Penitensiar Xidmət Taleh Bağırzadə cərimə kamerasına salınmasını hələ təsdiq etməyib
Nardaran hadisələri ilə bağlı həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə və Seymur Aslanov noyabrın 26-da 1 saylı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salınıb.
Bu barədə “Nardaran işi” üzrə hədsdə olan Abbas Hüseynov noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində bildirib.
Onun sözlərinə görə, Taleh Bağırzadə 5 gün müddətinə cərimə kamerasına salınıb.
Vəkil Yalçın İmanov Turan-a bildirib ki, T.Bağırzadənin cərimə kamerasına salınmasına noyabrın 26-da onun Nardaran hadisələrinin ildönümü ilə bağlı azadlıq.info saytında dərc edilən tənqidi məqaləsi səbəb olub.
Polis 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində ikisi polis əməkdsaşı olmaqla, 6 nəfər öldürülüb. Hadisələrdən sonra 70-dən çox adam saxlanılıb. Hazırda onlardan 18 nəfərinin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edir.
Bu gün vəkillər məhkəməyə gəlmədiyindən proses saat 14:00-dək təxirə salınıb.
Penitensiar Xidmət məlumatı hələ təsdiq etməyib.