Cəzasının çəkilməmiş hissəsindən azad edilən Əbülfəz Bünyadov Nardarana – evinə aparılıb
İyulun 10-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov orada saxlanılan məhbus Əbülfəz Bünyadovla bağlı ərizəyə baxıb. Ərizə “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü, Nardaran əməliyyatında onurğasından güllələnib iflic olan Əbülfəz Bünyadov xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi haqda olub.
Ərizə təmin edilib və Ə.Bünyadov cəzadan azad edilib. Qərar dərhal icra olunub. Ə.Bünyadov Müalicə Müəsissəsindən çıxarılaraq Nardarana – evinə aparılıb.
Ə.Bünyadovun vəkili Fəxrəddin Mehdiyev Meydan TV-yə bildirib ki, Cinayət Məcəlləsinin 76-cı maddəsi şəxsin ağır xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsinə imkan verir. Müdafiəçi bildirir ki, qanunun bu normasına əsaslanaraq, məhkəməyə müraciət etmişdilər:
“Cinayət Məcəlləsinin 76.2 (cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanıb ərizə ilə məhkəməyə müraciət etmişdik. Ərizə təmin olundu”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ə.Bünyadov 15 il azadlıqdan məhrum edilib. Bir ay öncə – iyunun 10-da Ali Məhkəmə də bu hökmü qüvvədə saxlayıb. Məhkəmədə onun durumundan danışan vəkilləri həyatının təhlükə altında olduğunu, bədəninin 80 faizinin işləmədiyini bildirmişdilər: “Ən azı, humanizm baxımından belə vəziyyətdə olan adama elə cəza vermək ədalətsizlikdir”.