzrə həbs olunanların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Sahil Rzalı, Niftəli Vəliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanovla birlikdə mühakimə olunan A.Əliyevə 5 il 11 ay həbs cəzası verilib.

O, özünü təqsirli bilmir, polislərə müqavimət göstərməsi, ictimai qaydanı pozması kimi ittihamları da rədd edir.

Ana səhifəXəbərlərNardaran məhbusu ”kars”a salınıb